Sumqayıtın inkişafı özünü tibbi xidmətlər, bu sahədəki infrastrukturla bağlı necə göstərir, bu sahədə hansı işlər görülür, hansı problemlər var. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova cavablandırıb.
sumqayitxeber.com “168 saat” qəzetinə istinadən həmin müsahibəni təqdim edir:
– Sumqayıtın səhiyyə sistemində son illərdə hansı dəyişiklikləri xüsusi olaraq fərqləndirmək, qeyd etmək olar?
– Öncə qeyd etmək istəyirəm ki, “TƏBİB” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin 16 nömrəli 04.05.2021-ci il tarixli protokolundan 1 nömrəli çıxarışına əsasən Sumqayıt şəhər tibb müəssisələrində İcbari Tibbi Sığorta tətbiq olunur və bunun nəticəsində struktur dəyişikliyi aparılaraq Səhiyyə Şöbəsi Sumqayıt Tibb Mərkəzi PHŞ-ə çevrilib. Mərkəzin tabeliyində 17 tibb müəssisəsi – 7 Ailə Sağlamlıq Mərkəzi, Perinatal Mərkəz, 5 xəstəxananın tərkibində poliklinika şöbələri, TTYX, TTYS, Vərəm Xəstəxanası, Stomatoloji poliklinika, o cümlədən Mərkəzləşdirilmiş qaraj, Mərkəzləşdirilmiş mətbəx və Mərkəzləşdirilmiş aptek fəaliyyət göstərir.
Sumqayıt Tibb Mərkəzi 102 min uşaq əhalisi olmaqla ümumilikdə 347 min 800 nəfər şəhər əhalisinə tibbi xidmət göstərir.
İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir.
2021-ci ilin 1 aprel tarixindən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.
Məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Ona görə bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır.
Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.
Onu da qeyd edim ki, məsələn, bir vaxtlar vətəndaşlara 8- 10 min manat arası məbləğə başa gələn əməliyyatlar, məsələn Açıq ürək əməliyyatı artıq icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına ödənişsiz həyata keçirilir. Digər bir məsələni də qeyd edim ki, Sumqayıt Tibb Mərkəzi bu günədək 128 nəfər şəhər sakini endoprotez əməliyyatı üçün növbəyə yazıb. Onlar növbəli şəkildə əməliyyat olunurlar ki, bu əməliyyatların qiyməti 2500 manat təşkil edir. Bununla yanaşı, 5 uşaq koxlear implantasiya üçün növbəyə yazılıb. İcbari Tibbi Sığortanın Xidmətlər Zərfində ən bahalı əməliyyat məhz bu əməliyyat təşkil edir ki, qiyməti 24000 manatdır. Bütün bu əməliyyatlar İcbari Tibbi Sığorta tərəfindən qarşılanır və vətəndaşlar ödənişsiz olaraq xidmətlərdən istifadə edə bilirlər.
– İnfrastruktur və maddi-texniki baxımından tibb müəssisələrinin hazırkı vəziyyəti necədir? Yəni pasiyentlər hansısa aparatlar, müayinələr üçün yol qət edib, artıq Bakıya getməyə məcbur qalmırlar…
– Xüsusilə son 5 il ərzində Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanılıb. Son 5 ildə şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.
2 nömrəli Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı. 150 çarpayılıq xəstəxana yüksək səviyyədə tikilib, müasir avadanlıqlarla təchiz edilib. Qısa müddətdə xəstəxana şəhər sakinlərinin istifadəsinə veriləcək.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Şəhər əhalisi üçün çox böyük əhəmiyyət kəsb edən 1 nömrəli şəhər xəstəxanasında 4-cü səviyyəli mərkəzləşmiş elektron laboratoriya fəaliyyətə başlayıb. Bu laboratoroiyada 700-dən çox analiz nümunələri götürülür. Həmin xəstəxanada KT müayinəsi də həyata keçirilir. Artıq MRT (Maqnit Rezonans Tomoqrafiya) avadanlıqları da gətirilib və yaxın günlərdə 1 nömrəli şəhər xəstəxanasında bu müayinələr də həyata keçiriləcək.
Bununla yanaşı, Uşaq Xəstəxanasında 3-cü səviyyəli və digər xəstəxanalarda 2-ci səviyyəli elektoron laboratoriyalar yaradılıb. Bu da imkan verir ki, şəhər əhalisi bütün laborator xidmətləri özəl tibb müəssisələrində deyil, dövlət tibb müəssisələrində almaq imkanı əldə edirlər. Artıq laborator analizlər üçün paytaxta üz tutmağa ehtiyac qalmır.
– İcbari tibii sığorta necə işləyir? Vətəndaşlar bu imkandan lazımınca yararlana bilirlərmi?
– Sumqayıtda icbari tibbi sığorta uğurla tətbiq olunur.İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar bütün tibb müəssisələrində struktura uyğun olaraq xidmətlər təşkil olunmuş, görülən işlərin nəticəsində bu günə kimi tibb müəssisələrinə 1027072 nəfər müraciət olmuş, onlardan ambulator xidmət üzrə müraciətlərin sayı 996655 nəfərə, stasionar xidmət üzrə müraciətlərin sayı 30417 nəfər olmuşdur.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrində gündəlik xidmət sayı 10-12 min arası dəyişir.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, vətəndaşlar dövlət tibb müəssisələrindən deyil, qeyri-dövlət tibb müəssisələrindən də yararlanmaq imkanı əldə ediblər.
Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində müayinə və əməliyyatlar həyata keçirilib.
Sumqayıt şəhərində icbari tibbi sığorta tətbiq olunandan 2022-ci ilin noyabrın ayının 1-dək olan müddət ərzində özəl tibb müəssisəsində 4329 nəfər şəhər əhalisinə dövlət tibb müəssisəsində olmayan müayinə və əməliyyatları, onlardan 92 nəfər Aorta koronar şuntlama, 85 nəfərə stentləşmə, 155 nəfərə böyrək əməliyyatı, 1954 nəfərə MRT (Maqnit Rezonans Tomoqrafiya), 933 nəfərə angioqrafiya, 498 nəfər göz əməliyyatı, 11 nəfər beyin əməliyyatı, 79 nəfər bel –oma əməliyyatı, 55 nəfərə diz əməliyyatı, 137 nəfərə EMQ (Elektromioqrafiya), 21 nəfərə AÜQ, 19 nəfərə elastometriya, 30 nəfərə beratest, 18 nəfərə ilkin dializ İcbari Tibbi Sığorta Agentliyi tərəfindən aparılmışdır.
Yuxarıda qeyd etdiyim əməliyyat və müayinələr İcbari Tibbi Sığortanın yaratdığı imkanlar əsasında ödənişsiz şəkildə həyata keçirilib.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, Sumqayıt Tibb Mərkəzi ərazi bütövlüyümüzün uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə və həmçinin müharibə iştirakçılarına da hər zaman böyük diqqət və qayğı göstərir.
Sumqayıt Tibb Mərkəzinin qazi və şəhid ailələrinin üzvlərinə göstərdiyi diqqətin ən əsası onların işlə təmin olunmasıdır. Belə ki, bu ilin fevral ayından bu günədək bu kateqoriyadan olan 100 nəfərdən çox şəxs Mərkəz tərəfindən işlə təmin olunub.
Sumqayıt Tibb Mərkəzi ümumi olaraq bu günə kimi 2474 şəhid ailəsi, qazi və müharibə iştirakçılarına tibbi xidmət göstərib, tibb müəssisələrinə 533 nəfər stasionar müalıcəyə göndərilib, 198 nəfər cərrahi əməliyyat olunub.
Onlardan 103 nəfər qazi və müharibə iştirakçılarını bel-oma və diz oynaqlarının icbari tibbi sığorta xətti ilə özəl və dövlət tibb müəssisələrində əməliyyatları təşkil edilib. 309 nəfərə KT və MRT müayinələri aparılıb, 30 nəfər böyrək əməliyyatı, 4 nəfər göz əməliyyatı, 2 ginekoloji əməliyyat, 21 nəfərdə ürəyin angioqrafiya müayinəsi olub, 120 nəfər Bakı şəhər Tibbi Reablitasiya Mərkəzinə müalicəyə göndərilib.
Bununla yanaşı, 222 nəfər müxtəlif tibbi xidmət göstərilib, 27 nəfər dərman, paltar, qida məmulatları və əlil arabası ilə təmin olunub, 10 nəfərə maddi yardım göstərilib.Ümumilikdə 74 nəfərə isə ödənişsiz tibbi arayış verilib.
400-dən çox qazi və şəhid ailələrinə psixoloji yardım üçün psixoloqların müalicəsinə cəlb olunublar.
– Tibbi personalın peşəkarlığının artırılması da şübhəsiz, vacib məsələlərdəndir. Bu istiqamətdə nə kimi işlər görülür? Həkimlərin yeni biliklərə yiyələnməsi, peşəkarlığını artırması, yeni trendlərlə tanış olması, təcrübə mübadiləsi baxımından hansı addımlar atılır?
– Bu sahədə də TƏBİB tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, Sumqayıt Tibb Mərkəzi olaraq tibbi personalın bilik və bacarıqlarının artırılması istiqamətində maraqlıyıq və tərəfimizdən bu sahədə də əməli işlər görülür. Tibb heyətimiz Azərbaycanda təşkil olunan təkmilləşdirmə kurslarında iştirak edir, peşəkarlıqlarını artırırlar. Bununla yanaşı, tibb bacılarımız, həkimlərimiz beynəlxalq konfranslara, təlimlərə qoşulur, yeniliklərin öyrənimləsi istiqamətində peşəkarlıqlarını artırmaq üçün səy göstərirlər. Müxtəif ixtisaslı həkimlərimiz mütəmadi olaraq ölkədən kənarda keçirilən konfranslarda iştirak edir, o cümlədən Rusiya, Türkiyə və digər ölkələrə səfərlər edir iştirak edir, qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Tibbin müxtəlif sahələrində tətbiq olunan yeniliklər barəsində öyrənilir və gələcəkdə bu yeniliklərin Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəsisələrində tətbiqi üçün əməli işlər həyata keçirilir.
Sumqayıt Tibb Mərkəzi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə həyata keçirdiyi layihələrdə də aktiv iştirak edir. Mərkəzimiz bu beynəlxalq təşkilatın dəstəyi ilə həyata keçirilən tədbirlərin aktiv iştirakçısına çevrilib.
Sumqayıtda ilkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin erkən dövrdə aşkar edilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində səylərimizi əsirgəmirik.
Bir yeniliyi də nəzərinizə çatdırmaq istəyirəm.
Tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsi üçün Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü ilə Sumqayıtda Simulyasiya və Təlim Mərkəzinin yaradılmasına başlanılıb. STM-in nəzdində olan Simulyasiya və Təlim Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təcili tibbi yardımın və infeksiyanın qarşısının alınması, nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihə çərçivəsində yaradılıb.
Mərkəz Sumqayıtda 40-cı məhəllədə yerləşən modul tipli xəstəxanadafaəliyyətə başlayıb. Burada ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində mütəxəssislər tərəfindən tibb işçilərinin iştirakı ilə təlimlərə start verilib. Bu sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdirilir.
Mərkəzin yaradılmasında əsas məqsədi tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə bərabər yerli təlimçilərin də yetişdirilməsindən ibarətdir.
Simulyasiya və Təlim Mərkəzində həyata keçirilən işlər sonradan təkmilləşdirilərək ölkə və beynəlxalq miqyası təşəbbüsə çevriləcək.
Bu yeniliklərə siz də şahidlik etmiş olacaqsınız.
Tibb işçilərinin fədakarlıqlarını da qeyd etmək yerinə düşər.
Şəhərimizin tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin önündə oldu. Şəhərin tibb personalı pandemiya ilə mübarizə tədbirlərinə səfərbər olundu. Tibb işçilərinin gecə-gündüz apardıqları mübarizə, əzmkarlıqları nəticəsində şəhər ərazisində ölüm hallarının qarşısı xeyli alındı. Virusa yoluxmuş şəhər sakinlərinin həyata qayıtmasında Sumqayıtın tibb personalının böyük əməyi oldu. Onlar bir çox hallarda öz həyatları bahasına şəhər sakinlərini həyata qaytardılar. Buradan onları hörmətlə anıb Allahdan rəhmət diləyirəm.
– Bəs maraqlıdır, hansı problemlərimiz var, hansı məsələlər həllini gözləyir?
– Təbii ki, problemlər də olmamış deyil. Hazırda bir sıra tibb müəsssiələrimizin əsaslı təmir işlərinə ehtiyacı var. Onlardan 2 nömrəli Ailə Sağlamlıq Mərkəzini, 3 və 4 nömrəli şəhər xəstəxanalarını qeyd etmək olar. Bu tibb müəssisələrinin də gələcəkdə təmir ediləcəyi nəzərdə tutulur.
Sumqayıt tibb işçiləri də həmişə olduğu kimi bundan sonra da şəhər əhalisinin sağlamlığında möhkəm duracaq, bu istiqamətdə öz qayğı və əməyini əsirgəməyəcək.
Təşəkkür edirəm.
– Uğurlar arzu edirik.
Müzakirə qapadılmışdır.