Sumqayıt şəhərində sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədilə marşrut avtobuslarının sürücüləri ilə monitorinq və maarifləndirmə işləri aparılıb. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində həyata keçirilib.
Monitorinq zamanı müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar yoxlanılıb. Avtobusların texniki vəziyyəti, sürücülərin etik davranış qaydalarına əməl etməsi, eləcə də nəqliyyat vasitələrinin müəyyən edilmiş hərəkət cədvəlinə uyğun fəaliyyət göstərməsi diqqətdə saxlanılıb.
Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sərnişinlərə qarşı diqqətli və məsuliyyətli davranmağın vacibliyi onlara bir daha xatırladılıb. Qeyd olunub ki, sərnişin daşımalarının təhlükəsiz və nizamlı təşkili əsas prioritet məsələlərdən biridir.
Aparılan monitorinqlər zamanı bəzi qayda pozuntuları da aşkar edilib və həmin hallarla bağlı qanunvericiliyə uyğun inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.
Bildirilib ki, şəhər sakinlərinin və qonaqların təhlükəsiz və keyfiyyətli nəqliyyat xidmətindən istifadə etməsini təmin etmək məqsədilə bu cür monitorinq və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.


Müzakirə qapadılmışdır.