Sumqayıt şəhər məhkəməsinin hakimindən mütərəqqi yenilik- ANAR QASIMLI YAZIR

1354

Yaxşıları təbliğ edək, pislər utansın

İmkan düşdükcə konkret cinayət işləri üzrə məhkəmə təcrübəsinin fərdi qaydada ümumiləşdirməyə çalışıram. Bu dəfə diqqətimi məişət zorakılığı ilə bağlı məhkəmə təcrübəsinə yönəltdim. Bu günlərdə əlimə bir hökm keçdi. Hökm 19 aprel 2023-cü ildə çıxarılıb və artıq qanuni qüvvəsini alıbdır.

İşin qısa halları belədir ki, ər-arvad 2004-cü ildə nikaha daxil olublar, üç övladları var, 2015-ci ildə nikahları pozulub, məhkəçə uşaqları ananın yanında saxlayıb və aliment məsələsini həll edibdir. Tərəflər rəsmən boşansalar da, faktiki olaraq bir evdə yaşayırlar və ər-arvad münasibətləri yoxdur.

Rəsmən boşansalar da bir evdə yaşadıqları üçün keçmiş ər-arvad arasında mütəmadi olaraq dava-dalaş olub və keçmiş ər hazırki cinayət işinədək 2017, 2019, 2021-ci illərdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, gah işə xitam verilib, gah amnistiyaya düşüb və s. Hazırki cinayət işin onun CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair dördüncü məhkumluğumdur.

Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edib, əməlindən peşiman olduğunu və artıq yaşamaq üçün birdəfəlik başqa rayona köçdüyünü bildirib. Onun təqsiri işdə olan digər sübutlarla da təsdiq olunub və məhkəmə həmin şəxs barəsində ittiham hökmünü çıxarıb.

Hökm Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev tərəfindən çıxarılıb. Sual oluna bilər ki, burada qeyri-adi, mütərəqqi, yenilik nədir ki? Hər gün onlarla belə cinayət işinə baxılır və hökmlər çıxarılır.

Bəli, Azərbaycan məhkəmələrində hər gün onlarla belə cinayət işlərinə baxılır və hökmlər çıxarılır. Hamısı standart: təqsirli bilinsin, filan növdə cəza təyin olunsun.

Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin çıxardığı hökmün nəticə hissəsində isə, cəza ilə yanaşı aşağıdakı mühafizə xarakterli tədbir də görülür. Hökmen nəticə hissəsini qısa ixtisarlarla və anonimləşdirmə ilə olduğu kimi paylaşıram:

Məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs XXX Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi
ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına
məhkum edilsin.

Cəzasının əvvəli XXX rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə XXX rayon İcra və Probasiya Şöbəsinə məlumat
vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, XXX rayon hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,
məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən
orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq
vəzifələri qoyulsun.

Eyni zamanda Zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxsə qadağan edilsin.

Həqiqətən də bu bir ilkdir, cəsarətli addımdır, hüquqi formalizmdən asılı olmamaqdır, hakim hüququnun işartılarıdır. Əlbəttə, bu yenilik müzakirə üçün açıqdır. Şəxsən mənim özümdə də bir sıra peşəkar suallar doğurur. Məsələn, müddət amili. Mühafizə tədbiri hansı müddətə şamil olunur. Təbii ki, ilk ağıla gələn cavab hökmün icra müddətidir.

Bu yenilik cəmiyyətin maraqlarına xidmət edir. Eyni zamanda qanunvericiliyə zəruri əlavə və dəyişikliklər üçün mayaq rolunu oynayır. Məişət zorakılığı, mühafizə orderlərinin alınması ilə bağlı təcrübədə ciddi problemlər, çətinliklər var. İnzibati tənbehlə və ya yüngül cəza ilə canını qurtaran şəxs sanki cəzasızlıq mühitinə düşür və əməllərini davam etdirir. Bu baxımdan, hətta, məişət zoralılığı zəminində törədilən inzibati xətalarla bağlı qərarlar qəbul edilərkən də bu təcrübədən istifadə olunması təxirəsalınmaz sosial tələbat olmaqla demokratik cəmiyyətdə zəruridir.

Sumqayıt Şəhər Məhkəməsini, hakim Zaur Hacıyevi bu cəsarətli addıma, mütərəqqi ilkə görə alqışlayıram. Biz vəkillər haqlı və ya haqsız nə qədər məhkəmə-hüquq sistemindən narazı olsaq da, yaxşıları da qeyd etməliyik. Tam səmimiyyətlə və cəsarətlə deyirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin işində müsbətə doğru əsaslı dönüş yaranmışdır, hakim Zaur Hacıyev gənc hakimlərdən olsa da, yaxşı perspektiv vəd edən ədalətli, həm də cəsarətli hakimdir.

Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər