Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində baş verib.
Abbas yaşadığı evinin giriş otağından bacısı Aydan ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Baş vermiş mübahisə zamanı bacısının döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacısı Aydan 2023-cü ilin may ayından etibarən 2018-ci il təvəllüdlü oğlu İlkin ilə birlikdə onunla yaşayır: “Aramızda ara-sıra mübahisə yaranır. Hadisə günü, saat 11.20-də Aydanın oğluna qapını bağlamağı tapşırdım. Bunu eşidən Aydan üzərimə hücum çəkdi. Mən də əsəbiləşdiyim üçün Aydanın sifətinə və dodağının üstünə şillə ilə vurdum. Əsəbiləşdiyim üçün belə davranmışam. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, onula eyni evdə yaşayan Abbas da onun kimi ailəsindən boşanıb, onlarla birlikdə yaşayır: “Mən 2023-cü ilin mayında bu evə köçmüşəm. Həmin vaxtdan etibarən qardaşım ilə aramızda mübahisələr yaşanıb. Abbas mənim həmin evdə yaşamağımı istəmir, eyni zamanda oğlum ilə də yola getmir. Hadisə günü, saat 11.20-də evdə olarkən Abbas oğlum İlkinə nəsə tapşırdı. Mən isə İlkinin uşaq olduğunu, edə bilməyəcəyini dedim. Bundan sonra Abbasla aramızda mübahisə baş verdi. Mübahisə zamanı Abbas məni döydü”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Demokrat.az
Müzakirə qapadılmışdır.