Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda 2023/2024 mövsümünün azarkeş rekordu qırılacaq.
“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin “Report”a verdiyi məlumata görə, yenidənqurmadan sonra ilk matçı qəbul edəcək Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüş üçün satışa çıxarılan biletlər bitmək üzrədir.
9000-ə yaxın tamaşaçı tutumuna malik olan arenada təşkil olunacaq qarşılaşmaya 8800 bilet satışa çıxarılmışdı. Oyuna maraq yüksək səviyyədə olduğundan, satışda artıq çox az – təxminən 300-400 bilet qalıb.
Fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq. Qarşılaşmadan əvvəl iki müğənni – Hiss və “Sumqayıt uşağı” Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, Premyer Liqanın 2023/2024 mövsümünün azarkeş rekordu X turun “Turan Tovuz” – “Qarabağ” oyununa məxsusdur. 2:2 hesabı ilə başa çatan Tovuz şəhər stadionundakı qarşılaşmada 6000 tamaşaçı olub.
Müzakirə qapadılmışdır.