Son onilliklərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş dəyişikliklər etnologiya aktual problemlərdən birinə çevrilmlşdir. Müxtəlif istiqamətli tendensiyalarla müşayhidə olunan bu dəyişikliklər sosial və mədəni proseslərin daha intensiv cərəyan etdiyi şəhərlərdə özünü aydın göstərir. Cəmiyyətin ən müxtəlif təbəqələrini özündə cəmləşdirən şəhərlər bir inzibati vahid olmaqla yanaşı, həm də bir mədəniyyət mərkəzi və spesifik həyat tərzi məkanıdır.
Siyasi və iqtisadi islahatlar, qloballaşma şəraitində Azərbaycanın dünya birliyinə aktiv inteqrasiyası yüz illərlə formalaşan dəyərlərin alt-üst olmasına təkan verərək, yeni dəyərlərin meydana gəlməsinə səbəb oldu. Beləliklə, yeniliklərin və ənənəvi dəyərlərin yeni balansı formalaşmağa başladı.
Baş verən dəyişikliklər, o cümlədən etnik mədəniyyət sahəsində, Sumqayıt əhalisindən də yan keçməmişdir. Etnik mədəniyyətin bütün sahələrində müxtəlif amillər təsiri altında transformasiyalar baş verir. Müxtəlif istiqamətlərdən gələn informasiya axını insanların, xüsusilə gənc nəslin, davranış qaydalarına, ünsiyyət formalarına təsir edir və dəyişikliklərə səbəb olur. Bəzən yeniliklərin təsir altında şəhər əhalisinin bir hissəsi “avropalaşır”, digər hissəsi “islamlaşır”, üçüncü hissəsi isə “milliləşir”. Belə yeniliklərin məişətə, etnik mədəniyyətə daxil olması müxtəlif adətlərdə, mərasimlərdə özünü biruzə verir.
Toy mərasimi hər bir etnosun ən konservativ, ənənəyə sadiq sahələrindən biridir. Toy insan və cəmiyyət həyatının vacib sayılan bayram-mərasim sahəsini təmzimləyən ənənədir. Bu ənənə, şübhəsiz, toy mərasiminin illərlə formalaşan ənənələrilə şərtlənir. Lakin, azərbaycanlıların toy mərasimi ənənəvi mədəniyyət sistemində sosial institut kimi transformasiyalara məruz qalır. Belə olan halda azərbaycanlıların ənənəvi toy mərasiminin ayrı-ayrı elementləri ya qabaqlar toy mərasimlərinə xas olmayan dəyişikliklərə məruz qalıb, ya da ki, tamamilə yox olub. Qeyd edilməlidir ki, azərbaycanlıların toy mərasimindəki transformasiya prosesləri tək cəmiyyətin mənəvi sahəsi ilə əlaqəli deyil. Bu proseslər eyni zamanda ənənəvi mədəniyyətə böyük təsir göstərən sosial-iqtisadi amillərlə və mədəniyyətlərin qarşılıqlı təsiri ilə bağlıdır.
Nigah qədim dövrlərdən hər bir etnosun həyatında mühüm hadisə hesab olunub. Məhz bu səbəbdən, toy mərasiminə böyük diqqət və qayğı ilə yanaşıb, onu müxtəlif şər qüvvələrdən qoruyurdular. Bu hərəkətlər qurulan ailənin firavan və xoşbəxt yaşamasına, müxtəlif bəlalardan sığortalanmaqa və s. yönəlmişdir. Belə davranış standartları müasir toy mərasimində, o cümlədən Sumqayıt şəhərində, qalmaqdadır.
Sumqayıt şəhər əhalisinin toy mərasiminin, bütün azərbaycanlılarda olduğu kimi, təşəkkülü xronoloji baxımdan müxtəlif dövrlərə aid olan mərasimlərdən və elementlərdən ibarətdir. Hər bir mərasimdə və elementdə çoxsaylı rollar müəyyən olunmuşdur. Burada qeyd etmək lazımdır ki, hər bir insanın rola müvafiq davranışı onun cəmiyyətdə tutduğu mövqe ilə müəyyənləşir (1). Sumqayıt şəhərində Azərbaycan müasir toy mərasiminə aid bəzi rolları qeyd etmək olar – bəyin dostu və ya qohumu “soldış”, yaxın qohumu və ailəli olan “sağdış”, həyat təcrübəsinə malik, yaşlı, ailəli qadın “yengə” və s.
Azərbaycan ənənəsinə əsasən Sumqayıt şəhərində də toy mərasimi üç mərhələdən ibarətdir. Birinci mərhələ – toyaqədərki mərasimlər. İkinci mərhələ – toy mərasimi. Və, nəhayət, üçüncü mərhələ – ailə həyatının başlanğıcını əks etdirən toydansonrakı mərhələ.
Toyaqədərki mərhələ, öz növbəsində bir neçə hissədən ibarətdir. Bu hissələr aşağıdakılardır: seçim, sövdələşmə, hərinin alınması, elçilik, nişan və nəhayət toy. Müasir şəhər şəraitində heç bütün bu mərhələlər gözlənilmir. Lakin elə hallar da olur ki, ənənəvi toy mərasiminin təzahürü olan paltar kəsdi və yaxud xınaqoydu mərasimləridə yerinə yetirilir. Lakin son illərin müşahidələri və apardığımız sosioloji araşdırmalar belə bir mülahizələr üçün əsas yaradır ki, toyaqədərki mərhələ getdikcə qısalır və artıq bir və ya iki hissədən ibarət olur. Qeyd edilməlidir ki, bu tendensiya təkcə Sumqayıt üçün yox, ümumiyyətlə Azərbaycanın şəhər əhalisi üçün səciyyəvi bir xarakter alıb.
Toy mərasiminin başlanğıcı kimi gələcək gəlinin seçilməsi sayılır. Son zamanlara qədər bu seçim vasitəsiz baş vermirdi. Bir qayda olaraq vasitəçi rolunda gələcək bəyin qadın qohumlarından biri çıxış edirdi. Vasitəçiliyin məqsədi gəncin şanslarının olmasını, qızın ailəsinin maddi vəziyyətinin, onun işgüzar və insani keyfiyyətlərinin müəyyənləşdirilməsi idi. Belə bir institutun nigah prosesində son zamanlara qədər qalması müəyyən dərəcədə Azərbaycan cəmiyyətində qadının ənənəvi olaraq qapalı olması ilə izah oluna bilərdi. Lakin son illərdə bu institutun əhəmiyyəti xeyli azalmışdır. Müasir şəhər şəraitində birgə təhsil və yaxud iş gənclərə tanışlıq, seçim imkanı yaradır, bu isə öz növbəsində vasitəçilik institutunun aradan çıxmasına təkan verir.
Ailənin yaranması hər bir etnik birliyin həyatında əlamətdar hadisədir. İki gənc arasında nigahın bağlanması nəinki şəxsi həyat, həmçinin ictimai həyatın təzahürüdür. Məhz bu səbəbdən toy mərasimində iştirak edənlərin tərkibi çox geniş olur. Müxtəlif rituallar toy mərasiminə çox sayda insanları cəlb edir, bu isə öz növbəsində həmən insanlar arasında sıx əlaqə yaradaraq gələcək ailənin möhkəmliyinə zəmin olur. Beləliklə, nigah bir ictimai hadisə kimi təzahür etdiyindən, cəmiyyətdə öz növbəsində onun formalaşmasında yaxından iştirak edir.
Qeyd etmək lazımdır ki, şəhər toy mərasimində yeniliklərə baxmayaraq, bir çox ənənəvi elementlər hələ də qalmaqdadır. Məsələn, gənclərin seçim prosesində və yaxud evlənmək haqqında qərar qəbul etməsində valideynlərin rolu hələ də əhəmiyyətlidir. Təsadüfi deyil ki, Sumqayıt şəhərində aparılan etnososioloji sorğunun nəticələri göstərir ki, soruşulanların əksəriyyəti, cinsindən və yaşından asılı olmayaraq, evliliyə valideynlərin razılıqını almağı vacib hesab edirlər. Bundan əlavə sonrakı proseslərdə də valideynlərin sözü və iştirakı, sorğunun nəticələrinə görə, zəruridir.
Seçim prosesinin ardınca toy mərasiminin sövdələşmə mərhələsi başlayır. Bu zaman gələcək gəlinin ailəsinə əks tərəfin niyyəti haqqında məlumat verilir. Burada maraqlı bir davranış stereotipini qeyd etmək lazımdır. Bu stereotipə müvafiq olaraq, iki ailə sövdələşir. Sövdələşmə mərasimində əsasən gənclərin valideynləri və yaşlı yaxın qohumları iştirak edir.
Sövdələşmə baş tutduğdan və valideynlərin razılığı alındıqdan sonra toy mərasiminin növbəti mərhələsi – elçilik olur. Bu adət tərəflər arasında simvolik müqavilənin bağlanması hesab edilir. Mərasimdə bəy tərəfinin xüsusi nümayəndələri – elçilər iştirak edir. Adətən elçilər bəyin yaşlı nəsildən olan kişi və qadın qohumlarıdır. Bu adamların nüfuzu, cəmiyyətdəki hörməti gələcək nigahın möhkəm bünövrəsini qoymuş olur. Qeyd etmək lazımdır ki, elçilərin davranışı müxtəlif simvolik hərəkətlərlə səciyyələnir. Məsələn, söhbətin başlanğıcında məcazi məna daşıyan ifadələr, razılığın əlaməti olan şirin çayın və ya şərbətin masanın üstünə qoyulması və s. Çox güman ki, bu davranış elementlərinin bəziləri haçansa adi, praktik məna daşımışdır. Müasir şəraitdə isə onlar simvolik məna almışdır.
Belə bir davranışı müşahidə edərkən biz real davranış və dərk edilmiş niyyətlər arasında müəyyən ziddiyyətlərlə qarşılaşırıq. Bu ziddiyyət, çox güman, real davranışın tənzimlənməsinin sosial xarakteri ilə izah olunur, çünki, “fərd yalnız kollektiv fəaliyyət sistemində hərəkət edir və bu prosesdə müxtəlif sosial qruplara cəlb olunur” (2, 16). İnsan “tənha” hərəkət edəndə də kollektiv tərəfindən formalaşdırılmış müəyyən qaydalara və standartlara riayət edir. Başqa sözlə, fərd ona baxmayaraq ki, bu və ya digər şəraitdə onun davranışının real əsaslarının olmamasını dərk edir, müəyyən stereotipə müvafiq hərəkət edir. Bu ona görə baş verir ki, çoxları və ya əksəriyyət məhz belə hərəkət edir. Qeyd olunan davranış stereotipi təkcə toy mərasimi üçün yox, həmçinin ailə məişət sahəsinin bir çox aktları üçün səciyyəvidir.
Tərəflər arasında elçilərin vasitəsilə şifahi müqavilə bağlandıqdan sonra toy mərasiminin növbəti mərhələsi olan nişan qeyd olunur. Nişan iştirakçılarının sayı, elçiliyə nisbətən, xeyli artır, əsasən qohumların, yaxın qonşuların, dostların hesabına. Bu müəyyən dərəcədə nigahın sanksiyalaşdırılmasının ailə-məişət formasıdır, onun yaxın sosial dairə tərəfindən tanınmasıdır.
Nişan bir qayda olaraq elçilikdən sonra baş tutur. Bir çox hallarda nişan mərasimi gəlin evində keçirilir, lakin başqa şəhərlərdə olduğu kimi Sumqayıtda da bu hadisə üçün ictimai iaşə yerlərini (şaqlıq sarayı, kafe, restoran) icarəyə götürürlər. Bu yerin seçimi əsasən ailənin maddi vəziyyətindən asılı olur.
Nişan evdə keçiriləndə oğlan evindən olan yaxın qohumlar xonçalara yığılmış hədiyyələrlə gəlingilə gedirlər. Hədiyyələr adətən müxtəlif milli şirniyyatlardan, paltarlıq parçalardan, müxtəlif çeşidli geyimlərdən, bəzəklərdən və s. ibarət olur. Məhz nişan zamanı gəlinin barmağına nişan üzüyü taxılır. Bundan sonra qız ilə oğlan artıq cəmiyyətdə nişanlı kimi bir yerdə görünə bilirlər.
Nişan mərasimi toya qədərki müxtəlif mərasimlərin keçirilməsinə yol açır. Bu mərasimlər əsasən hədiyyə vermək ilə əlaqəli olur. Məsələn, Novruz bayramında bu bayrama müvafiq pay (bayram payı), Qurban bayramında qurbanlıq, bəzən nübar (yeni məhsuldan olan meyvələr) və s. Güman etmək olar ki, hədiyyə vermək köklərilə qədim dövrlərə gedib çıxır və müəyyən dərəcədə işçi gücünün itirilməsinin kompensasiya rolunu oynaya bilərdi. Lakin müasir dövrdə bir davranış stereotipi kimi, hədiyyə vermək müəyyən funksional rolu yerinə yetirməkdə davam edir. Məlumdur ki, “bu və ya digər birliyin sosial qaydalarının məzmunu və xarakteri onun varlığının və təbiətinin real şəraitini, insanların qarşılıqlı münasibətlərinin inkişafının tendensiyalarını əks etdirir” (3, 145). Bundan əlavə, tarixən formalaşmış bu qaydalar etnos tərəfindən inkişafı boyu toplanmış sosial təcrübəni əks etdirir.
Toy mərasiminin özü son illərdə müəyyən dəyişikliklərə məruz qalmışdır. Belə ki, əgər 20-25 il bundan qabaq toy mərasimi bir qayda olaraq iki mərhələdən – kişi toyu və qız toyu, ibarət idisə, son illərdə artıq bir toy məclisi keçirilir. Adətən bu toy məclisinin təşkilində hər iki tərəfin iştirakı mövcuddur. Lakin toy məclisi keçirilən zalda bəy və gəlin tərəfindən dəvət olunmuş qonaqlar məhz onlar üçün müəyyən olunmuş yerlərdə otururlar. Bundan əlavə gələn qonaqların hədiyyələri (bir qayda olaraq müxtəlif amillərdən asılı olaraq müəyyən həcmdə pul) üçün də fərqli yerlər ayrılır.
Sumqayıtda, Azərbaycanın başqa şəhərlərində olduğu kimi, toylar ilin istənilən ayında keçirilə bilər. Yeganə məhdudiyyətlər məhərrəmlik və ramazan ayları ilə bağlıdır. Bu aylarda toy mərasimlərinə fasilə verilir.
Toy mərasimində hər iki tərəfin yaxın qohumları, dost-tanışları iştirak edir. Son zamanlarda dəvət olunanlar toya gəlmək niyyətlərini toy sahiblərinə qabaqcadan deməlidirlər. Bu onunla əlaqəlidir ki, şadlıq sarayında sifariş edilən yerlərin sayı toy sahibinin şadlıq sarayının müdriyyəti ilə sövdələşmə nəticəsində müəyyən olunur. Adətən məclisdə toplanan pul şadlıq sarayının sahiblərilə haqq-hesab aparmağa imkan yaradır. Güman etmək olar ki, Azərbaycan toy mərasimində dərin kök salmış pul salmaq adəti qədim tarixə malikdir. Bu qədim zamanlardan məlum olan qohumların toy sahibinə yardım etmənin, o cümlədən maliyyə baxımından, təzahürü kimi çıxış edir.
Müasir Sumqayıt toylarında, ənənəyə sadiq olaraq, aparıcı, və yaxud “toy bəyi” seçilir. Qeyd edilməlidir ki, son zamanlarda bu ənənə də aradan çıxmaq üzrədir və bəzən toylarda bu qaydaya riayət olunmur. Lakin müşahidələr “toy bəyi” funksiyasının hələ də müəyyən rol oynadığını deməyə imkan verir. Bir qayda olaraq “toy bəyi” bəyin yaxın qohumlarından, çox zaman isə bəyin dayısı, olur. Onun vəzifəsi toy məclisinin nizam-intizamlı keçməsini təmin etməkdən, mərasimlərin ardıcıllığına nəzarət etməkdən, qayda pozuntularının qarşısını almaqdan ibarətdir. Bəzən yalnız “toy bəyin” icazəsi ilə qonaqlar musiqi və ya oyun havası sifariş edə bilərlər. Ən nüfuzlu qonaqlar isə “toy bəyi” tərəfindən rəqsə dəvət olunurlar.
Ənənəvi cəmiyyətlərdə oğlanların tərbiyəsində dayıların xüsusi rolunun olması məlumdur. Fərz etmək olar ki, toy mərasimində elə indi də qeyd olunan dayının funksional rolu bu ənənənin təzahürüdür. Qeyd etmək lazımdır ki, azərbaycanlılarda müxtəlif atalar sözü dayı ilə bacı oğlunun münasibətlərinə həsr olunub və bu gündə istifadə olunmaqdadır. Məsələn, “İgid oğul dayısına oxşar”, “Cəsur oğul dayının arxasında gizlənməz” və s. Beləliklə, toy mərasimi dayanaqlı olduğu üçün ənənəvi mədəniyyətin bir çox elementlərini, o cümlədən şəxslərarası münasibətlərdə, saxlayır və onlara müəyyən dərəcədə semiotik məna verir.
Müasir şəhər toylarında funksional əhəmiyyət daşıyan və ənənəvi mədəniyyətin elementlərindən olan iki roluda qeyd etmək lazımdır. Bunlar bəyin sağdışı və soldışıdır. Onlardan biri – sağdış, bəyin yaxın adamlarından olmalıdır. Belə hesab olunur ki, sağdış bəydən müəyyən dərəcədə təcrübəli, ona bəzi məsləhətlər verən və nisbətən yaşlı adam olmalıdır. Bir qayda olaraq qeyd olunan məsləhətlər bəyin toy zamanı müxtəlif situasiyalardakı davranışına aiddir. Qeyd etmək lazımdır ki, toy mərasimlərindən biri bir çox dünya xalqlarında məlum olan gəlinin aparılması zamanı bəyin və gəlinin qohumları arasında nümayişkəranə toqquşmalardır. Ənənəvi Azərbaycan toyunun bəzi elementləri məhz bu münasibətləri əks etdirir. Müasir Sumqayıt toylarında da bu əlementlər hələ də qalmaqdadır. Məsələn, bunlar qapı basma, qapı kəsdi, yol kəsdidir. Bu mərasimlər zamanı gəlinin aparılmasına müqavimət illyüziyası yaranır və yalnız müəyyən cərimənin verilməsindən sonra gəlini aparan kortej yolunu davam edir. Aydın məsələdir ki, müasir şəhər şəraitində qeyd olunan mərasimlər daha çox simvolik xarakter daşıyır.
Çox güman ki, bu mərasim komplekslərinin xüsusiyyətlərinə bəyin yanında qoruyucu funksiyalarını yerinə yetirən soldış personajı da aiddir. Belə personajlar sırasına gəlinə müəyyən məsələlərdə məsləhətlər verən yaşlı, təcrübəli, ailədə və cəmiyyətdə böyük hörmətə malik qadınlardan seçilən yengə də aiddir. Qeyd etmək lazımdır ki, müasir dövrdə əksər sumqayıtlıların toylarında yengə funksiyası xeyli daralmışdır və bu rolun bəzi elementlərini gəlinin yaxın qohumlarından biri yerinə yetirir.
Sumqayıtda müasir toy mərasimi bir qayda olaraq əsasən bu məqsədlər üçün inşa edilmiş şadlıq saraylarında keçirilir. Ailələrin imkanlarından, sövdələşmədən asılı olaraq toy sahibləri bu və ya digər şadlıq saraylarına üstünlük verirlər. Azərbaycanın başqa iri şəhərlərində olduğu kimi, Sumqayıtda da şadlıq saraylarının dizaynı, tərtibatı ənənəvi Azərbaycan mədəniyyətinə xas olan elementlərlə yanaşı müasir urbanistik mədəniyyətin qarışığından ibarətdir. Çox zaman şadlıq sarayı sahibləri tərəfindən təklif olunan mərasimlər, məsələn şampan şərabından ibarət “şəlalə”, tortun bəylə gəlin tərəfindən birgə kəsilməsi və s. daha çox qərb mədəniyyətindən götürülmüşdür və Azərbaycan toy ənənəsində yenilik hesab oluna bilər. Belə yeniliklər toyun musiqi tərtibatına da aiddir. Məsələn, ənənəvi olaraq Azərbaycan toylarında bəylə gəlinin məclisə daxil olması “Vağzalı” adı ilə məşhur olan oyun havası ilə müşayiət olunurdu. Son zamanlarda isə bir çox toylarda, o cümlədən Sumqayıtda, bəylə gəlinin məclisə daxil olması Avropa ənənəsinə xas olan alman bəstəkarı Mendelsonun məşhur marşının sədaları altında baş verir. Təsadüfi deyil ki, bəzi tədqiqatçılar qeyd edirlər ki, “toylarımız çağdaş dövrümüzdə o qədər “müasirləşib”, o qədər yad ünsürlərlə zənginləşib ki, onu heç tanımaq belə olmur (4).
Qeyd etmək lazımdır ki, müasir şəhərdə toy mərasiminin başlanğıcı, gedişi və sona çatması mərhələlərində yeniliklər üstünlük təşkil edir. Məsələn, son illərdə Sumqayıtda Bakıda olduğu kimi toylar bir qayda olaraq qız və oğlan tərəflərinin birgə təşkili nəticəsində baş tutur. Artıq ayrıca qız və oğlan toylarının keçirilməsinə nadir hallarda rast gəlinir. Toy ənənələrinin belə transformasiyası əsasən müasir dövrün tələbləri, xərclərin xeyli artması ilə izah oluna bilər. Bundan əlavə, bəy ilə gəlinin toydan xeyli əvvəl bir-birlərini tanıması, ünsiyyətdə olmasıda birgə toyların keçirilməsinə şərait yaradır.
Tarixən toy mərasimlərində maddi tərtibat bir çox hərəkətlərin, davranışların əlavələri, tamamlayıcısı kimi çıxış edirdi. Ənənəvi Azərbaycan toylarında da bu cür maddi tərtibat elementləri kifayət qədərdir. Məsələn, bəy və gəlin oturan masanın üstünə adətən güzgü qoyardılar. Ümumiyyətlə, güzgü toy mərasimində böyük funksional əhəmiyyətə malikdir və bəylə gəlinin olduğu yerlərdə mütləq olmalıdır. Adətən güzgünün hər iki tərəfindən şamlar qoyardılar ki, buda öz növbəsində şər qüvvələrə qarşı səth hesab olunur idi. Analoji adətləri başqa xalqların toylarında da müşahidə etmək olar (5).
Güzgü ilə bağlı mərasim, görünür çox qədimdir. Belə ki, o hətta veda ədəbiyyatında qədim hind toy mərasiminin təsvirində də qeyd olunub (6, 77). Dünya xalqlarının bir çoxu güzgüyə cadu xüsusiyyətləri aid edirlər. Çox güman ki, məhz belə qədim təsəvvürlərin qalıqları ilə biz müasir Azərbaycan toyundakı güzgü ilə bağlı mərasimlərə rast gəlirik. Gələcək həyatın firavan və xoşbəxt keçməsi üçün bu mərasimlərin yerinə yetirilməsi vacib sayılır.
Ənənəvi toy mərasiminin bir çox atributları kimi müasir şəhər toylarında güzgü də öz funksional əhəmiyyətini itirir. Sumqayıt şəhərində, Azərbaycanın başqa şəhərlərində olduğu kimi, toylarda bu atributdan çox az istifadə edirlər. Yalnız gəlin aparılan zaman onun qabağında bəzi hallarda güzgü tutulur. Bu isə belə bir mülahizəni təsdiq edir ki, ənənəvi mədəniyyətin hətta ən konservativ elementlərindən olan toy mərasimində getdikcə intensivləşən qloballaşma prosesi ciddi dəyişiklikləri şərtləndirir.
Azərbaycan ənənəvi toy mərasimində vacib rol oynayan maddi atributlar arasında şəkəri və ümumiyyətlə şəkər məhsullarını qeyd etmək lazımdır. Son zamanlara qədər Sumqayıt şəhərində keçirilən toy mərasimlərində kəllə qənd əsas elementlərdən biri idi. Azərbaycanın başqa yerlərində olduğu kimi, toy mərasiminin ilk mərhələrindən qənddən istifadə edilirdi. Məsələn, həri aldığda şirin çayın masaya gətirilməsi, xonçalara mütləq müxtəlif şirniyyat məhsullarının yığılması və nəhayət, toy zamanı gəlin aparılarkan kəllə qəndin ortada olması. Qəndin, şəkərin toy mərasiminin əsas atributlarından olması heç də təsadüfi deyil. Qədim zamanlardan şəkər bərəkətin, bolluğun simvolu hesab olunub. Gələcək ailənin firavan yaşayışı üçün bu simvolun daima toy mərasimini müşahidə etməsi ənənəvi dünyagörüşü üçün labüd hesab olunurdu. Müasir proseslərin təsiri altında başqa maddi atributlar kimi şəkərin də toy mərasimindəki rolu və yeri ciddi transformasiyalara uğrayır. Belə ki, müasir Sumqayıt toy mərasimlərində şəkər məhsullarının əhəmiyyəti qalırsa da, toyda kəllə qənddən artıq hamı istifadə etmir. Bir çox hallarda toy məclisində kəllə qənddən istifadə olunmur.
Müasir toy məclisləri bəzi xüsusiyyətləri çıxmaq şərtilə standartlaşmış quruluşda keçirilir. Hətta mərasim zallarının tərtibatı, videoçəkilişin aparılması, masalar üstünə düzülən nemətlər bir qayda olaraq təkrarlanır. Gəlin ilə bəy bir qayda olaraq qonaqların əksəriyyəti toplaşdıqdan sonra mərasim zalına daxil olurlar. Sonra artıq ənənə xarakteri almış rəsmi dövlət qeydiyyatı da məhz burada, VVAQ nümayəndəsinin iştirakı ilə keçirilir. Bu mərasimdən sonra yenilik kimi qəbul olunası son illərdə bir adət formalaşmışdır. Bəylə gəlinin rəqs etməsi Azərbaycan toy qaydalarına əsasən məclisin sonunda baş verirdi. Lakin son illərdə ölkənin başqa yerlərində olduğu kimi, Sumqayıtda da bəylə gəlinin birlikdə və hətta ayrı-ayrılıqda rəqs etməyi məclis boyu bir neçə dəfə baş tuta bilər, o cümlədən məclisin başlanğıcında rəsmi dövlət qeydiyyatından sonra. Belə bir yeniliklər müasir Azərbaycan toylarının ayrılmaz hissəsinə çevrilmişdir.
Toy məclisinin bitməsilə toy mərasiminin ikinci mərhələsi də bitmiş olur. Növbəti toydan sonrakı mərhələ cavanların birgə həyatının başlanmasına işarə edir. Qeyd etmək lazımdır ki, bu mərhələ başqa mərhələlərlə müqayisədə az sayda mərasimlərlə xarakterizə olunur.
Sumqayıt şəhərində müasir toy mərasiminin bəzi aspektlərini nəzərdən keçirərək biz müxtəlif amillərin təsiri altında dəyişən, müasirləşən toy adətlərini təhlil etməyə çalışdıq. İlk növbədə toy mərasimindəki davranış standartları dəyişiklikliyə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar hesab edirlər ki, davranışın standartlaşması insanların həyat fəaliyyətinin bütün sahələrində etnik mədəniyyət üçün srtukturlaşma xassəsinə malikdir (7, 124). Təcrübənin bu cür standartlaşması mədəniyyətlərin varlığı üçün böyük əhəmiyyət kəsb edən ənənə mexanizmini təşkil edir. Belə olan halda davranış stereotipləri etnosun sosial təcrübəsinin toplanmasının, saxlanmasının və ötürülməsinin vasitəsi kimi çıxış edir. Bu və ya digər etnosun davranış stereotiplərinin məzmunu və xarakteri onun varlığının real şəraitlərini əks etdirir. Davranış standartlarında etnik birlikdə formalaşan şəxsiyyət tipi, davranış tipi, münasibətlər tipi əks olunur. Bu baxımdan mərasim davranışı çox nümunəvidir. Belə davranış etnik birliyin tarixi inkişafı boyu davranış, münasibətlər tiplərinin genezisini əks etdirir.
Əmirşaxova Sevda, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı
Müzakirə qapadılmışdır.