Sumqayıt şəhərində 2 Fevral – Gənclər Günü qeyd olunub – FOTOLAR

959

2 Fevral – Gənclər Günü Sumqayıt şəhərində də təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov sumqayıtlı gəncləri təbrik edərək, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.

Qeyd edilib ki, 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Ondan bir il sonra 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə respublikamızda Gənclər Gününün təsis olunması dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də vaxtaşırı müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərlə görüşür, onların problemləri ilə maraqlanır.

Bildirilib ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətin gənclər siyasətinin əsas istiqamətləri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların göstərilməsidir.

Gənclər çıxışlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl və sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər. Onlar gündən-günə yeniləşən, müasirləşən, göz oxşayan doğma Sumqayıtda yaşamaqdan və fəaliyyət göstərməkdən qürur duyduqlarını vurğulayıblar.

Sonda şəhərin ictimai həyatında, təhsil və idman sahələrində nailiyyətlərə imza atan bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər