Sumqayıtda törədilən qətlin təfərrüatı bəlli olub.
“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Onun Seymur Qasımova 300 manat borcu olub. S.Qasımov dəfələrlə ondan borcunu qaytarmasını desə də, H.Piriyev buna məhəl qoymayıb.
Hadisə törədiləndən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək istəyib, lakin söhbət mübahisəyə çevrilib. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qayınanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.
***
Bu gün Sumqayıt şəhərində ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlunu saxlayıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Müzakirə qapadılmışdır.