17 fevral tarixində Sumqayıt Dövlət Universitetində Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı tədbir keçirilib.
Tədbiri SDU-nun rektoru v.i.e, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq qonaqları və tələbələri salamlayıb. Ə.Sadıqov çıxışında tədbirin universitetdə keçirilən silsilə maarifləndirici görüşlər sırasında xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri sağlam, vətənpərvər və yüksək biliklərə malik gənclərin yetişdirilməsidir. Ə.Sadıqov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad olunmasında Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıqdan bəhs edərək vurğulayıb ki, qalib dövlət olaraq Azərbaycanın beynəlxalq nüfuzu artıb və bu reallıq gənclərin üzərinə daha böyük məsuliyyət qoyur.
Əminağa Sadıqov bildirib ki, sağlamlıq bütün uğurların təməlidir və narkomaniya cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Dövlət tərəfindən bu istiqamətdə proqramlar həyata keçirildiyini deyən Ə.Sadıqov qeyd edib ki, hüquq-mühafizə orqanları, səhiyyə müəssisələri, ictimai birliklər və təhsil ocaqları bu mübarizədə birgə fəaliyyət göstərir. O, xüsusilə maarifləndirmənin önəmini vurğulayaraq problemin baş vermədən qarşısının alınmasının daha səmərəli yol olduğunu diqqətə çatdırıb və gəncləri belə zərərli təsirlərdən uzaq durmağa, həmçinin həmyaşıdlarını da bu bəladan çəkindirməyə çağırıb.
Sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov ölkəmizin əldə etdiyi hərbi və siyasi uğurlardan danışaraq Azərbaycanın qalib dövlət kimi beynəlxalq arenada mövqeyinin möhkəmləndiyini bildirib. O qeyd edib ki, dövlət tərəfindən narkomaniya ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir, şəhər səviyyəsində müvafiq komissiya fəaliyyət göstərir və təsdiq olunmuş tədbirlər planı icra olunur. Təhsil müəssisələrində, o cümlədən Sumqayıt Dövlət Universitetində təşkil edilən bu kimi görüşlərin məqsədi gəncləri zərərli vərdişlərdən qorumaqdır.Teymur Səmədov çıxışında Ümumilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun müstəqillik illərində dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığını, bu siyasətin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Narkomaniyanın xroniki xəstəlik olduğunu vurğulayan Teymur Səmədov gəncləri bu təhlükədən uzaq olmağa və ətraflarında maarifləndirici mövqe sərgiləməyə çağırıb.
Tədbirdə həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova, Sumqayıt Narkoloji Dispanserin baş həkimi Vüsal Cabbarov və AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Kamran Mayılov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, hər il ölkəmizdə tonlarla narkotik vasitə qanunsuz dövriyyədən çıxarılır, 2025-ci ildə 6500 cinayət faktı qeydə alınıb və 11 mindən artıq məhkum mövcuddur. Narkomaniyanın yaranma səbəbləri, onun sosial və psixoloji fəsadları barədə ətraflı məlumat verilib, ailə dəyərlərinə vurduğu zərər xüsusi vurğulanıb. Qeyd olunub ki, narkotik vasitələr insanın genofondunda 100 ildən artıq müddət qala bilir. Mütəxəssislər real təcrübələrə və aparılmış araşdırmalara əsaslanan faktları diqqətə çatdıraraq bildiriblər ki, fiziki asılılıq aradan qalxsa belə, psixoloji asılılıq uzun müddət qalır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi bir daha vurğulanıb.



Müzakirə qapadılmışdır.