“Ədəbiyyat və incəsənət” portalının və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “75 yaşlı Sumqayıtın yazarları” layihəsindəyik.
Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.
-Necəsiniz, Rafiq müəllim?
-Şükürlər olsun! Hər şey normaldı, işlər öz axarında gedir. Şeirlərimin birində belə bir misra var idi ki, bundan da gözəl ömür olurmu? Həyatımdan da, ailəmdən, övladlarımdan, nəvələrimdən də, yaradıcılıq uğurlarımdan da çox razıyam. Şükürlər olsun ki, doğulduğum Qubadlını Ali Baş Komandanımızla birlikdə ziyarət edə bildim, Şuşada Vaqif poeziya günlərində iştirak və çıxış elədim. Hər biri 512 səhifədən ibarət iyirmi cildlik “Seçilmiş əsərləri”nin 19 cildi nəşr edilən, adı ədəbiyyat tarixinə, Milli Ensiklopediyaya düşən, əsərləri dərsliklərə daxil edilən yaradıcı insan özünü necə hiss eləməlidi? Xoşbəxtəm ki, Şuşada 30 ildən sonra çalınan ilk zəng mərasimində birinci sinfə gedən bir uşaq mənim “Birinci zəng” şeirimi əzbər söylədi. Son bənd belə idi:
Vuruldu birinci zəng,
Ta bizim nə qəmimiz?
Biliklər ölkəsinə
Yola düşür gəmimiz…
-Qarşıdan şəhərimizin 75 illiyi gəlir. Keçmiş və bu günkü Sumqayıt, hansı sizə daha doğmadı?
-İkisi də doğmadı. Keçmişin adamlarını bu günkü Sumqayıta gətirə, bu günün Sumqayıtını keçmişə apara bilsək, onlar bir-birini tamamlayar, daha gözəl, daha möhtəşəm olardı. Sumqayıtın qurub – yaradılmasında böyük əməyi olan, dünyasını dəyişən ləyaqətli insanlar bu günün çiçəklənən, gündən-günə gözəlləşən, təmiz havalı Sumqayıtını görəndə çox sevinər, qürur duyardılar. Ancaq təbii ki, bu, mümkün olan iş deyil. Nə keçmişi bu günə gətirmək, nə bu günü keçmişə qaytarmaq olar… Sumqayıt az bir vaxtda tarixi inkişaf yolu keçərək ölkənin ən gözəl şəhərlərindən birinə çevrilib. Özü də bu şəhəri digərlərindən fərqləndirən ən əsas cəhət orada bütün regionlardan olan insanların yaşamasıdır.
Hər eldən, hər obadan
Gələnə dedin balam.
Taleyimin şəhəri,
Mənim alınmaz qalam!
Gözəlləşən Sumqayıt,
Bizə şərəfsən, şansan.
Sən adi bir şəhər yox,
Böyük Azərbaycansan!
Qəhrəmanlar yurdusan,
Zəfər sənə yaraşır.
Sən Xəzərə bəzəksən,
Xəzər sənə yaraşır!
Həmişə Bakımızla
Adın çəkilir qoşa.
Mənim doğma şəhərim –
Sumqayıtım, min yaşa!
Hər gün gözəlləşirsən
Sahilində Xəzərin.
Şəhərlər arasında
Yoxdu sənin bənzərin!
Tələsirəm qoynuna,
Hara olsa səfərim.
Mənim əziz şəhərim,
Mənim doğma şəhərim!
Doğrudan da, 75 yaşı tamam olan Sumqayıt bənzərsiz şəhərdi. Dünyanın harasına gedirəmsə gedim, mən öz şəhərimə, öz evimə tələsirəm. Çünki dünyanın heç bir şəhəri mənim üçün Sumqayıt qədər doğma deyil…
-Siz ömrünüzü ədəbiyyata, sözə həsr eləmisiniz. Ən əsası şeirin ibtidasını yazan və öyrədən inasansınz. Sizcə, söz orbitinə bu qədər yürüş niyə yarandı?
-Dedikləriniz o mənada doğrudur ki, mən bütün həyatımı ədəbiyyatın yaranmasına, tədqiqinə, təbliğinə, tədrisinə həsr eləmişəm. 2003-cü ildə tanınmış, istedadlı şair Qəşəm Nəcəfzadənin “Ədalət” qəzetində mənimlə bir müsahibəsi çap olunmuşdu. Onun çoxsaylı suallarından birinə belə cavab vermişdim ki, mənə elə gəlir ki, ədəbiyyat mənim Leylim, mən isə onun Məcnunuyam. O ki qaldı “sözün ibtidasını yazan və öyrədən” sözünə, bunu birmənalı qəbul edə bilmirəm. Sözün, şeirin ibtidai qaydalarını mən hələ ibtidai sinifdə oxuyanda bilirdim. Ona görə ki, mənim ana babam Nuşirəvan Kərimov mollanəsrəddinçi şair idi və “Molla Nəsrəddin” jurnalında onun “İstiot” təxəllüsü ilə şeirləri çap olunmuşdu. Şeirin ibtidai qaydalarını babam mənə hələ o vaxt öyrətmişdi. Sizin sualınız vaxtilə mənim tələbə yoldaşım olan görkəmli dilçi alim, əməkdar elm xadimi Nizami Xudyevin 2018-ci idə çap olunan “Ömürdən səhifələr” kitabının 78-ci səhifəsində yazılan bu sözləri saldı: “İndi respublikanın tanınmış şairlərindən, həm də ədəbiyyatşünaslarından biri olan, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu yaşca bizim hamımızdan kiçik idi, bizim kitablardan oxuyub öyrəndiklərimizi onun oxumadan, fitrətən bilməsi hamımızı heyrətləndirirdi.”
Təəssüf ki, indi yaradıcılıq təşkilatlarının üzvü, neçə-neçə qalın kitabların müəllifi olanların böyük əksəriyyətinin yazılarında sizin dediyiniz o ibtidai qaydalara belə riayət olunmur. Dil, ifadə qüsurları adamı lap əsəbiləşdirir. Ancaq məsələnin başqa bir tərəfi də var. Əslində qaydaları bilməklə də iş bitmir. Böyük ədəbi uğurlar qazanmaq üçün birinci növbədə istedad, sonra zəhmət, mütaliə və ədəbi mühit lazımdır.
-Sumqayıtda niyə bir nəfər də olsa Xalq şairi, Xalq yazıçısı yoxdu?
-Hər şeyin zamana ehtiyacı var. Arzu və ümid eləyirik ki, nə vaxtsa bu da olacaq. Ancaq əsas məsələ təkcə fəxri adda, mükafatda deyil. Əsas məsələ xalqın ürəyindən xəbər verən əsərlər yazmaqdadı…
-Axır zaman əlamətlərindən birində yazanların çoxalacağına işarət edir. Nizami, Füzuli, Nəsimi planetinin sakini olmaq yazanlara bu qədərmi asan gəlir?
-Əslində bütün dövrlərdə belə olub. “Şeirdən ucalıq umma dünyada” deyən Nizami də, “Bir dövrdəyəm ki, nəzm olub xar” deyən Füzuli də, adi insanların başa düşmədiyi, dərisi dabanından soyulan Nəsimi də öz zəmanələrindən gileyli olublar həmişə… “Məndən olsa şeir yazanlara ən ağır cəza verərdim” deyən böyük Mirzə Cəlili də həmin problem narahat edirdi. Yaradıcı insanların dəlilərlə ruh qohumluğu var bir az. Heç kəsə qadağa qoya bilməzsən ki, yazmasın. Hamı elə bilir ki, ondan yaxşı yazan yoxdu. Pis cəhət odur ki, bu cür cızmaqaralar yeni nəslin ədəbi zövqünü korlayır. Narahatçılığa isə o mənada əsas yoxdur ki, zaman hər şeyi yerbəyər eləyəcək onsuz da.
Pandemiya dövründə yazılan “Gərək təmizləyək düşüncəmizi” adlı şeirimdə bu və ya buna bənzər digər problemlərlə bağlı düşüncələrimi əks etdirməyə çalışmışdım. Elə bilirəm ki, sualınızın cavabı həmin şeirdə bu və ya digər şəkildə öz əksini tapıb.
İnsan tək yaşamaq çıxıb yadından
Bu bəşər övladı lap ağ eləyir…
Biri yarasaya, biri siçana
Biri də ilana barmaq eləyir…
Hamı yadırğayıb əkib-biçməyi,
Hamı top düzəldir, bomba düzəldir…
Biri hara gəldi soxur burnunu,
Biri döş qabardır, omba düzəldir…
Deyirəm bəlkə də bu bir sınaqdı,
Bu virus məlhəmdi yaramız üçün?
Axı nə şeydi ki, iman dəyişmək,
Cinsini dəyişən yaramaz üçün?
Göydən daş yağmazmı dolu yerinə
Meydan oxuyanda bəndə göylərə?
Əgər belə getsə, robot gəlinlər
Ərə veriləcək robot bəylərə…
Calaq olunubdur yaxşı yamana,
Öküzü kəl edər gönü dəyişmək?!
Həsrətik meyvənin ləziz tamına,
İndi dəbə minib geni dəyişmək…
Qutab bişirən də kitab çıxardır,
Ucuz tamadalar məclisdə coşur.
Alim də, çoban da, qarpızsatan da
İndi şeir yazır, nəğmələr qoşur…
Hamı şan-şöhrətə salıbdır meyil,
Bu ana təbiət lap cana doyub…
Dünyanı bu günə viruslar deyil,
Dünyanı bu günə adamlar qoyub…
Qiyamət gözləyir bizi qabaqda,
Toya getməlidir bu virus hələ…
Allahın işinə qarışanları
Tanrı girinc edib bir virus ilə…
Gəl, koronavirus, dönüm gözünə,
Etdin lovğaların dilini gödək…
Bəlkə indi gələ ağlı başına,
Hərə öz işinin dalınca gedə…
Bizi bu günlərə salan nə olub? –
Edilən günahı düşünməliyik.
Evdə qalmaq ilə iş bitmir hələ,
Biz evdə sabahı düşünməliyik…
Qayıdıb bu yolu təzədən keçək?
Bizə dərs olmadı Nuhun gəmisi?
Təkcə bu çirklənmiş dünyamızı yox,
Gərək təmizləyək düşüncəmizi! –
Bəlkə xilas edə düşüncə bizi…
-Sumqayıt və siz?
-Mən Sumqayıta 1966-cı ildə gəlmişəm. Qohumlarım: əmim, bibim, bibim oğlanları bu şəhərdə yaşayıb işlədiklərinə görə tələbə olanda belə, 1966-cı ildən 1970-ci ilə qədər mən də Sumqayıtda yaşamışam, hər gün Bakıya dərsə gedib-gəlmişəm. Əsasən elektrik qatarı ilə. Şəhərə gəldiyim gündən Sumqayıt ədəbi mühitinin içində olmuşam. Ali məktəbi bitirən kimi əmək fəaliyyətinə Sumqayıtda başlamışam. Əvvəlcə 1 nömrəli tikinti trestinin 5 nömrəli yataqxanasında tərbiyəçi müəllim, sonra 10, 13, 23 nömrəli məktəbdə müəllim işləmişəm. Sumqayıtın filologiya üzrə ilk aspirantı, ilk filologiya elmləri namizədi, ilk filologiya elmləri doktoru, ilk professoru, ilk Əməkdar mədəniyyət işçisi olmuşam. Azərbaycan Yazıçılar Birliyi qəbul komissiyasının, AMEA-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, eləcə də Folklor İnstitunda fəaliyyət göstərən Dissertasiya Şuralarının ilk sumqayıtlı üzvü kimi də Sumqayıtın qələm adımlarına, müdafiə eləyən alimlərə yardımçı olmağım danılmaz faktlar sırasındadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə nəşr edilən “ADPU-nun 100 məşhur məzunu” kitabında Sumqayıtı təmsil edən yeganə insan, yubiley medalına layiq görülən yeganə şəxs mənəm. Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün kurrikulum əsasında yazılan ilk “Ana dili”dərsliyinin də aparıcı müəllifiyəm. Yeri gəlmişkən, onu da xatırladım ki, ölkə mətbuatının ilk sumqayıtlı baş redaktoru kimi də adım tarixə düşüb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktoruyam. Bu ilklərin davamlı olacağına da ümidim var hələ…
Əslində elə mən də Sumqayıtla yaşıdam. Sumqayıtın 75 yaşının tamamından bir ay on bir gün sonra mənim də 75 yaşım tamam olacaq. Bu 75 illik ömrün nə az, nə azacıq, düz 58 ili Sumqayıtda keçib. 1985-ci ildən “Göyərçin” jurnalında əmək fəaliyyətimi davam etdirsəm də, orda şöbə müdiri, məsul katib, baş redaktor, Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetində professor işləyəndə belə pedaqoji fəaliyyətimi Sumqayıtda da davam etdirmişəm, Sumqayıt Dövlət Universitetinin formalaşmasında əlimdən gələni əsirgəməmişəm. İndi həmin universitetin filologiya fakültəsində çalışanların böyük əksəriyyətinin müəllimi, bir qisminin elmi rəhbəri, bir qisminin rəsmi opponenti olmuşam. Həmin universitetin tələbələri üçün yazdığım “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərsliklərindən, eləcə də “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” adlı dərs vəsaitlərindən xeyli vaxtdır ki, ölkənin bütün ali məktəblərində istifadə olunur.
-Sizə elə gəlmir ki, dünyada çox şey əvvəlki mahiyyətini itirir? Allahın kölgəsi olmayan yerdə yaşamaq mümkündürmü?
-Xeyir, elə gəlmir. Mən xaraktercə nikbin adamam, gileylənməyi sevmirəm. Yaxşı bilirəm ki, hər dövrün öz qayğıları, öz problemləri, öz meyarları var. Hər şeyi əlahəzrət zaman diqtə edir, tənzimləyir. Əslində Allahın kölgəsi həmişə bizim üstümüzdədi… Bunu dərk eləyən də var, dərk eləməyən də. Allahın nəzarəti altında zaman bütün problemləri özü həll edir. Ancaq insanların da bu və ya digər şəkildə ona köməyi istisna deyil.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Bəli. Zakir müəllim bələdiyyə sədri olanda belə yaradıcı adamlar üçün əlindən gələn köməyi əsirgəmirdi. Sumqayıt yazıçılarının əsərlərindən ibarət bir neçə almanaxın nəşrində onun maddi və mənəvi dəstəyini unutmaq olmaz. Məhz Zakir Fərəcovun qayğısı və diqqəti sayəsində şəhərimizin ən gözəl binalarından biri Poeziya evi kimi fəaliyyətə başladı. Burada o qədər sanballı tədbirlər keçirilib ki…
-Sizə o illərə qayıtmaq imkanı verilsəydi, yenə də bu şəhəri seçərdinizmi?
-Əvvəla, o illərə qayıtmaq mümkün deyil. Digər tərəfdən, hər şey taleyin işidi… Bir şeirimdən belə bir misra yadıma düşdü: “Biz öz taleyimizin ağası deyilik ha!”
-AYB Sumqayıt bölməsinin işi Sizi qane edirmi?
-Bəli, edir. Vaxtilə Sumqayıtda SSRİ Yazıçılar İttifaqının yeddi üzvü var idi: Kuzma Xromov, Vaqif İbrahim, Əşrəf Veysəlli, Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə, Məmməd Namaz və mən – Rafiq Yusifoğlu. İndi maşallah, üzvlərin sayı səksəni keçib. AYB Sumqayıt bölməsinin yaranması isə birbaşa rəhmətlik Sabir Sarvanın adı ilə bağlıdır. İstər onun vaxtında, istərsə də ondan sonrakı dövrlərdə bölmə xeyli iş görüb, kitablar, almanaxlar nəşr edilib, ədəbi gecələr, müzakirələr, kitab təqdimatları keçirilib, yubileylər qeyd olunub.
-Hər şeyə Qərb düşüncəsi ilə yanaşan bəzi gənclər klassik irsə və keçmişimizə qarşı niyə bu qədər qərəzli və qəzəblidirlər?
-Yadıma dissertasiya müdafiələrindən birində elmi şura üzvü kimi çıxışımda dediyim bir sözü saldınız. Tədqiqat işində müasir poeziyamıza dünya nəzəri terminləri, ədəbi meyarları ilə dəyər vermək istəyi o qədər güclü idi ki, ona görə söylədim ki, niyə biz müasir ədəbi prosesimizdə “yağın yağ, ayranın ayran olmasını” yoxlamaq üçün milli yaradıcılıq nehrəmizə mütləq Avropa qaşığı uzatmalıyıq?
Əlbəttə, dünya gör-götür dünyasıdır. Dünya ədəbiyyatından da, klassik ədəbiyyatımızdan da öyrənmək ədəbi uğurların rəhninə çevrilə bilər. Hətta keçmişdən də ibrət dərsi götürməliyik. Həyatın da, ədəbiyyatın da tarixi təkcə uğurlardan ibarət deyil axı! Keçmişi dəyərləndirərkən həmin mühiti mütləq nəzərə almaq lazımdır. O yerdə ki, qərəz, qəzəb at oynadır, orda real, ədalətli fikir söyləmək sadəcə mümkünsüzdür.
-Ədəbiyyatımızda ümumi mənzərə?
-Əslində bütün dövrlərdə ədəbi mənzərəni yaradan ictimai həyatdı. O mənada ki, ədəbiyyat həyatın bədii əksidi. Ədəbi prosesin bir tərəfində ictimai mühit, digər tərəfində yaradıcı insan, o biri tərəfində isə oxucu dayanır. Böyük əsərlər, böyük ixtiralar insanların nəyəsə ehtiyacı olanda yaranır… Oxucu biganəliyi baxımından ümumi mənzərə məni qane etməsə belə, ədəbiyyatımızın bu günü ilə bağlı bədgüman da deyiləm…
-Güzgüdəki adama sözünüz?
-Güzgünün həm görünən, həm də görünməyən tərəfi var… Görünən tərəfdə zahiri görünüşümüz, portretimiz, görünməyən tərəfdə isə daxili dünyamız var. Bu daxili dünya həm üzün cizgiləri, mimika, təbəssüm, dodaqların səyriməsi, gözlərin yol çəkməsi, həm də düşüncələrimiz vasitəsilə təzhür edir. Mahiyyət və təzahürün qarşılıqlı dialektikası… Güzgünün bizi göstərən üzü o biri dünyanın qapısıdı elə bil. Güzgünün o biri üzündə isə axirət dünyamız var. Alllahdan başqa kimsənin görə bilmədiyi sirli, sehrli bir dünya…
Güzgüdən bir adam baxıb,
Elə bil bizi izləyir.
O güzgünün arxasında
Görən bizi nə gözləyir?
Güzgüdə gördüyüm adam,
Dikilib gözün gözümə.
Sənin üzünə baxanda
Yazığım gəlir özümə.
Dodağın niyə səyriyir?
Baxışların nə qəmlidi!
Niyə üzünə qəm çöküb,
Niyə gözlərin nəmlidi?!
Bu qədər yaxın olsaq da,
Duyuram ki, çox uzağıq.
Üz-üzə dayansaq belə,
Ikimiz də yalquzağıq…
Bəbəklərinə baxanda
Vəlvələ düşür canıma.
Mən güzgüyə necə girim? –
Sən ordan çıx, gəl yanıma!
Güzgüdə gördüyüm adam,
Bu dünyaya heyrətimsən!
Mənmi sənin surətinəm,
Sənmi mənim surətimsən?
Güzgüdə gördüyüm adam,
Biz tuta bilsək əl-ələ,
Yer qopar öz mehvərindən,
Dünyada qopar vəlvələ.
Dərk eləmirəm özümü,
Mən nə qədər əzab çəkim?!
Keçib güzgü arxasına
Səninlə haqq-hesab çəkim?!
Güzgüdə gördüyüm adam,
Bir gün cana doyacağam,
Güzgüyə baxmayıb, səni
Yana-yana qoyacağam…
Sinəmə ayna çıxanda
Biz kamala dolduq bəlkə?!
O güzgünün arxasında
Eyni adam olduq bəlkə?!
-75 yaşlı gənc şəhərə arzularınız?
-1978-ci ildə uşaqlar üçün yazılan “Sumqayıtın nağılı” adlı bir şeirim var. 1981-ci ildə “Gənclik” nəşriyyatının çap elədiyi “Ulduz” adlı almanax həmin şeirlə açılırdı:
Ata, mənə nağıl danış,
Kitabda olan olmasın.
Ata, mənə nağıl danış,
İçində yalan olmasın.
Belə dedi oğlum mənə,
Onun sözünü xoşladım.
Dirsəklənib pəncərəyə
Belə bir nağıl başladım:
Biri var idi,
Biri yox idi,
Bu gördüyün binaların,
Küçələrin biri yox idi…
Bu misralarla başlayan uzun şeirdə ata Sumqayıtın keçmişindən, onun necə şəhərə dönməsindən nağılvari bir dillə danışandan sonra üzünü oğluna tutub deyirdi:
Gözəlləşir şəhərimiz,
Ürəyimiz dönür dağa.
Bu nağılın ardını da
Böyüyüb siz yazarsınız
Əlinizlə bu torpağa…
“Kitabda olmayan”, zəhmətkeş insanların əlləri ilə yazılan nağıl isə bu gün də davam eləyir. Nəsillər bir-birini əvəz etdikcə bu nağıllar şəhəri də gündən-günə gözəlləşir… Arzum budur ki, 75 yaşı tamam olan Sumqayıt ağıllı, intellektual səviyyəli, mədəni, Azərbaycanımızı bütün dünyada tanıtmağa qadir ləyaqətli insanların dogma şəhərinə çevrilsin. Sumqayıtı və sumqayıtlıları şərəfli yubiley münasibətilə təbrik etməkdən məmnunluq duyuram…
“Ədəbiyyat və incəsənət” qəzeti
(30.09.2024)
Müzakirə qapadılmışdır.