10 sentyabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim və tələbə heyəti Sumqayıt Məhkəmə Kompleksində qonaq olub. İştirakçılar əvvəlcə Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir infrastruktur, vətəndaşlara göstərilən xidmət şəraiti və informasiya texnologiyalarının tətbiqi ilə yaxından tanış olublar. Tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açaraq qonaqları salamlayıb. O, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya islahatlarının başlanmasının Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin əsasını qoyduğunu, məhz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini tələbələrin diqqətinə çatdırıb. Sədr çıxışında gənclərə müraciətlə bildirib ki, “Konstitusiya və Suverenlik İli” yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də hər bir gəncin hüquqi şüurunun formalaşması, dövlətinə və qanuna hörmət prinsiplərinin dərinləşməsi üçün mühüm bir imkandır. Vurğulanıb ki, bu görüşün əsas məqsədi gənclərə hüququn cəmiyyətdə rolu, Konstitusiyanın dövlətçilik baxımından əhəmiyyəti və bu ilin ölkəmiz üçün daşıdığı önəmi izah etmək, eyni zamanda onların hüquqi dünyagörüşünü artırmaqdır. Daha sonra SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev başda olmaqla bütün məhkəmə kollektivi adından SDU-nun rektoru v.i.e., professor Əminağa Sadıqovun salamlarını çatdırıb. O, Sumqayıt Məhkəmə Kompleksinin rəhbərliyinə və əməkdaşlarına göstərilən səmimi qəbula və davamlı əməkdaşlığa görə təşəkkürünü bildirib. Daha sonra Kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Zahid Məmmədov “Məhkəmə-hüquq islahatları” mövzusunda çıxış edərək məhkəmə sistemində həyata keçirilən yeniliklər, hakimlərin statusu və Məhkəmə-Hüquq Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. Hakim İlqar Dəmirov isə “Sahibkarlıq hüququnun məhkəmə müdafiəsi” mövzusunda məruzə ilə çıxış edərək sahibkarlıq fəaliyyətinin mahiyyəti və formaları, sahibkarların hüquq və vəzifələri, eləcə də kommersiya mübahisələri üzrə məhkəmə icraatının xüsusiyyətləri barədə tələbələri məlumatlandırıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb.
Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub
•
193
Müzakirə qapadılmışdır.