Sumqayıtda Bədən Tərbiyəsi və İdman günü qeyd olunub

48
03 mart 2026-cı il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “05 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Sumqayıt şəhər, Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, müxtəlif idman növləri üzrə baş məşqçilər və Əməkdar məşqçilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov bildiriblər ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf edir. Qeyd olunub ki, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlar, eləcə də Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni həyatında əldə olunan davamlı inkişaf dövlətin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Çıxış edənlər şəhərin idman ictimaiyyətini “05 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik ediblər.
Tədbirdə söz alan idman ictimaiyyətinin nümayəndələri ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən və bu istiqamətdə şəhərdə həyata keçirilən uğurlu fəaliyyətlərdən danışıblar.
Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup idmançı və məşqçi-müəllimlərə “05 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə fəxri fərmanlar və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Tədbir xatirə şəkli ilə yekunlaşıb.
 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər