“Sumqayıt gəncləri çalışqan, məqsədli və nəticəyə fokuslanandır” – TAHİR MİRKİŞİLİ

47
“Bu gün dünyada rəqabət resursla yox, biliklə, texnologiya ilə aparılır. Ən böyük sərvət insan kapitalıdır. Ona görə də gənclər üçün ən düzgün investisiya — təhsilə, bacarıqlara və özünü inkişaf etdirməyə qoyulan investisiyadır. Hər birinizdən tələb olunan bunlardır: dil öyrənmək, rəqəmsal bacarıqlar qazanmaq, analitik düşünmək, layihə idarəetməsini, təqdimat mədəniyyətini, komanda ilə işləməyi mənimsəmək. Bunlar diplomdan da əvvəl həyatda sizə üstünlük verəcək “kapital”dır”.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili səsləndirib.
Tahir Mirkişili qeyd edib ki, gənclərdən gözlənti böyükdür, amma imkanlar da əvvəlkindən daha genişdir: “Bu gün Azərbaycanda gənclərin təşəbbüslərini dəstəkləyən proqramlar, startap mühiti, idman və mədəniyyət infrastrukturu, ictimai fəallıq üçün platformalar getdikcə artır. Əsas məqsəd odur ki, gənclər ideyalarını reallaşdıra bilsin, öz biznesini, öz karyerasını qura bilsin, ailəsinə və cəmiyyətinə daha çox fayda verə bilsin. Uğurun sirri sadədir — intizam, davamlılıq və məsuliyyət. Hər gün bir az irəli getmək, hər gün bir bacarıq artırmaq, hər gün bir məqsədə yaxınlaşmaq. İstər dövlət qulluğu, istər özəl sektor, istər sahibkarlıq, istər elm — harada olmağınızdan asılı olmayaraq, ölkəyə fayda verən gənc olmaq əsasdır”.
“Milli Məclisdə təmsil etdiyim Sumqayıt xüsusi şəhərdir. Bu şəhər zəhmətin, sənayenin, intizamın, eyni zamanda yenilənmənin və inkişafın şəhəridir. Burada formalaşan gənclik də elə Sumqayıt kimidir: çalışqan, məqsədli, müasir, açıq fikirli və nəticəyə fokuslanan. Biz bu şəhərdə gənclərin daha çox “iş axtaran” deyil, “iş yaradan”, “ideya daşıyan” deyil, “ideyanı reallaşdıran” olmasına da nail olmalıyıq və bu yolda xeyli uğurlar da var.  Əminəm ki, Azərbaycan gəncliyi Heydər Əliyev siyasəti ilə, qətiyyətlə daim böyük uğurlar əldə edəcəklər!”- deyə Tahir Mirkişili əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər