Sumqayıt müasir sənaye mərkəzidir

2512

Son illər ərzində Sumqayıtda müasir avadanlıqlarla təchiz olunan sənaye müəssisələri yaradılıb və fəaliyyət göstərir. Şəhərin sənaye kompleksinin əsasını Sumqayıt Texnologiyalar Parkı, “Azərikimya” İstehsalat Birliyinin “Etilen Polietilen” zavodu, “Gilan Textil kompleksi”nin 3 fabriki, “Azərsun” Holdinqin kağız və karton emalı və yağ istehsalı fabrikləri, “Sağlam-Qida” Aqrar-Sənaye Kompleksləri yaradılmış, “İnter Textil” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilmiş, Sumqayıt Kimya Sənaye Parkına daxil olan “Azərtexnolayn” MMC-nin boru istehsalı zavodu, “Alyans Textil” MMC,  “Bismak”  Qida sənaye kompleksi, Beton məmulatları istehsalı zavodu və s. təşkil edir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 2016-cı ilin ötən doqquz ayı ərzində Sumqayıtda sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 543,9 milyon manat təşkil edib və ya 238,4 milyon manat çox sənaye məhsulu istehsal olunub. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 80 faiz həddini ötüb.

2016-cı ilin ötən dövründə “Azərsun” Holdinqin Sumqayıt Sənaye Parkında “Tara” fabrikinin, kənd təsərrüfatı üçün zəruri olan Azot gübrəsi istehsal edəcək “Karbamid” zavodunun, Sumqayıt Kimya Sənaye Parkında Polietilen və Polipropilen zavodlarının tikintisi və “AzgünTex” MMC tərəfindən 2,8 MqVat gücündə günəş batareyası stansiyasında tikinti işləri davam etdirilib. Qeyd edək ki, Polipropilen zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır. Polietilen zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur. Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.

Cari ilin əvvəlindən şəhər ərazisində yeni müəssisələrin inşasına başlanılıb. Bunlardan “Teknoil” MMC – maşın yağları istehsalı sahəsi, “Vəliev” MMC – plastik materiallar (PVC) istehsalı sahəsi, “Azbiotekstil” MMC trikotaj məhsulları istehsalı sahəsi, Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Lider Qlas” MMC-nin yeyinti, parfümeriya və farmoseptika sahəsində istifadə olunacaq şüşə qablar istehsalı ilə bağlı müasir şüşə zavodunun tikintisini göstərmək olar. Bu müəssisənin inşasında ümumilikdə 8-10 milyon avro investisiyadan istifadə ediləcəkdir.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerlərdə yeni iş yerlərinin, istehsal sahələrinin ixracyönümlü istehsalın yaradılması bir vəzifə olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin diqqətindədir. Şəhər İcra Hakimiyyətindən o da bildirilib ki, 2016-cı ilin doqquz ayında həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində Sumqayıtın iqtisadiyyatı sürətlə inkişaf edib, aparıcı sahələrdə müsbət irəliləyişlərə nail olunub. Bunun nəticəsidir ki, hesabat dövründə şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 837,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 258,2 milyon manat və ya 44,6 faiz çox məhsul istehsal olunub. Cari ilin əvvəlindən hamısı daimi olmaqla 6132 yeni iş yerləri açılıb, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox olub.

“Azərbaycan sənayesinin inkişafında Sumqayıtın hər zaman xüsusi rolu olub. Ölkəmizin yüngül sənayesinin, kimya sənayesinin əsas mərkəzi hər zaman Sumqayıt olub” deyən Milli Məclisin deputatı Tahir Mirkişili qəzetimizə açıqlamasında vurğuladı ki, bu gün Sumqayıtda inşa edilən zavodlar, onların ən müasir texnologiyalarla təchizi, ixtisaslı kadrların mövcudluğu Azərbaycanın qeyri-neft sektorunun inkişafında Sumqayıtın xüsusi rolunu müəyyən edir: “Sumqayıtdakı müəssisələr iqtisadiyyatda əlavə dəyər yaradan və ixrac yönümlü sahələrdə ixtisaslaşıblar. Bu isə yaxın gələcəkdə Sumayıtın ölkə iqtisadiyyatına mühüm töhfə verməsini təmin edəcək.”

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər