2026-cı ildə Bakıda təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasına hazırlıq çərçivəsində Prezidentin müvafiq Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir. Bu plana uyğun olaraq, Komitə WUF13-ün yüksək səviyyədə təşkili istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırlıq prosesinə dəstək məqsədilə noyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Forumun əhəmiyyəti, Azərbaycanın şəhərsalma prioritetləri və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq son illərdə ölkədə aparılan şəhərsalma siyasətinin müasir standartlara uyğun şəkildə yeniləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən infrastruktur layihələri və Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkəmizin qlobal şəhərsalma proseslərində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Prorektor həmçinin SDU-da aparılan tədris islahatları, elmi tədqiqat sahəsində əldə olunan nailiyyətlər və universitetin beynəlxalq elmi-akademik məkandakı mövqeyi barədə məlumat verərək vurğulayıb ki, SDU-nun sənaye şəhərində yerləşməsi universitet üçün əməkdaşlıq və tətbiqi tədqiqatlar baxımından xüsusi üstünlüklər yaradır. Daha sonra çıxış edən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin şöbə müdiri Hüseyn Əliyev Azərbaycanın dünya miqyaslı şəhərsalma forumuna ev sahibliyi etməsinin strateji əhəmiyyətini qeyd edib. O, bildirib ki, WUF13 ölkədə urbanizasiya proseslərinin müasir yanaşmalar əsasında inkişaf etdirilməsi, yeni şəhərsalma modellərinin tətbiqi və beynəlxalq təcrübənin yerli mühitə gətirilməsi üçün geniş imkanlar açır. Çıxış zamanı Sumqayıt şəhərinin sosial-iqtisadi inkişaf meyillərinə də toxunulub və vurğulanıb ki, şəhərdə aparılan yenilənmə və modernləşmə prosesi urbanizasiya baxımından yeni perspektivlər yaradır.
Tədbirin sonunda şəhərsalma, urbanizasiya və sosial-iqtisadi inkişaf mövzularında fikir mübadiləsi aparılıb, gələcək layihələr üzrə təkliflər səsləndirilib.
Sumqayıt Dövlət Universitetində WUF13-ə həsr olunmuş tədbir keçirilib
•
165


Müzakirə qapadılmışdır.