Sumqayıt vəkilləri ilə Eskişehir vəkilləri qardaşlaşır

298

2025-ci il noyabrın 4-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında Türkiyənin Eskişehir Barosunun rəhbəri Barış Günaydının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin hüquq sahəsində də getdikcə möhkəmləndiyini vurğulayıb. O, son illərdə Kollegiyada aparılan islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sədr ötən il Ankara şəhərində Türkiyə Barolar Birliyi və Azərbaycan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş Türk dünyası Vəkillər Kollegiyalarının Zirvə Görüşünü xatırladaraq, həmin toplantıda imzalanan niyyət bəyannaməsinin iki ölkə arasında hüquqi əməkdaşlığın dərinləşməsinə mühüm təkan verdiyini bildirib. Anar Bağırov yaxın gələcəkdə Türk dövlətlərinin Vəkillər Kollegiyaları Birliyinin yaradılacağına inamını ifadə edib.

Həmçinin sədr Azərbaycanda vəkillik institutunun inkişaf tarixindən, Kollegiyanın maliyyə müstəqilliyindən və tətbiq olunan elektron idarəetmə sistemindən danışaraq, dövlət tərəfindən vəkilliyin inkişafına göstərilən ardıcıl diqqət və qayğının bu sahədə mühüm rol oynadığını qeyd edib.

Öz növbəsində, Eskişehir Barosunun rəhbəri Barış Günaydın səmimi qəbula görə təşəkkürünü bildirib, ilk rəsmi görüşdən böyük məmnunluq duyduğunu qeyd edib. O, gələcəkdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması, birgə təlim və seminarların təşkili istiqamətində əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini deyib.

Görüş zamanı Sumqayıt Regional Vəkil Bürosu ilə Eskişehir Barosunun “qardaş büro” elan edilməsi təklifi irəli sürülüb. Anar Bağırov bu təşəbbüsü yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində türkiyəli vəkillər Sumqayıt Regional Vəkil Bürosunu da ziyarət ediblər. Qonaqlar büronun fəaliyyəti, şərait və idarəetmə sistemi ilə yaxından tanış olublar, həmkarları ilə fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı bildirib ki, səfər həm Azərbaycan, həm də Türkiyə vəkilləri arasında hüquqi əməkdaşlığın, peşə həmrəyliyinin və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər