Sumqayıtda bu xəstəxanaya regionlardan da müraciət edirlər –

195

Cinsi – oğlan.
Boyu – 52 sm.
Çəkisi – 3 kq 350 qram…

Tibb bacısı göbək bağı kəsilən körpəni tərəzinin üstündən götürüb təhvil verir. Qeysəriyyə əməliyyatı ilə doğulan uşağı daha sonra neonatoloq müayinə edir, sağlam olduğunu təsdiqləyir.

Dünyaya yeni göz açan körpənin çığırtısı, ananın sevinci, gözləmə zalındakı yaxınların həyəcanı qəribə və təkrarsız hisslər yaradır. Bu mənzərəni – balaca adamın həyatının ilk dəqiqələrini xüsusi geyim və maska ilə qapıdan müşahidə etmək imkanı əldə edirik.

“Qafqazinfo” xəbər verir ki, bu, Sumqayıt Perinatal Mərkəzdə günün ilk doğuşu idi. Bizim üçün möcüzəli görünən proses tibb müəssisəsində çalışanların gündəlik rutininə daxildir.

“Patologiya ilə doğulan uşaqlardan birini xilas edə bildilər”

Xəstəxanaya təkcə Sumqayıt ərazisindən deyil, regionlardan da müraciət edirlər. Əksər hallarda patoloji problemlə tibb müəssisəsinə üz tutan pasiyentlər buradan sevinclə geri dönürlər. Bunlardan biri də Salahovlar ailəsidir.

Qardaşı övladını təkrar müayinəyə gətirən Cəmalə Salahova ilə xəstəxananın həyətində söhbətləşirik. Onun sözlərinə görə, əkizlərə hamilə olan qadının özü və uşaqlarının həyatı üçün ciddi təhlükə olub: “Qardaşımın yoldaşında ağır preeklampsiya – yüksək təzyiq, qanazlığı, böyrəkdə irinləmə və genişlənmə var idi. Həqiqətən də, o vəziyyətdə uşaq dünyaya gətirmək böyük risk idi. Sonunda ana ölümü, uşaqlığın çıxarılması kimi risk var idi. Biz bura müraciət edəndə həkim hamiləliyi bir həftə uzatdı, qeysəriyyə əməliyyatı oldu.

…Özəl xəstəxanalar əkiz hamiləlik, erkən doğuş üçün depozit istəyirdilər. Buna imkanımız çatmadığına görə dövlət xəstəxanasına müraciət etdik. İcbari tibbi sığortanın yaratdığı şəraitə görə çox təşəkkürümüzü bildiririk. Bizim kimi uşaq həsrəti ilə yaşayan ailələrə sevinc bəxş edir”.

“Uşaqların yaşamasına heç bir ümidimiz yox idi…”

Tamara Abbaslı da riskli hamiləlik və yarımçıq doğuşla xəstəxanaya üz tutub. İcbari tibbi sığorta çərçivəsində iki sağlam övladla buradan geri dönüb. Daha etibarlı olduğunu düşünərək özəl klinika seçsə də, qrip virusuna yoluxması səbəbindən qəfil sancı ilə doğuş vaxtına 3 ay qalmış Sumqayıt Perinatal Mərkəzə gətirilib: “Qeysəriyyə əməliyyatı ilə əkiz qızlarım 7 aylıq dünyaya gəldi. Burada deyil, özəl xəstəxanada qeydiyyatda idim. Təcili yardımla bu xəstəxanaya gəldik. Uşaqların yaşamasına heç bir ümidimiz yox idi, çünki ciyərləri açılmamışdı. Həmçinin özümdə qan azlığı, uşaqlarda infeksiya var idi. Uşaqlar burada 5 gün küvəzdə qaldılar. Həkimin düzgün müalicəsi, tibb bacılarının səyi sayəsində sağ-salamat buradan qızlarımla birgə çıxdıq”.

Sumqayıt Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəblinin sözlərinə görə, bu ilin son 7 ayında tibb müəssisəsinə perinatal patologiyalı, ekstragenital xəstəliyi olan hamilələrdən 128 halda, yenidoğulmuşlardan isə 228 halda təxliyələr olub. 

“Müəssisədə xidmət multidistiplinar təşkil olunub. Yenidoğulmuşlar üçün neonatal reanimasiya, patologiya şöbələri var, katamnestik izləm xidməti yenidoğulmuşların müalicəsində müstəsna rol oynayır. Vaxtından əvvəl doğulmuş, xəstə yenidoğulmuşların izləmi aparılır. Diridoğulma meyarları dəyişib, artıq 22 həftəlik 500 qramlıq körpələr diridoğulma meyarına aiddir. Onlara küvəz rejimi, tənəffüs dəstəyi kimi aparatlar lazım gəlir. Bizdə bunların hər biri icbari tibbi sığorta ilə təminata alınıb.”, – T. Rəcəbli bildirib.

“Bunların tətbiqi xəstə məmnuniyyətinin artmasına səbəb olur”

Rəhbərin sözlərinə görə, mərkəzdə neonatal və perinatal skrininqlər tam həcmdə yerinə yetirilir. Hamilələrdə Xidmətlər Zərfi çərçivəsində 2, 3 və 4-lü testlərlə prenatal skrininqlər aparılır. Bu da irsi xəstəliklərin diaqnostikası baxımından müstəsna rol oynayır: “Bütün manipulyasiyalarda beynəlxalq standart olan ağrısızlaşdırma metodlarından istifadə olunur ki, bu da icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Bunların tətbiqi xəstə məmnuniyyətinin artmasına səbəb olur.

Mərkəzdə müxtəlif xərçəngönü xəstəliklərin skrininqinin, laporoskopik əməliyyatların aparılması, maddi-texniki bazanın yüksək olması, bahalı dərman vasitələrinin, tibbi sərfiyyatın olması Xidmətlər Zərfi çərçivəsində təminatdadır. Yeni fəaliyyətə başlayan yeniyetmələrin reproduktiv xidmət mərkəzi buna qulluq edir. Vaxtında ekstragenital xəstəliklərin aşkarlanması onların gələcəkdə sağlam ana olmalarına şərait yaradır ”.

Həkim deyir ki, vaxtından əvvəl doğulanlara dərman təminatı ilə yanaşı, psixoemosional dəstək də göstərilir. Atalar da körpələrlə təmasda olur, kenquru metodundan istifadə olunur: “İndiyə qədər müəssisəmizdə ən az çəki ilə doğulan 26 həftə 670 qramlıq körpə Sofidir. Hazırda 5 yaşı olan uşağın həm fiziki, həm də əqli inkişafı normal gedir.
Tibb müəssisəsində ana bətnində və ya həyatının ilk günlərində  cərrahi patologiya aşkarlanmış yenidoğulmuşlara neonatal cərrahiyyə icra olunur. Son 11 ay ərzində 24 neonatal cərrahiyyə həyata keçirilib. Bura spina bifida əməliyyatları, bağırsaq və qida borusu, anus atreziyası və s. anadangəlmə anomaliyalar  aiddir”.

Baş həkimlə söhbətimiz zamanı aydın olur ki, qadın reproduktiv orqanlarında xərçəng xəstəliklərinin 90 faizini HPV virusu törədir. Sevindirici haldır ki, Xidmətlər Zərfi çərçivəsində bu virusun təyini və kolposkopik müayinə təminata alınıb. Sadəcə qadınlara vaxtında müraciət etmək qalır.

Gülnar Əliyeva

Video – Foto: Pərvin Zeynal

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər