Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 27-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasiminin iştirakçıları Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni və Vətənin qəhrəman övladlarının məzarlarını da ziyarət ediblər.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib. Xatırladaq ki, sovet ordusuna məxsus BTR alimlər işdən Bakıya qayıdan zaman onların dövlət nişanlı “Jiqulu” markalı avtomobilini əzərək üstündən keçib.
Şəhər rəhbərliyi şəhid alimlərin ailə üzvləri ilə görüşüblər.
Sumqayıt rəsmiləri və ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib – FOTOLAR
•
630
Müzakirə qapadılmışdır.