Sumqayıt şəhərinin tanınmış veteranı Təbiət Cəfərov vəfat edib

1269

Sumqayıt şəhərinin ictimai həyatında və sənaye inkişafında uzun illər fəal iştirak etmiş tanınmış veteran, əməkdar ziyalı Təbiət Cəfərov vəfat edib.

Təbiət Cəfərov 15 oktyabr 1935-ci ildə Şəmkir rayonunun Dağ Daşbulaq (İrmaşlı) kəndində dünyaya gəlib. 1952-1956-cı illərdə Bakı Mədəni-Maarif texnikumunda təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təyinatı ilə Şəmkir rayon Mədəniyyət Şöbəsində bədii rəhbər kimi başlayıb.

1961-ci ildə Komsomol çağırışı ilə Sumqayıta gələn Təbiət Cəfərov, burada Superfosfat zavoduna göndərilib və kükürd turşusu sexində aparatçı, daha sonra sex rəisinin müavini vəzifəsinə qədər yüksəlib. Zavodda partiya təşkilat katibi və partiya komitəsinin büro üzvü seçilib. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul olub, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının dekabr plenumunda Sumqayıtı təmsil edib.

Kimya sənayesindəki fəaliyyəti ilə seçilən Təbiət Cəfərov 1964-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. 1965-1969-cu illərdə Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirib. Daha sonra Sumqayıt Partiya Komitəsində və Kimya Sənaye İstehsalat Birliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 1986-1992-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətində Mədəniyyət şöbəsinin müdiri vəzifəsini icra edib. Sonrakı illərdə «Azərikimya» Dövlət Şirkətində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib.

Təbiət Cəfərov uzun illər şəhər Sovetinin deputatı, İcraiyyə Komitəsinin üzvü, şəhər partiya komitəsinin fəal üzvü olub. 1990-cı ildə SSRİ və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən döş nişanı ilə, 1981-ci ildə isə SSRİ Kimya Nazirliyi və Həmkarlar Komitəsinin birgə qərarı ilə “Onuncu beşilliyin zərbəçisi” döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə də mükafatlandırılıb.

O, həm də Sumqayıt Ağsaqqallar Şurasının üzvü idi. Təbiət Cəfərovun vəfatı şəhər ictimaiyyəti üçün böyük itkidir.

Allah rəhmət eləsin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər