Sumqayıt yaşamaq üçün gözəl şəhərdir

1567

Sumqayıtda müvəqqəti sakini, tələbə Elxan Qafarov: “Həmişə deyirlər ki, nə vaxt gedirik Şəkiyə. Amma bir dəfə də olsun demirlər ki, gəlin bizə qonaq gedək”
Ramin Musayev: “ İndi Sumqayıtı doğma şəhərim kimi xoşlayıram”

Sumqayıtxeber.com artıq bir neçə gündür ki fəaliyyətə başlayıb. Bu saytın yaradılmasında əsas məqsəd Sumqayıtda baş verən ictimai –siyasi, sosial – iqtisadi və digər sahələrlə bağlı ən son xəbərlərin işıqlanırılması olsa da, biz çalışacağıq ki, oxucuları marağına səbəb olacaq araşdırmalar, reportajlar və müsahibələr də hazırlayaq.
Bu yazıda , Sumqayıtda təhsil alan və burada müvəqqəti məskunlaşan tələbələrin həyatı ilə sizləri tanış edəcəyik. Sumqayıt Dövlət Univeristetinin qarşısında ilk qarşılaşdığımız tələbələr Ramin və Elxan oldu. Sumqayıtda təhsil alan və burada kirayədə yaşayan tələbələrin yaşayış tərzi ilə bağlı www.sumqayitxeber.com saytı üçün yazı hazırlamaq istəyimizi bildirdikdə onlar məmnuniyyətlə razılıq verdilər. Tələbələrin hər ikisi Sumqayıt Dövlət Univeristetində mühəndislik fakultəsində Aftomatika və İdarəetmə ixtisası üzrə təhsil alırlar. Hər iki həmsöhbətimiz 2006-cı ildə univeristetə daxil olublar və artıq 3 ildir ki Sumqayıtda yaşayırlar. Elxan Qafarov şəki şəhərindən, Ramin Musayev isə Ağdaş rayonundan gəlib. Daha öncə bir-birini tanımasalar da artıq çox mehriban tələbə yoldaşıdırlar.
Ramin Sumqayıt haqqında ilk təsüratlarını bölüşür: “İlk dəfə Sumqayıta gələndə düşündüm ki, Bakı kimi daha böyük şəhərdir. Öncə burda yaşamaq istəməsəm də sonra gördüm ki, Bakı kimi böyük olmasa da geniş və yaşamaq üçün rahat şəhərdir. İlk dəfə gələndə ev üçün darıxırdım. Hər ay evə getmək üçün bəhanə axtarırdıq. İndi isə Sumqayıtı doğma şəhərim kimi xoşlayıram. ”
Elxan da Sumqayıt şəhərini yaşamaq üçün münasib yer sayır. Lakin insanlar arasındakı münasibətlər heç də xoşuna gəlmir. “Mən şəkidən gəlmişəm. Orda insanlar daha çox mehribandırlar. Ola bilsin ki, rayonda və kənddə hər kəs bir-birini tanıyır və buna görə də hal-əhval tuturlar. Burda isə qonşular da bir-birinə salam vermirlər. Bəlkə də şəhər mühitinin təsirindəndir bunlar. ” Elxan Sumqayıtda daimi yaşayan tələbə yoldaşlarından da gileyləndi: “Həmişə tətildə deyirlər ki, nə vaxt gedirik Şəkiyə. Amma bir dəfə də olsun demirlər ki, gəlin bizə qonaq gedək. Bax bu cür münasibətlər heç xoşuma gəlmir. Mən bu fikirləri təkcə sumqayıtlılara şamil eləmirəm. İri şəhərlərdə bu cür münasibətlər normal sayılır. ”
Həmsöhbətlərimiz tələbəlik illərinin müsbət cəhətlərindən də danışdılar: “Ümumiyyətlə tələbəlik illəri insanın formalaşması baxımından çox yaxşı bir dövrdür. Bu dövr ərzində pislə yaxşını seçməyi öyrənmişik. İnsanları daha yaxından tanımışıq. Bir növ tələbəlik illərini sınaq dövrü kimi görürük. Çətin vəziyyətlərdə özümüz müstəqil şəkildə qərar verməyi öyrənmişik. Tələbəlik illəri təkcə təhsil alamaq deyil həm də şəxsiyyt kimi formalaşmaq üçün yaxşı dövrdür. ”
Tələbələr Sumqayıtda özlərinə ev kirayələyiblər. Bir otaqlı evdə 4 nəfər tələbə yaşayır. Hər biri ay ərzində əlli beş manat kirayə pulu verir. Kirayə pullarını təqaüdlə ödəyə bildikləri üçün razıdırlar. Yemək üçün lazım olan ərzaq və qidaları isə evlərindən göndərirlər. Yemək bişirmək və ev işlərinin görülməsinə gəlincə tələbələr qeyd etdilər ki, hər bir iş növbə ilə görülür: “ Evdə 4 nəfər olduğumuz üçün hər gün birimiz yemək bişiririk. İlk dəfə çətinlik çəksək də, bişirdiyimiz yeməkləri yandırsaq da artıq öyrəşmişik. Daha çox kartof qızardırıq, qayğanaq bişiririk, hətta boz baş bişirmək də öyrənmişik.”
Sumqayıtın 4 illik qonaqları gələcəkdə öz ixtisasları üzrə- computer proqramlaşdırması üzrə işləmək üçün əlavə kurslara da yazıldıqlarını qeyd etdilər: “Biz çalışırıq ki, tələbəlik dövründə nə isə öyrənək. Digər tələbə yoldaşlarımız yalnız diplom üçün oxusalar da biz dərk edirik ki, əlavə biliklər qazanmaq lazımdır. Əgər gələcəkdə yaxşı bir işdə işləmək istəyiriksə ixtisasımızı mükkəmməl bilməliyik.”
Sonda sumqayitxeber.com olaraq Sumqayıtın müvəqqəti sakinlərinə imtahanlarında müvəffəqiyyətlər diləyib ayrıldıq. Arzu edirik ki, Elxan və Ramin Sumqayıt şəhərini həmişə xoş xatirələrlə yad etsinlər.
Jalə Səfərova
Amil Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • TURAL
    İyun 21, 2009 - 14:00

    Salamlar Men Bakida Qaliram Amma Bezi Qohumlarim Sumqayitda qalir menim icim sexsen sumqayitda yasamaq bakida yasamaqdan lezet eder cunki heqiqeten sumqayit yasamaq ucun gozel seherdir

  • Fuad
    İyun 24, 2009 - 08:38

    Salam doqurdan Sumqayitin yerini hec bir seher vere bilmez.Ewq olsun sumqayitlilara

  • dr.Ilqar
    İyul 5, 2009 - 17:01

    salam.men de bele hesab edirem ki,Sumqayit qeder yashamali,sakit,temiz sheher yoxdur

  • Elnur R.
    İyul 6, 2009 - 16:42

    Sumqayit!!!!!!
    Sen nece de gozelsen……….

  • samira
    Dekabr 7, 2009 - 15:34

    Mən bütün şəhərlərdən Sumqayıt şəhərini üsdün tuturam
    mənə görə onun təbiəti əlverişli,insanları gözəldir!!!

samira üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər