Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” qəsəbəsində uzun illərdir həllini gözləyən kanalizasiya probleminin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hafta.az xəbər verir ki,azırda 925 ailənin yaşadığı ərazidə yeni kanalizasiya xəttinin çəkilişi həyata keçirilir.
Xatırladaq ki, bu ilin 23 yanvar tarixində Milli Məclisin deputatı Elnarə Akimova Dəmir yolu Yük həyəti rayonu yaşayış massivində səyyar qəbul keçirərək sakinlərin sosial-məişət problemləri ilə yerində tanış olmuşdu. Görüş zamanı sakinlər əsas problemlərdən biri kimi kanalizasiya sisteminin olmamasını diqqətə çatdırmış, evlərin çirkab suların təsiri altında qaldığını və xüsusilə yağışlı havalarda vəziyyətin daha da ağırlaşdığını bildirmişdilər. Deputat sakinlərin müraciətlərini dinlədikdən sonra problemin həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirmiş, məsələni nəzarətdə saxlayacağını qeyd etmişdi. Hazırda isə ərazidə kanalizasiya xəttinin çəkilişi istiqamətində işlər davam etdirilir. Sakinlərin sözlərinə görə, layihə Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə icra olunur və işlərin yaxın 4-5 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Məlumata görə, layihənin həyata keçirilməsində sakinlər də yaxından iştirak edirlər. Belə ki, hər ailə tərəfindən 650 manat vəsait ayrılıb, eyni zamanda bəzi sahibkarlar və müəssisələr tərəfindən layihəyə maddi dəstək göstərilir.
Qəsəbə sakinləri uzun illərdən sonra problemin həlli istiqamətində real addımların atılmasını məmnunluqla qarşılayaraq görülən işlərin qısa müddətdə uğurla başa çatacağına ümid etdiklərini bildirirlər.
Milli Məclisin deputatı Elnarə Akimova görülən işlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və layihənin icrasına göstərilən dəstəyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü bildirib.


Müzakirə qapadılmışdır.