Bu gün Sumqayıtda 2022-ci ilin 6 sentyabr tarixindən 2025-ci ilin 4 sentyabr tarixinədək olan dövrü əhatə edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, millət vəkilləri Mehriban Vəliyeva, Səbinə Salmanova, Elnarə Akimova, eləcə də şəhərin ağsaqqalları və ziyalıları iştirak ediblər.
Konfransı Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev açaraq çıxış edib. O, Şuranın son üç il ərzində həyata keçirdiyi tədbirlər, qəbul edilən iş planları və ağsaqqalların şəhərin ictimai-siyasi həyatında oynadığı mühüm roldan danışıb. Təbrik Quliyev bildirib ki, Sumqayıt şəhərində 27 ərazi, 12 idarə və müəssisə ağsaqqallar şuraları fəaliyyət göstərir və bu qurumlar gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsində, dövlət siyasətinin dəstəklənməsində fəal iştirak edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında vurğulayıb ki, Ağsaqqallar Şurasının üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasına töhfə verirlər. Şəhər rəhbəri qeyd edib ki, mütəmadi olaraq ağsaqqallarla görüşlər təşkil olunur, onların fikir və təklifləri diqqətlə dinlənilir.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman ağsaqqallara xüsusi qayğı ilə yanaşmış, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” kimi dəyərləndirmişdir. Hazırda da bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirilən işlərdə ağsaqqalların rolu mühüm əhəmiyyət kəsb edir.
Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə gələcək işlərində uğurlar arzulayıb.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxışında ölkəmizdə ağsaqqalların tarixi roluna toxunaraq qeyd edib ki, onların həyat təcrübəsi və məsləhətləri gənc nəslin düzgün istiqamətlənməsində əvəzsizdir. O, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə ağsaqqalların yerinə yetirdiyi missiyanın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Eldar İbrahimov həmçinin, Sumqayıt Ağsaqqallar Şurasının son illərdəki təşəbbüslərini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Millət vəkili Mehriban Vəliyeva çıxışında gənclərlə aparılan tərbiyəvi işlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, bu gün gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda formalaşmasında ağsaqqalların dəyərli tövsiyə və nəsihətləri mühüm rol oynayır.
Konfransda çıxış edən digər natiqlər də hesabat dövründə həyata keçirilmiş fəaliyyətlərə toxunaraq qarşıdakı illər üçün prioritet vəzifələr barədə fikirlərini bildiriblər. Onlar xüsusilə gənclərlə işin daha da gücləndirilməsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlərin genişləndirilməsinin və şəhərin ictimai həyatında ağsaqqalların daha fəal iştirakının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda yekdil rəy kimi qeyd olunub ki, Sumqayıt şəhər Ağsaqqallar Şurası bundan sonra da gənc nəslin milli-mənəvi dəyərlərə sadiq ruhda tərbiyə olunması, ictimai həyatın inkişafına töhfə verilməsi və dövlət siyasətinin dəstəklənməsi istiqamətində öz fəaliyyətini ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcək.
3
Müzakirə qapadılmışdır.