Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə “Zəfərə gedən yol – 10 il” adlı tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcısı Azərbaycanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov olub. Şəhidlərə həsr olunmuş videoçarx iştirakçılara qəhrəmanlıq salnaməmizi bir daha xatırladıb.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, millət vəkilləri Elnarə Akimova və Rizvan Nəbiyev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər. Həmçinin, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsi zəngin proqramı ilə yadda qalıb. Sumqayıt şəhər 23 saylı Texniki Fənlər Təmayüllü Liseyin xor kollektivi çıxışı ilə tədbirə xüsusi ahəng qatıb. Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarovun səsləndirdiyi şeir vətən sevgisini və şəhidlərə ehtiramı poetik dillə ifadə edib.
Bədii proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Şəhyarın, “Şahinlər” rəqs qrupunun, IX Muğam müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin, “Dərviş” qrupunun, gənc müğənni Əli Əliyevin ifaları, həmçinin səhnədə nümayiş olunan “Medalyon” tamaşası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzar Fərəcovanın “Qarabağ şikəstəsi” ifası ilə yekunlaşıb.



Müzakirə qapadılmışdır.