Sumqayıt sənaye şəhəri kimi şöhrətini geri qaytarır – VİDEOREPORTAJ

679

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir.
Mis emalı zavodunda emal prosesi dünya standartlarına uyğun həyata keçirilır. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı təşkil olunur. Ümumi dəyəri 10 milyon manatdan çox olan zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir.Müəssisə dünyada bu sahədə tanınan şirkətlərin müasir avadanlığı və texnologiyaları əsasında qurulub. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir. İkinci mərhələdə ay ərzində 450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir.
Burada istehsal prosesi tamamilə avtomatlaşdırılmışdır ki, bu da hazır məhsulun keyfiyyətini təmin edir. Bu texnologiyanın üstünlüyü ondadır ki, misin tərkibində oksigenin faizi minimum səviyyəyə gətirilir və nəticədə yüksək keyfiyyətə malik naqillər istehsal edilir. Bu üsulla hazırlanan mis naqillərin ötürücülük qabiliyyəti digər naqillərdən qat-qat yüksəkdir.
Bu məhsullara həm daxili, həm də dünya bazarında böyük tələbat vardır. Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi hazırda yerli şirkətlərdir. Layihənin icrası nəticəsində 70 yeni iş yeri də yaradılıb.
Müasir texnologiyalar və avadanlıq əsasında yaradılan zavod mis məmulatların idxalını aradan qaldıracaq, bu sahədə tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir. Digər tərəfdən xammal kimi tullantılardan istifadə edilməsi baxımından müəssisə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir. Ən əsası isə zavodun imkanlarının genişləndirilməsi, qəbul məntəqələrinin açılması hesabına yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addım atılacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər