Sumqayıtda 3927 məzun üçün son zəng səslənib

2307

Bu gün Sumqayıtda fəaliyyət göstərən 49 ümumtəhsil məktəbində son zəng çalınıb.

Son zəng mərasimi Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə Dövlət Himninin ifası ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva  iştirak edib.

Məktəbin direktoru Reyhan Yunisova məzunları təbrik edib. O, 1973-cü ildə yaradılan 1176 şagirdlik məktəbin şərəfli tarixindən danışıb. Qeyd edib ki, 2 növbədə fəaliyyət göstərən təhsil ocağında 2023/2024-cü tədris ilində 70 sinif komplektində 1982 nəfər şagird təhsil alıb. Ümumi təhsil müəssisəsində bu il 11-ci sinfi 158 nəfər bitirib.

Direktor məktəbin respublika fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında uğurlarından da söz açıb. Belə ki, məktəbin şagirdləri tədris ilində 10 medal qazanıblar. Bir şagird TİMO Beynəlxalq Riyaziyyat olimpiadasının İstanbulda keçirilən final mərhələsində iştirak edərək qızıl medala layiq görülüb. Daha bir məktəbli “Hippo” beynəlxalq ingilis dili olimpiadasının ilk turunda 158 şagird arasında II yeri tutaraq sonrakı turları da uğurla keçib və Türkiyədə reallaşacaq finalda iştirak etmək hüququnu qazanıb. Məktəb rəhbəri digər şagirdlərin də ilboyu qazandığı uğurlardan fərəhlə danışıb.

Valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən qonaqlar, məktəbin ləyaqətli vətəndaş, vətənpərvər övlad yetişdirməsindəki rolunu vurğulayıblar.

Bədii hissədən sonra son zəng çalınıb.

Qeyd edək ki, bu il Sumqayıtda 11-ci sinfi bitirən 3927 məzun üçün son zəng səslənib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər