Sumqayıt teatrının növbəti uğuru

439

Əgər dünya teatr festivallarında ən çox göstərilən, ən çox mükafat alan tamaşaların siyahısı tutulsaydı, yəqin ki, görkəmli Polşa ədibi Slavomir Mrojekin “Mühacirlər”i ilk sırada yer tutardı. Ötən bazar günü Sumqayıt Dövlət Dram Teatrında Mrojekin “Mühacirlər” pyesi əsasında gənc rejissor Ümid Abbasın hazırladığı “-1” tamaşasının premyerası da göstərdi ki, bu, çox parlaq bir səhnə əsəridir və aktuallığını heç zaman itirmir. 

Bu pyesin Azərbaycanda ilk səhnə həyatı bir zamanların Gənclər teatrı ilə başlayıb. Sonralar əsərin adı digər teatrlarımızın afişalarında da görünüb. Bəs bu əsərə marağın böyüklüyünə səbəb nədir? Onun uğur böcəyi kimi müvəffəqiyyətə, nailiyyətə inam ya­ratması, yoxsa Mrojek soyadının uğur qarantı olması? Məlum məsələdir ki, heç biri. Sadəcə, iki aktyorun ifası üçün nəzərdə tutulmuş bu pyesin dramaturji materialı zəngin olub, quruluşçu rejis­sor fantaziyasına səhnə çərçivəsində geniş imkanlar açır.

Bütün bu deyilənlərdən sonra inamla bildirək ki, Sumqayıt səhnəsin­də premyera uğurla keçdi. Tamaşanın musiqi tərtibatçısı İbrahim Əliyev, bədii tərtibatçısı isə Nizami Dadaşovdur. Əs­lində, iki teatr mövsümü öncə rejissor “Mühacirlər” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının festivalında uğurla çıxış etmişdi. Sadəcə, o zaman tamaşanı seyr edə bilməmişdik. İndi isə inamla deyə bilərik ki, “-1” ilə ölkə xaricindəki festivallara da çıxmaq olar.

Əsər vətənindən digərgin düşüb xarici ölkədə ömrünə həyatın dibindən davam etməyə məcbur olan iki müha­cirin taleyindən bəhs edir. Maraqlıdır ki, bu mühacirlərin konkret adları da yoxdur. Eləcə AA və XX. Bu yerdəcə oxucunun zəndini azdırmamaq üçün məlumat verək ki, tamaşada AA ro­lunda Kamran Muradlı, XX rolunda isə Elay Xasıyev çıxış edir.

Onlardan biri – AA savadlı, təmiz­kar, vətənində yaxşı günlər yaşamış, amma gizli saxladığı səbəblər üzün­dən didərgin düşmüş adam, ikinci – XX isə tamam fərqli şərtlərlə yad ellərə üz tutmuş, sadəlövh, hətta dar düşüncəli, hələ desən, elə həyatın di­bində də özünü rahat hiss edən, yerli əhalinin imtina etdiyi ən ağır əməyə qatlaşan, yaşam rahatlığını vecinə almayan birisi… Yəni ilk baxışdan bu təəssürat yaranır.

Amma… Hadisələr inkişaf etdikcə görürsən ki, ali təhsilli, dünyagörüş­lü, təmizkar kimi tanıdığımız AA lazım gəldikdə pislik etməyə də qabildir: məsələn, bir zirzəmini paylaşdığı otaq yoldaşını ondan donos yazmaqla hə­dələyir. Və bu məqamda tamaşaçı artıq 2-ci mühacirin – XX-in halından duyuq düşür ki, deyəsən, bu sadəliyin, ailə, ikimərtəbəli ev ilə bağlı arzuların arxasında gizlənən mühacir heç də adi qara fəhlə deyil, axı… Onun çox sev­diyi yumşaq oyuncağın içindən xeyli əskinasın tökülməsi artıq AA-nı deyil, tamaşaçını da şübhəyə salır: bu qədər pulu adama çirkli, ağır işdə çalışdığı üçün verməzlər axı?!

Hadisələr cərəyan etdikcə, şübhələr özünü doğruldur. Gerçəkdən də XX siyasi səbəbdən ölkəsindən qaçaq düşmüş AA-nı güdmək üçün onun ya­nındadır. AA bu məsələdən o zaman xəbər tutur ki, artıq onlar bir-birinə isi­nişiblər, çörək kəsiblər, bir-biriləri üçün doğma adama çevriliblər. Sadəcə, AA üçün ələ keçməmək, sağ qalmaq, XX üçün də alınmış tapşırığı yerinə yetir­mək məqamı yetişib; onlar ikilikdə bu məngənədən xilas ola bilməzlər. İkisin­dən biri zirzəmini tərk etməlidir. Bəs, kim? Necə? Bu sualların cavabı son səhnələr yetişincə tamaşaçıya məlum olur. Biz də tamaşanı seyr etmişik və cavabı bilirik. Amma oxucumuza bunu açıqlamaq istəmirik… Çünki “-1” baxıl­malı tamaşadır.

Aktyorlardan güclü emosionallıq, yaxşı plastika, obrazın içində obraza girmək bacarığı tələb edən “-1”in hər iki qəhrəmanı – Kamran Muradlı və Elay Xasıyev rollarının öhdəsindən gələ bil­dilər. İstedad və zəhmətin bəhrəsi isə tamaşaçı alqışı oldu.

Ümid edirik ki, “-1” tamaşası bey­nəlxalq əhəmiyyətli teatr festivallarında da tamaşaçı alqışı qazanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər