Sumqayıt şəhərində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir təşkil olunub.
Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ardınca Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirələri minnətdarlıq hissi ilə yad edilib.
Bayram tədbiri daha sonra Sumqayıt Musiqi Kollecində davam etdirilib. Kollecin foyesində gənclərin yaradıcılıq bacarıqlarını əks etdirən rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgi gənclərin estetik zövqünü, yaradıcı düşüncəsini və fəallığını nümayiş etdirib.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Musiqi Kolleci və Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov gənclərin ölkənin gələcəyində oynadığı mühüm rol vurğulayıb, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət gənclərin hərtərəfli inkişafına geniş imkanlar yaradır. Sumqayıtın 2025-ci il üçün “Gənclər Paytaxtı” elan edilməsi şəhərdə gənclər üçün yeni layihələrin icrasına, sosial, mədəni və maarifləndirici tədbirlərin genişlənməsinə mühüm töhfə verib.
Daha sonra Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edib. Çıxışda gənclər gününün ölkə miqyasında qeyd olunmasının əhəmiyyəti vurğulanıb, bu günün gənclərin cəmiyyətdəki rolunun daha da artırılmasına xidmət etdiyi bildirilib. Qeyd edilib ki, həyata keçirilən dövlət proqramları, layihələr və təşəbbüslər gənclərin asudə vaxtının səmərəli təşkili, onların fiziki, mənəvi və intellektual inkişafının təmin olunmasına yönəlib.
Tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edərək, onların əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra “Gənclər Paytaxtı – Sumqayıt” layihəsi çərçivəsində, eləcə də könüllülük və ictimai fəaliyyətlərdə fərqlənən bir qrup gəncə Sumqayıt şəhər icra hakimoyyəti başçısı Zakir Fərəcovun və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim edilib.
Tədbir gənclərin hazırladığı bədii-musical proqramla davam etdirilib.
Qeyd edək ki Sumqayıtın “Gənclər Paytaxtı” statusu çərçivəsində il ərzində 127 tədbir keçirilib.Bu tədbirlərə 50 mindən artıq gənc cəlb edilib.Diqqətə çatdıraq ki,region gəncləri beynəlxalq layihələrdə, idman yarışlarında və müxtəlif forumlarda uğurla təmsil olunur.
Təbdir yüksək əhval-ruhiyyə şəraitində başa çatıb.











Müzakirə qapadılmışdır.