“Heydər Əliyev İli” çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaradıb. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il ölkəmizin tarixinə dönüş günü kimi yazılıb. Bu baxımdan, bu gün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev dühasının müstəsna yeri vardır. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi. Bu tarix xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Respublikamızın mədəni-iqtisadi inkişafında, xalqımızın rifah halının yüksəldilməsində, indiki müstəqil dövlətimizin əsaslarının qoyulmasında bu günün müstəsna rolu olmuşdur. Sumqayıtın sovet hakimiyyəti illərində inkişafı və təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır.Bu dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhərin tarixinin ən əlamətdar səhifələri yazılmışdır. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss etmişlər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi şəxsiyyətin əvəzsiz xidmətləri danılmaz faktdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra onun təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi.
Heydər Əliyev Sumqayıtın sadə zəhmətkeşlərinin əməyini həmişə yüksək qiymətləndirmiş, onların keçmiş SSRİ-nin ali orden və medalları ilə, müxtəlif fəxri adlarla təltif edilməsinə nail olmuşdur. Sumqayıtlılar da öz növbəsində əməyi həmişə yüksək qiymətləndirən Heydər Əliyevə xüsusi rəğbət bəsləyir, onu öz himayədarı hesab edirdilər.
Sumqayıt Dövlət Universiteti Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Arzu Bəndəliyeva, Partiya veteranı Nigar Cəfərova, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda məruzə ilə çıxış ediblər.
Müzakirə qapadılmışdır.