Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirə ölkənin su təsərrüfatı sahəsində uzunmüddətli və sistemli siyasətin əsas konturlarını müəyyən etmişdir. Müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı” müzakirə olunmuş, qarşıdakı on il üçün konkret və ölçülə bilən hədəflər açıqlanmışdır. Dövlət başçısının vurğuladığı kimi, su təhlükəsizliyi sosial rifah, sənaye inkişafı və ekoloji balans baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında son 20 ildə ölkədə dörd iri su anbarının inşa edildiyini, bu anbarların ümumi tutumunun 500 milyon kubmetrdən artıq olduğunu qeyd etmiş, xüsusilə Taxtakörpü və Şəmkirçay su anbarlarının, eləcə də Ceyranbatan su anbarının yenidən qurulmasının Abşeron yarımadası üçün həlledici rol oynadığını diqqətə çatdırmışdır. Dövlət başçısı bu infrastruktur layihələrinin vaxtında icra edilməsinin bu gün Bakı və Sumqayıtın su təminatında ciddi risklərin qarşısını aldığını vurğulamışdır.
Müşavirədə səsləndirilən mühüm məqamlardan biri də ölkənin su mənbələrinin coğrafiyası və iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyinin təmin edilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, su ehtiyatlarının mühüm hissəsinin Azərbaycanın öz ərazisində formalaşması və işğaldan azad olunmuş ərazilərlə bağlı asılılığın azalması mühüm üstünlükdür. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çaylardan asılılıq su sektorunda planlamanın daha da həssas aparılmasını tələb edir. Bu baxımdan qəbul edilən Dövlət Proqramı riskləri qabaqlayan və dayanıqlı həlləri ehtiva edən sənəd kimi qiymətləndirilir.
Proqram Bakı şəhərini, Abşeron rayonunu və Sumqayıt şəhərini əhatə etməklə, su təchizatı və kanalizasiya sahəsində köklü dəyişiklikləri nəzərdə tutur. Dövlət başçısının vurğuladığı kimi, proqram 2035-ci ilə qədər icra olunacaq və bu müddət ərzində həm dövlət büdcəsi, həm də xarici maliyyə mənbələri hesabına maliyyələşdiriləcək. Bu yanaşma genişmiqyaslı infrastruktur layihələrinin fasiləsiz və keyfiyyətlə icrasına imkan yaradır.
Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlər proqramın mühüm tərkib hissəsini təşkil edir. Şəhərdə su və kanalizasiya sistemlərinin yenilənməsi, əhalinin fasiləsiz içməli su ilə təmin olunması və ekoloji risklərin azaldılması əsas prioritetlər kimi müəyyən edilib. Xüsusilə “Acıdərə” kanalı boyunca yağış və tullantı suları sistemlərinin yenidən qurulması Sumqayıt üçün uzun illər mövcud olan problemlərin mərhələli şəkildə həllinə xidmət edəcək.
Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhərində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərin şəbəkəyə qoşulması, yeni içməli su xətlərinin çəkilməsi və mövcud infrastrukturun modernləşdirilməsi nəzərdə tutulur. Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni magistral kəmərin tikintisi şəhərin su təminatında alternativ və dayanıqlı mənbələrin rolunu artıracaq.
2026–2032-ci illərdə Sumqayıt üzrə yüzlərlə kilometr içməli su və kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Paralel olaraq tullantı sularının təmizlənməsi sahəsində gücü sutkada 100 min kubmetr olan mövcud qurğuların bərpası, yeni güclərin yaradılması və yağış suları sistemlərinin istismara verilməsi nəzərdə tutulur. Bu tədbirlər Xəzər dənizinə axıdılan suların tam təmizlənməsini təmin etməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də su itkilərinin azaldılması və sayğaclaşdırmanın 100 faizə çatdırılmasıdır. Bu gün mövcud itkilərin yüksək səviyyədə olması su resurslarından səmərəli istifadəyə maneə yaradır. Sumqayıt şəhərində rəqəmsal idarəetmə, SCADA və müasir nəzarət mexanizmlərinin tətbiqi suyun uçotunun dəqiqləşdirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verəcək.
Ümumilikdə, Dövlət Proqramı Sumqayıt şəhərində mənzil-kommunal təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcıdır. Proqram çərçivəsində həyata keçiriləcək tədbirlər şəhərin mühəndis-kommunikasiya infrastrukturunu müasir standartlara uyğunlaşdıracaq, əhalinin həyat keyfiyyətini yüksəldəcək və Sumqayıtın uzunmüddətli, dayanıqlı inkişafına etibarlı zəmin yaradacaq.
Xəqani Həşimov
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin aparıcı mühəndisi


Müzakirə qapadılmışdır.