Sumqayıt Regional Vəkil Bürosunda hüquq tələbələri üçün tanışlıq görüşü keçirilib

49

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi ilə NeyroFay Networking arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Tələbələr üçün Mentorluq Proqramının iştirakçıları olan hüquq fakultəsi tələbələri üçün Sumqayıt Regional Vəkil Bürosunda tanışlıq görüşü təşkil olunub.

Görüş zamanı Büronun müdürü Anar Qasımlı tələbələrə vəkillərin gündəlik fəaliyyəti, hüquqi yardımın göstərilməsi prosesi və real iş təcrübəsi barədə ətraflı məlumat verib. O, eyni zamanda büroda mövcud olan təcrübə və inkişaf imkanlarını diqqətə çatdıraraq, hüquq təhsilini alan gənclərin praktiki biliklərinin artırılmasının vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində tələbələr Azərbaycanda tanınmış və peşəkar vəkillərlə yaxından tanış olmaq, onların iş prinsipləri və təcrübələri ilə maraqlanmaq imkanı əldə ediblər. Vəkillər tərəfindən gənclərə hüquq peşəsinin incəlikləri, etik prinsiplər, həmçinin vəkil peşəsində peşəkar inkişaf və karyera imkanları barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçən görüşdə tələbələrin sualları cavablandırılıb, gələcək karyera planlaması ilə bağlı tövsiyələr paylaşılıb.

Tədbirin sonunda Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB ilə Sumqayıt Regional Vəkil Bürosu arasında həssas qruplara hüquqi yardımın göstərilməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu memorandum gələcəkdə sosial yönümlü hüquqi təşəbbüslərin genişləndirilməsinə xidmət edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər