Sumqayıt məktəbinin müəllimi beynəlxalq müsabiqənin 5 finalçısından biri oldu

769

Beynəlxalq müsabiqənin azərbaycanlı finalçısı

Müsabiqənin azərbaycanlı finalçısı Aliyə Əhmədova 20 ildir Sumqayət şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimidir. Həm fizika, həm də STEAM fənnini tədris edir. Elm və Təhsil Nazirliyinin 2017-ci ildən bəri həyata keçirdiyi qrant layihələrində iştirak edib. Həmin dövrdə nazirliyin bir çox yerli və beynəlxalq inkişaf proqramlarına qoşulub, İsraildə, Türkiyə və Latviyada olub, STEAM və fizika istiqamətində kurslara cəlb olunub. STEAM yönümlü proqramların qurulması, vəsaitlərin hazırlanmasında öz töhfələrini verib.

Avropada STEM müəllimlərinin şəbəkəsinə qoşulan A.Əhmədova “Scientix” portalında Azərbaycan üzrə “Scientix səfiri”, STEAM peşəkar inkişaf səfiri təyin edilib, proqramların qurulmasında və s. iştirak edib. Son 5 ildə Türkiyədə təşkil edilən “STEM  müəllimləri” konfranslarında  Azərbaycan üzrə koordinator kimi fəaliyyət göstərib. Son illərdə SAF festivalı, “Sabahın alimləri” kimi müsabiqələrdə şagirləri ilə birlikdə qatılaraq nailiyyətlər qazanıb. “Scientix” şəbəkəsinin təşkil etdiyi müəllim müsabiqəsində zərrəciklər fizikası istiqamətində Avropa üzrə 4 müəllimdən biri kimi qalib olub.

O, təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi döş nişanı”na, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına, “European Schoolnet Academy”nin “Scientix” şəbəkəsinin “Scientix Mükafatı”na layiq görülüb.

“Azərbaycanda Azərbaycanı təmsil edəcəyəm. Bu, daha çətindir”.

Son uğuru ilə bağlı “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində növbəti nailiyyətini “2013-cü ildən bəri qatıldığım inkişaf proqramlarının nəticələrindən biri” kimi izah edib: “Ən müasir tədris vasitələri, süni intellekt alətləri, bir sözlə, indiyədək proqramlarda öyrəndiyim nələr varsa, hamısını bu müsabiqədə tətbiq etdim. 5 səhifəlik böyük bir işdir. İnanıram ki, qalib olduqdan sonra onu müəllim həmkarlarımla da paylaşacağam”.

Final mərhələsi Azərbaycanda təşkil ediləcək tədbirlə bağlı sosial şəbəkələr vasitəsilə xəbər tutub. Müsabiqə yay tətilinə təsadüf etdiyindən şagirdlərini də cəlb edə bilməyib. Amma onlayn görüşərək onlarla fikir mübadiləsi aparıb və aldığı yaxşı ideyalarla müəllim müsabiqəsinə təkbaşına qoşulub: “Həmin ərəfədə eşitdim ki, Sumqayıt Dövlət Universiteti də bu prosesdə Oksford Universitetinin tərəfdaşı olacaq. Bu xəbər məni bir az da həvəsləndirdi”.

Necə təmsil edəcəyinə gəlincə, bunu da şagirdləri ilə məsləhətləşəcək. Təklif etdiyi dərs modelini sürətlənmiş şəkildə öz şagirdlərinə tətbiq etmək, müsabiqəyə gördüyü işin nəticələri ilə getmək istəyir: “İstəyirəm onların qarşısına nəticə ilə çıxım, göstərim ki, bu, tətbiq olunan metodikadır, sadəcə kağız üzərində qalmayacaq. Onu da göstərmək istəyirəm ki, inkişaf edən bir ölkə olaraq Azərbaycanın təhsil sistemi də öz sözünü deyir”.

Müsabiqədə qazandığı uğurun sirrini belə izah edir: “Ümumiyyətlə, istənilən müsabiqə və yarışlara qatılanda oradakı təlimat və qaydaları yaxşı-yaxşı oxuyuram. Hardansa, hansısa subyektdən eşitdiyim fikirləri yox, təşkilat komitəsinin yaydığı meyarları mənimsəyib, sonra bu istiqamətdə işə başlayıram. Prosesi hansı məqsədlə təşkil etdiklərinə, gözləntinin nədən ibarət olduğuna diqqət edirəm. Uğurlu nəticələrimi məhz bununla bağlayıram. Respublika Elektron Təhsil Müsabiqəsinin “Müəllim bloqu” nominasiyasında, “eTwinning” layihəsi çərçivəsində “İnnovativ layihə” müsabiqəsinin tək qalibi olmuşam.

“Scientix” portalında 4 qalibdən biri idim. Hər müsabiqəyə daha məsuliyyətlə qatılmışam. Hər dəfə də xoş bir həyəcanla nəticəni gözləmişəm”.

A.Əhmədova deyir ki, onun üzərinə bundan sonrakı prosesdə daha ciddi iş düşür: “Azərbaycanda Azərbaycanı təmsil edəcəyəm. Düşünürəm ki, bu, daha çətindir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər