Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb? - HESABAT

4014

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.

Vurğulanıb ki, yanvar ayının 16-da Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkında inşa olunmuş ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodunun və fevral ayının 18-də ikinci dəfə şəhərə səfəri zamanı  Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etmişdir. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihə olan müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan verəcəkdir.

“SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. İlkin mərhələdə, “SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsalı nəzərdə tutulmuş, 900-dən çox daimi iş yeri yaradılıb.

Qeyd olunub ki, Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinin ölkədə geniş şəkildə qeyd edilməsi, abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması, eyni zamanda, dövlət başçısının Sumqayıt bulvarında şəhər sakinləri ilə səmimi görüşüb söhbət etməsi ictimaiyyət tərəfindən böyük sevinclə qarşılanmışdır.

Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə 11 tədbir müəyyən edilib. Dövlət Proqramının icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb. Başqa sözlə, 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb  və xidmətlər göstərilib, 4 milyard 130  milyon manatlıq sənaye məhsulu istehsal olunub,  şəhərin  inkişafı  və  ayr-ayrı  infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub, 32819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılmış, yol infrastrukturunun inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülüb, ümumilikdə 3,5 milyon kv. metr asfalt örtüyü döşənmiş, 1,0 milyon  kv. metr asfalt örtüyü cari təmir edilib.

Hesabat məruzəsində vurğulanıb ki, 2019 – 2023-cü illəri əhatə edən yeni Dövlət Proqramında Sumqayıt şəhəri üzrə 14 tədbir müəyyən edilib. Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, iplik, sabun və gigiyenik məhsullar, selüloz, müxtəlif profnastillər və kasset panellər, şərab şüşələri, tara istehsalı, logistika mərkəzinin yaradılması, həmçinin Sumqayıt Kimya Sənaye Parkının inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, o cümlədən, şüşə və saxsı məmulatlar, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, şüşə istehsalı, yunəyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Sənayenin inkişafı ilə yanaşı, digər sahələrdə də mühüm işlərin həyata keçirilməsi Proqrama daxil edilmişdir.

Bildirilib ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində cari ilin altı ayı ərzində şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 70 milyon manat artaraq 1 milyard 80 milyon manat olmuşdur.

Sənaye müəssisələrində 720 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 faiz təşkil edir.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulmuş, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatmışdır. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.

Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin, “AzərFloat” QSC tərəfindən Almaniya texnologiyası əsasında ildə 8,0 milyon kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı, İnvestisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və boru istehsalı müəssisələrinin, “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

Ölkənin kimya sənayesinin avanqardı olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilmişdir. Layihə çərçivəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq. “SOCAR Polymer” MMC müəssisələri daim olaraq xammal və enerji ilə təminatı yaxşılaşacaq, EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərikimya” İB bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq.

Sənaye zonasında müəssisələri fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Sulfanol adlanan ərazidə köhnə yarımstansiyanın yerində müasir 110/35/6 KVT-luq yarımstansiyanın tikintisi başa çatdırılıb. Yarımstansiyada 2 ədəd 80 MWT gücündə yeni transformator quraşdırılıb.

Cari ilin 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 150 milyon manat olub. Bu da əvvəlki dövrə nisbətən 4 faiz və ya 6 milyon manat artım deməkdir.

Nəqliyyat sahəsində göstərilən xidmətlər 8 milyon manat və ya ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz çox, rabitə xidmətlərinin həcmi isə 7,7 dəfə çox və ya 35 milyon manat olub.

Ticarət dövriyyəsi 170 milyon manatdan artıq olub, əvvəlki dövrlə müqayisədə 7 faiz artıb.

Əldə olunan uğurlar, iqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 6,0 milyon manat və ya 25 faiz artaraq 30,0 milyon manat olmuş, xərc hissəsi isə 23,4 milyon manat proqnoza qarşı 19,2 milyon manat və ya 82,2 faiz icra edilib.

Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 5537 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 4210 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. 74 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmiş, 104 nəfər özünüməşğulluq proqramının təlimlərinə cəlb olunub.

Dövlət Sosial Müdafiə Fondu üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon manat artaraq 67 milyon manata çatıb.

Şəhərdə müxtəlif sosial obyektlərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə yeni inşa olunmuş yaşayış binalarına köçürülüb.

Hesabat dövründə “Nizami kinoteatr”ının, Məhkəmə Kompleksinin, “Muğam evi”nin tikintisi, Sumqayıt Bulvarının şimal istiqamətdə 1,0 km uzunluğunda, 30 hektar sahənin genişləndirilməsi işləri davam etdirilib, 5-ci Polis Bölməsinin yeni inzibati binası istifadəyə verilib.

Şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahə­sində işlər davam etdirilmiş, Sülh, Azərbaycan prospektlərində və Səməd Vurğun küçəsində yeni asfalt örtüyü salınmışdır. Metallurq Yəhya Məmmədov küçəsinin əsaslı təmir işləri başa çatdırılmış, Heydər Əliyev, Ü.Hacıbəyov, N.Nərimanov və M.Hüseynzadə, Niyazi, Mehmandarov, Bakı küçələrində 8 min kv. metr asfalt örtüyü cari təmir edilmişdir. 20 Yanvar və Məzahir Abdullayev küçələrində asfalt örtüyünün əsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb.

6, 9, 11, 12, 13, 17-ci mikrorayonların, 5, 7-8-12, 9, 14, 29, 30, 34, 36, 42-ci məhəllələrin, Hacı Zeynalabdin qəsəbəsində məhəllədaxili ərazilərə 120 min kv.metrədək asfalt örtüyü döşənmiş, 22 min p/m bardür rənglənib.

Corat qəsəbəsində Hüseyn Arif küçəsində 1500 metr məsafəyə asfalt döşənib.

Hacı Zeynalabdin qəsəbəsində yaşayış binalarında 123 girişə dəmir qapı qoyulmuş, Xətai küçəsində işıqlandırma başa çatdırılmış, qəsəbədə iki nümunəvi məhəllə yaradılmış, Təcili Tibbi Yardım binası və dörd uşaq bağçasında cari təmir işləri aparılmış, Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri yekunlaşdırılıb.

152 yaşayış binasının zirzəmisi məişət tullantılarından və çirkab sulardan təmizlənib.

1, 2, 4, 5, 6, 8, 13, 18-ci mikrorayonlarda, 41, 42, 45-ci məhəllələrdə və Hacı Zeynalabdin qəsəbəsi ərazisində ümumilikdə 180 yaşayış binasının dam örtüyünün dəyişdirilməsi işləri aparılıb, o cümlədən 115 binada işlər başa çatdırılıb. Yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi intensiv olaraq davam etdirilir.

18, 19-cu məhəllələrin ərazisində 6 binanın fasadının aqlay daşla üzlənməsi,
1, 3, 5, 6, 8, 11, 12-ci mikrorayonlar və 48-ci məhəllə ərazisində 21 binada fasadların təmiri işləri başa çatmışdır.

1, 2, 6, 9, 10, 13, 17-ci mikrorayonlarda, 1, 3, 4, 5, 7-8-12, 14, 19, 26, 45-ci   məhəllələrdə yaşayiş binalarının 52 pilləkən qəfəsi təmir edilmiş, 721 kv.metr pəncərə şüşələnmişdir. Məhəllə və mikrorayonların ərazisində 52 ədəd dəmir qapı, 345 oturacaq quraşdırılıb.

1361 yaşayış binasının zirzəmisi, pilləkən qəfəsləri, Nəsimi parkı və Sumqayıt Bulvarı ərazisi dezinfeksiya edilib.

5, 6, 8, 9, 10, 11, 12, 13 və 17-ci mikrorayonların və 5, 9, 14, 30, 34, 36, 41-ci məhəllələrin ərazilərində, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində uşaq şəhərcikləri və idman meydançaları yaradılmış, bu sahədə işlər davam etdirilir.

Ekoloji mühitin daha da sağlamlaşdırılması, yaşıllıq zolaqlarının salınması məqsədi ilə 23 min ağac, 18 min dekorativ, 93 min mövsümi gül və 60 min ədəd dekorativ kol əkilmiş, 2 min pm yeni suvarma xətti çəkilmişdir. 7600 kv.metr qazon örtüyü döşənmiş, 60 kubmetr münbit torpaq və gübrə verilmişdir. 2420 ədəd quru və təhlükə yaradan ağac kəsilmiş, 1780 ədəd ağac budanıb.

Ayrı-ayrı ərazilərdə 6 ədəd zibilxana tikilmiş, məişət tullantılarının daşınması üçün 344 ədəd konteyner təmir edilmişdir. 250 min kubmetrədək məişət tullantısı daşınıb.

 

Hesabat dövründə Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilmişdir.

Hesabat dövründə şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib. Sülh küçəsində 273 mm-lik qaz kəməri 1156,2 p/m uzunluğunda yeni 315 mm-lik qaz kəməri ilə əvəzlənib. Bununla yanaşı, 21-ci mikrorayonda, 20, 49, 52, 76-cı məhəllələrdə, Xəzər, Saray, Novxanı bağları, İnşaatçılar, Qurddərəsi yaşayış massivlərində, Hacı Zeynalabdin qəsəbəsində, Sumqayıtçay ərazisində 20 min p/m müxtəlif diametrli yeni qaz xətti çəkilib. Yeni Sumqayıt yaşayış massivinin qazlaşdırılması üçün layihə smeta sənədləri hazırlanır.

Əhalinin su ilə təminatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, 118 binanın zirzəmisində 360 p/m su xətti, 42 binanın zirzəmisində isə 730 p/m kanalizasiya xətti, 245 p/m məhəllədaxili və küçə kanlizasiya xətti təmir olunub və dəyişdirilib. Acı dərə kanalının məişət tullantılarından təmizlənməsi işləri aparılıb.

Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası­nın möhkəmləndirilməsi daim nəzarətdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən istismar müddətini ötmüş 62 ədəd liftin yenisi ilə əvəz olunması işləri başa çatdırılıb.

Ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində 29 yaşayış binasında
74 liftdən 22-nin əsaslı təmiri işləri yekunlaşdırılmışdır. Bu sahədə işlər davam etdirilir. Bundan əlavə daxili imkanlar hesabına 12 liftdə əsaslı, 16 liftdə cari təmir işləri görülmüşdür. 120 lift onlayn rejimdə işləyən “Mərkəzləşdirilmiş Dispetçer Xidməti” intellektual idarəetmə sisteminə qoşulmuşdur. Bununla da bu sistemin əhatə etdiyi liftlərin sayı 205-ə çatdırılıb. Daha 200 ədəd liftin bu sistemə qoşulması üçün tələb olunan avadanlıqlar sifariş edilib. Bütün liftlərin intellektual idarəetmə sisteminə qoşulmasının cari ilin noyabr ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə Stansiya Sumqayıt yaxınlığında inşa edilmiş yaşayış kompleksinin sakinlərinin rahat gediş-gəlişini təmin etmək üçün yeni avtobus marşrut xətti açılmışdır. 55 nömrəli marşruta müasir avtobuslar buraxılıb, qəsəbəarası yollar təmir olunmub. Şəhərdə təlabata uyğun olaraq müasir tipli dayanacaqların quraşdırılması davam etdirilir.

Hesabat dövründə şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırıl­ma­sı, maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşı­laşdırılması sa­həsində müəyyən işlər görülüb.

Bütün dövrlərdə uğurlu töhfələri ilə seçilən Sumqayıt təhsil sistemi, hesabat dövründə də ənənəsinə sadiq qalıb, əvvəlki illərdə əldə olunan nəticələrin daha da yaxşılaşdırılmasına nail olunub.

Eyni zamanda, şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üşün xeyli iş görülmüş, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılmış, istilik sistemi tam bərpa olunmuş, bütün uşaq bağçaları isti su ilə təchiz edilmiş, ərzaq təminatı ciddi nəzarətə götürülmüşdür. Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilib.

17 və 18 saylı uşaq bağçalarında Şəhər İcra Hakimiyyəti tərəfindən təmir işləri aparılır.

Uşaq bağçalarında məskunlaşan məcburi köçkünlərin bir qrupunun yeni yaşayış binalarına köçürülməsi nəticəsində 19 uşaq bağçasında əlavə 40 qrup açılacaqdır. Əlavə olaraq 800-ə yaxın uşağın bağçalara qəbulu təmin olunacaqdır.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri işlərinə başlanılıb, 2 nömrəli şəhər poliklinikası əsaslı təmir olunub, Narkoloji Dispanserin əsaslı təmiri işləri davam etdirilib.

Ölkə başçısının tapşırığına əsasən 290 min şəhər sakini tibbi müayinəyə cəlb olunmuş, aşkar edilmiş xəstəliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Şəhər icra başçısının tapşırığı ilə əhalinin ucqar yaşayış yerlərində qeydiyyatsız yaşayanları nəzərə alaraq, tibbi müayinə bu günkü günə qədər davam etdirilir.

Hesabat dövründə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanıl­ıb.

Hesabat dövründə 26 idmаn növü üzrə 199 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplаnışlаrı kеçirilib. Şəhər idmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 623 mеdаl əldə еdiblər. Bunlаrdаn 234-ü qızıl, 167-i gümüş, 222-si bürünc mеdаl olub.

Şəhər rəhbərliyi tərəfindən məhəllə və mikrorayonlarda vətəndaşların 25 səyyar qəbulu keçirilib.

Hesabat məruzəsi ətrafında qarşıda duran perspektiv vəzifələr müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunub.     

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər