Sumqayıt Cənubi Qafqazın ən təmiz sənaye məkanıdır
Bakıda keçirilən SOP29 başa çatandan sonra yaradılmasının 75 illiyi qeyd olunacaq Sumqayıt bu gün müasir parklar, bağlar, xiyabanlar şəhəri kimi tanınır. Bu gözəl diyarın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülüb.
Haradasa, yarım əsr əvvəl Sumqayıtda bircə park vardı ki, “Şəhər bağı” adlanırdı. Axşamlar – işdən sonra və şənbə-bazar günləri hamı ora axışardı. Biz də bir neçə dəfə səyyar botanika dərslərini keçmək üçün məktəbdən həmin bağa getmişdik. Ancaq bütün hunlara baxmayaraq, sovet dövründə nəhəng kimya poliqonu adlanan Sumqayıt dünyanın ekoloji fəlakət zonalarından biri kimi tanınırdı ki, bu da onu sevənlərin ürəyini ağrıdırdı. Hətta Sumqayıta “Ölü zona” adı vermişdilər. Amma bu gün Sumqayıt müasir, modern texnologiyalar sayəsində Cənubi Qafqazın ən ekoloji təmiz sənaye mərkəzi sayılır. İndi burada çoxsaylı “yaşıl ada”lar – istirahət parkları ilə yanaşı, sənaye və texnologiya parkları da var. Elə zavodları əhatə edən ərazilərin adında “park” sözünün olması dərhal müsbət ekoloji assosiasiya yaradır.
Şəhər icra hakimiyyəti aparatının yerləşdiyi binanın fasadı bir vaxtlar başdan-başa yaşıl sarmaşıqlara bürünmüşdü. Bura el arasında “Yaşıl bina” deyirdilər. Məsələ burasında idi ki, dənizdən əsən duzlu şimal küləyi səbəbindən binanın ön divarları həmişə nəmli olardı. Problemi həll etmək üçün Tatarıstanın Kazan şəhərindən “daş sarmaşıqlar” – “plyuş” kolları gətirilmiş və burada perimetr boyunca əkilmişdi. Nəticədə, “Yaşıl bina” respublikamızın, hətta SSRİ-nin çox diqqət çəkən infastrukturlarından birinə dönmüşdü. Sumqayıtlılar da, şəhərin qonaqları da həmin fonda xatirə şəkli çəkdirməkdən zövq alırdılar. Fotoqraflar kinooperatorlar “Yaşıl bina”nı Sumqayıtın simvoluna, mənzərə brendinə çevirmişdilər.
Təəssüf ki, 15–20 il əvvəl binanın yaşıl örtüyü ləğv edilmiş və əhali də bunu qınaqla qarşılamışdı. Nəhayət, Sumqayıtın öz yetirməsi olan Zakir Fərəcov şəhərə rəhbər təyin olunandan sonra verdiyi ilk qərarlardan biri məhz həmin yanlışın aradan qaldırılması oldu və bu gün artıq dekorativ sarmaşıqlar sürətlə boy atmaqdadır. Sakinlər isə əvvəlki kimi, yenidən ŞİH-in “sarmaşıq libas”ına baxıb fərəhlənirlər.
Sumqayıtlılar mütəfəkkir şair İmadəddin Nəsiminin adını daşıyan mədəniyyət və istirahət parkını da könüllərinin dinclik tapdığı məkanlardan sayırlar. Yaşıl fəvvarələrtək göyə “fışqıran” növbənöv ağaclar, həmişəyaşıl iynəyarpaqlılar böyük bir sahəni tutur. Burada o qədər nadir bitki növləri var ki, açıq səma altında böyük bir nəbatat muzeyini xatırladır. Parkda ”Yaşıl teatr” da var.
Gənclik şəhərinin cənnət guşəsi – Heydər Əliyev parkı çox böyükdür. Genişliyi, açıqlığı, tikililərinin memarlıq üslubu ilə seçilir. Heydər Əliyev Mərkəzi, Poeziya evi, Şahmat və Uşaq incəsənət məktəbləri buna misal ola bilər. Əyləncə mərkəzləri, istirahət meydançaları və fəvvarələr parkın gözəlliyini daha da artırır. Burada daimi qulluq olunan yaşıllıqlar göz oxşayır. Sakinlər parka ilboyu həvəslə gəlib dincəlir, qayğı yüklərini azaldırlar. Şahmat məktəbinin qarşısındakı meydan tamet plitələrlə yaşıl otlu damaların konfiqurasiyasında elə əsl şahmat taxtasını xatırladır.
Bu əsrin əvvəllərində, şəhərin indiki rəhbəri Zakir Fərəcov ilk bələdiyyə sədri olan zaman əksər park və xiyabanlar kimi, yuxarıda bəhs etdiyimiz “Şəhər bağı” da xeyli genişləndirilib, abadlaşdırılıb. Bağda çoxsaylı palma, akasiya və digər ağaclar əkilib. İndi bu gözəl məkan “Bələdiyyə parkı” adı ilə Sumqayıtın yaşıllıq ekspozisiyasını zənginləşdirir.
Son 7–8 ildə daha bir “Gözəllik abidəsi” – Park-bulvar kompleksi Sumqayıtın bəzəyinə çevrilib. Xəzərin ləpədöyənində zövqlə ərsəyə gətirilmiş bulvarın sahəsi 106 hektardan, uzunluğu 5 kilometrdən çoxdur. Ərazidə ilkin olaraq 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb,120 mindən çox ağac və dekorativ kollar əkilib. Prezident İlham Əliyev Sumqayıt bulvarını möcüzə adlandırıb. Buradakı kölgəliklər, əlvan güllü çəmənliklər, kafelər, attraksionlar, yay estradası, idman zalları, velosipedçilər üçün hərəkət zolaqları, parkinqlər, yaşıllıqlar qoynunda nağıl qəhrəmanlarının heykəlləri və müxtəlif heyvan fiqurları bulvarı yaradanların yüksək zövqündən soraq verir. Təsadüfi deyil ki, Madrid və Parisdə keçirilən “Global Trade Leaders Club”un forumlarında Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb.
Dövlətimizin başçısı Sumqayıtın dünya miqyasında ekoloji təmiz şəhərlərdən biri olduğunu dəfələrlə qeyd edib: “Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır – gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.
Artıq bu ideyalar, arzular gerçəkləşir. Yeri gəlmişkən, COP29-da iştirak edən xarici qonaqların böyük bir qismi Xəzərin Sumqayıt sahilinə yaxın olan Novxanıdakı otellərdə yerləşdirilib. Onlar şəhərə, park-bulvar kompleksinə gəzintiyə çıxanda burada yaradılmış gözəlliklərə heyran qalırlar.
Almaniyalı qonaqlar Sumqayıtı, xüsusilə də buradakı “Lüdviqshafen parkı”nı daha böyük həvəslə gəzirlər. Çünki AFR-in eyni adlı şəhəri ilə bizim gənclik şəhərimizi illərdir ki, qardaşlıq əlaqələri birləşdirir. Lüdviqshafendəki Sumqayıtın Dostları Cəmiyyətinin sədri Volfqanq Lauyenştayn Sumqayıtın fəxri vətəndaşı adına layiq görülməsi ilə qürur duyur. Onun qənaətinə görə, Sumqayıt coğrafi relyef baxımından çox əlverişli bir məkandır. Həm müasir sənaye parkları, həm də istirahət parkları ilə dünyada tanınmağa layiq şəhərdir.
Qürur doğuran haldır ki, artıq Sumqayıt çiçəklənən şəhər adlandırılır. Burada özünəməxsus ekoloji standartlar formalaşır. Sumqayıt Günəş Elektrik Stansiyası (GES) inşa edilib. Buraxılan günəş panelləri alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirir.
Şəhərdə yaşıllaşdırma işləri müntəzəm aparılır. Son 8–10 ildə burada 2 milyona qədər yeni ağac əkilib. 16 hektardan artıq ərazini əhatə edən parklar, xiyabanlar salınıb və əvvəldən olanlar yenidən qurulub. Şəhərdə hər adambaşına düşən yaşıllıq sahəsi respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir – 26 kvadratmetr! “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 19-dan Bakı–Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağacəkmə aksiyası təşkil edilib. Gün ərzində yolun kənarlarında 17 min, 2 həftədə isə 300 min ağac əkilib.
Sumqayıtlı qələm sahibləri də “yaşıl şəhər”ə töhfə veriblər: Bir neçə il əvvəl onlar Nəsimi parkında şəhər rəhbəri Zakir Fərəcovun, Ekologiya və təbii sərvətlər naziri – hazırda COP29-un prezidenti olan Muxtar Babayevin iştirakı ilə “Yaşıl qələmlər” bağı salıblar. Bu sətirlərin müəllifi də orada əkdiyi yapon əzgili ağacını gəzinti zamanı nəvələrinə göstərməkdən məmnunluq duyub. Qələm tutan əllərin torpağa qələmə basdırması, bədii obrazlar yaradan dillərin yaşıl duyğular saçması bir başqa aləmdir.
Onu da xatırlayırıq ki, Muxtar Babayev “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan zaman Sumqayıtda “Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi” mövzusunda ilk dəfə keçirilən üçgünlük beynəlxalq ekologiya konfransında Prezident İlham Əliyevin bu mühüm məsələyə fundamental yanaşması və əvvəlki ili ölkəmizdə Ekologiya İli elan etməsi barədə məlumatı necə sürəkli alqışlarla qarşılanmışdı. Almaniya Federal Ekoloji Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və bu ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbir yüksək səviyyədə keçmişdi. Fərəhli haldır ki, hazırda Almaniya, BMT-nin İqlim Konfransı (COP29) çərçivəsində Bakıda 4 əsas nazirliklə təmsil olunur.
Ətraf mühitin mühafizəsi Sumqayıtda daim gündəmdə olan məsələdir. Bununla bağlı əhali arasında ekoloji maarifləndirmə işi gücləndirilib, təbiətə qayğı yönümündə bir çox tədbirlər həyata keçirilir. Şəhərətrafı zonalar, dəniz sahili boyu ərazilər tullantılardan təmizlənir və sağlam ekoloji mühit yaradılır. Bu tədbirlər həm də gənc nəsildə təbiətə sevgi, ekologiyaya diqqət və qayğının göstərilməsində xüsusi vərdişlər aşılayır.
Sumqayıtın əsas giriş yolu sayılan “Sülh” küçəsində uğurla həyata keçirilən işlər xüsusi qeyd edilməlidir. Bura şəhər haqqında ilk təəssürat yaradan yerdir. Küçə 4,2 kilometr məsafədə hər iki tərəfə xeyli genişləndirilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. Ardınca şəhərin digər küçə və prospektlərində, meydanlarında, park və xiyabanlarında da genişmiqyaslı işlər görülüb. Şəhərdə 10 mindən artıq palma əkilib. İndi Sumqayıtın giriş küşəsində Vaşinqton palmaları da diqqət çəkir ki, buna bəlkə də Qafqazın heç bir yerində rast gəlmək olmaz.
Son dövrün ən böyük yeniliyi isə xan çinarın Sumqayıta gətirilərək kütləvi surətdə əkilməsidir. Eyni zamanda, həddən artıq sayda alyandra və geran bəzək kolları, leylandra, Eldar şamı və primula ağac növləri Sumqayıtın “nazlı gözəlləri”nə çevrilib. Qızılgüllər barədə ayrıca danışmaq olar. Şəhərin elə bir guşəsi yoxdur ki, orada qızılgüllər ətir saçmasın. Ayrı-ayrı yerlərdə 100 minədək yerli və 150 mindən artıq Türkiyə mənşəli gözoxşayan qızılgüllər əkilib. Bu güllər qardaş ölkədən Zakir müəllimin şəxsi təşəbbüsü ilə gətirilib. Məqsəd budur ki, Sumqayıtın havası daim saf və ətirli olsun, küçələri cazibədar görünsün və hamı bu zənginlikdən zövq alsın. Turizm şəhəri olmağın başlıca şərtlərindən biri də budur.
Bəli, bir vaxtlar “Ölü zona” kimi ad çıxarmış, bu gün isə ətraf mühit şəraiti durmadan yaxşılaşan Sumqayıtın əsl turizm zonası kimi özünü göstərəcəyi vaxt heç də uzaqda deyil.
Əli NƏCƏFXANLI
XQ
Müzakirə qapadılmışdır.