Son zamanlar Sumaqayıt şəhərində baş verən cinayət hadisələrinin sayı artmaqdadır. Bunlardan isə çoxu insan qətli ilə nəticələnən olaylar və oğurluq faktlarıdır. Paytaxtdan sonra üçüncü böyük şəhər sayılan Sumqayıtda şəhərində bu cür hadisələrin baş verməsi cəmiyyətdə narahatlıqla qarşılanır.
Bir müddət bundan öncə Sumqayıt şəhər Veteranlar Birliyinin balansında olan binada oğurluq hadisəsi baş verib. Qeyd edək ki, bu hadisə iki dəfə təkrar olunub və ikinci dəfə cinayətkar iş başında yaxalanaraq polisə təhvil verilib. Bu barədə Veteranlar Birliyinin üzvləri məlumat verdilər. Onlar məsələdən narahat olduqlarını bildirərək işin düzgün şəkildə aparılmadığını deyirlər.
Məsələni dəqiqləşdirmək üçün Veteranlar Birliyinin sədr müavini Sərxan Mehdiyevlə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, həmin şəxs barədə cinayət işi açılıb və istintaq davam edir. Ancaq onlara verilən məlumata görə, istintaqın gedişatına mane olan qüvvələrin olduğunu da vurğuladı. Birliyin sədr müavini bildirdi ki, bütün veteranlar bu məsələdən narahatdırlar. Onlara verilən məlumata əsaslanan bütün veteranlar işin qəsdən uzadıldığını əsas gətirərək qeyd edirlər ki, istintaq obyektiv aparılmır. Burada kənar təzyiqlərin olduğunu bildirən veteranlar istintaqın Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Bəhruz Musayev tərəfindən aparıldığını deyirlər. Lakin işin indiyə qədər nəticəsiz qaldığını və hansısa təzyiq ucbatından uzadıldığını əsas gətirən müharibə əlilləri qeyd edirlər ki, ola bisin müstəntiqə kənardan hansısa qüvvələr təsir göstərir və müstəntiq istintaqın gedişini yubadır.
Məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Bəhruz Musayevlə əlaqə saxladıq. Müstəntiq isə bildirdi ki, hazırda istintaq başlanmasına dair materiallar Sumqayıt şəhər Prokurorluğunda araşdırılır. “İş məndə deyil, şəhər prokurorluğundadır. Bu işə onlar baxır. Hazırda cinayət işinin açılması və istintaqın başlayıb, başlamaması onların araşdırmalarından sonra məlum olacaq”, – deyə müstəntiq B.Musayev bildirdi.
Mənbə: Gündəlik – Bakı