Sumqayıtda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

56

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tdbirdə YAP Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə gənclər arasında keçirilən “Müstəqil Azərbaycanın memarı – Ulu öndər Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinin mükafatlandırılması da baş tutub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Hicran Hüseynova, Elnarə Akimova, Mehriban Vəliyeva, Tahir Mirkişili, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, ictimaiyyət nümayəndələri, ziyalılar və fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, milli maraqların qorunmasında və dövlətin strateji hədəflərinin reallaşdırılmasında mühüm rol oynayır. Çıxışlarda bildirilib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların intellektual potensialının üzə çıxarılması və təşəbbüskarlığının dəstəklənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir.

Vurğulanıb ki, gənclərin iradəsinin dövlətin siyasi iradəsinə çevrilməsi ölkənin davamlı inkişafının, möhkəm ictimai-siyasi sabitliyin və gələcək uğurların əsas təminatıdır.

Tədbir çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının ötən il ərzində təşkil edərək keçirdiyi “Müstəqil Azərbaycanın memarı – Ulu öndər Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinin mükafatlandırma mərasimi də keçirilib. Qeyd edək ki, müsabiqə gənclərin yaradıcılıq potensialının, analitik düşüncə qabiliyyətinin və Ulu öndərin siyasi irsinə olan dərin hörmət və bağlılığının bariz nümunəsi kimi qiymətləndirilib. Müsabiqəyə təqdim olunan yazılarda Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna rolu, müstəqil Azərbaycanın formalaşması və möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlər geniş şəkildə əks olunub.

Tədbir iştirakçıları belə layihələrin gənclərin intellektual və mənəvi inkişafına mühüm töhfə verdiyini, onların cəmiyyət həyatında fəal mövqe tutmasına stimul yaratdığını qeyd ediblər.

Tədbirin sonunda esse müsabiqəsinin qalibləri qiymətli hədiyyələr və diplomlarla, final mərhələsinə yüksəlmiş iştirakçılar sertifikatlarla, ictimai-siyasi və təşkilati fəaliyyətlərdə fəallığı ilə seçilən gənclər isə fəxri fərmanlarla təltif olunublar.

Tədbir YAP-ın himninin səsləndirilməsi ilə yekunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər