yun ayının 17-də Sumqayıt Şəhər İcra Hakimiyyətində 2025-ci ilin yay mövsümündə şəhər və qəsəbələrdəki Xəzərsahili çimərliklərdə əhalinin istirahətinin təşkili ilə bağlı geniş tərkibli iclas keçirilib. İclasda aidiyyəti qurumların nümayəndələri, sahə inzibati ərazi dairələri üzrə icra nümayəndələri, xidmət sahələrinin rəhbərləri və sahilyanı zonalarda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
İclasda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini yay mövsümündə əhalinin səmərəli istirahətinin təmin olunmasının, ictimai təhlükəsizliyin və sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, İcra Hakimiyyətinin 29 may 2025-ci il tarixli qərarına əsasən, şəhərin və qəsəbələrin sahilyanı ərazilərində yerləşən çimərliklərin fəaliyyətinin təşkilinə dair tapşırıqlar verilib və bu istiqamətdə hazırlıq işləri yekunlaşıb.
Təyin olunmuş qurumlar – Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, sahə nümayəndəlikləri, “Sumqayıt Bulvar” MMC, İstehsalat və xidmət sektoru və digər strukturlar tərəfindən sahilyanı zonalarda abadlıq və təmizlik işləri aparılıb, infrastrukturların fəaliyyətə tam hazır vəziyyətə gətirildiyi bildirilib. 15 iyun tarixindən etibarən bütün çimərliklərin fəaliyyətə başladığı vurğulanıb.
İclasda çıxış edən müvafiq qurum nümayəndələri ərazilərdə xilasetmə məntəqələrinin, iaşə və ticarət obyektlərinin təşkili, sanitar-gigiyenik vəziyyətin qorunması, nəqliyyat marşrutlarının təşkil olunması və əhalinin maneəsiz istirahətinin təmin olunması istiqamətində görülmüş və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Çimərliklərə girişin tamamilə pulsuz olduğu bir daha diqqətə çatdırılıb. Bildirilib ki, fiziki şəxslər və sahibkarlar tərəfindən yalnız göstərilən xidmətlərə görə haqq alınacaq, digər hallarda istirahət üçün əlavə rüsum yığılmasına yol verilməyəcək. Aidiyyəti qurumlara bu qaydalara ciddi nəzarət etmələri tapşırılıb.
İclasda həmçinin sahibkarlara sahilyanı ərazilərdəki obyektlərinin vizual görünüşünün yaxşılaşdırılması, hasar və divarların yenilənməsi, yaşıllıqların artırılması və tullantıların vaxtında daşınması ilə bağlı tövsiyələr verilib.
Sonda qeyd olunub ki, yay mövsümü ərzində çimərliklərdə xidmət keyfiyyətinin yüksəldilməsi, ictimai asayişin təmin olunması, dəniz və sahilyanı ekosistemin qorunması istiqamətində işlər davamlı şəkildə aparılacaq.
Müzakirə qapadılmışdır.