Yanvarın 16-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası şuranın sədri, SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq şura üzvlərini salamlayıb. O, universitetin 2025-ci il ərzində əldə etdiyi ən mühüm uğur və nailiyyətlərini diqqətə çatdırıb, qarşıda duran prioritet vəzifələrdən, publik hüquqi şəxs statusunun universitetin fəaliyyətinə gətirdiyi yeni məsuliyyət və imkanlardan bəhs edib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə insan kapitalının inkişafında elm və təhsilin strateji əhəmiyyətinə dair səsləndirdiyi mühüm fikirlərə toxunub. Əminağa Sadıqov vurğulayıb ki, müasir dövrün çağırışları universitetlər qarşısında yeni tələblər qoyur və SDU bu çağırışlara çevik, innovativ və məqsədyönlü fəaliyyəti ilə cavab verməlidir.
Sonra Elmi katib, professor Muxtar Səmədov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Gündəlik səsə qoyularaq təsdiq edilib.
Birinci məsələ Sumqayıt Dövlət Universitetinin 2025-ci il üzrə elmi fəaliyyətinin yekunlarına dair hesabat olub. Bu məsələ ilə bağlı elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev və fakültə dekanları məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, 2025-ci təqvim ili ərzində universitet üzrə 21 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb, 3 nəfərə professor, 5 nəfərə isə dosent elmi adı verilib. Həmçinin 95 elmi məqalə impakt faktorlu jurnallarda dərc olunub ki, onlardan 66-sı SCOPUS və Web of Science beynəlxalq elmi bazalarına daxil olan nüfuzlu jurnallarda çap edilib. Bu göstəricilər təqdirəlayiq hesab edilib və onların artırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
İclasda SDU-nun QS beynəlxalq reytinqlərində mövqeyinin möhkəmləndirilməsi və yüksəldilməsi məqsədilə professor-müəllim heyətinin elmi fəaliyyətinin intensivləşdirilməsi, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc olunan məqalələrin sayının artırılması istiqamətində ciddi səylərin göstərilməsi fakültə dekanlarına, kafedra müdirlərinə və digər struktur bölmə rəhbərlərinə tapşırılıb.
Sumqayıt Dövlət Universitetinin 2025-ci təqvim ili üzrə elmi fəaliyyətinin nəticələri Elmi Şura tərəfindən müsbət qiymətləndirilib.
İclasın gündəliyindəki növbəti məsələ universitetin 2026-2030-cu illər üçün kafedralar üzrə elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və təsdiqi ilə bağlı olub. Bu məsələ ilə əlaqədar fakültə dekanları çıxış ediblər.
Müzakirələrdən sonra Sumqayıt Dövlət Universitetinin 2026-2030-cu illər üçün kafedralar üzrə elmi-tədqiqat işlərinin planları təsdiq edilib.
Bununla da Elmi Şura öz işini başa çatdırıb.






Müzakirə qapadılmışdır.