Sumqayıtda “COP29 və iqtisadi, siyasi, ekoloji inkişafda gənclərin rolu” mövzusunda Karyera Forumu keçirilib

363

Sumqayıtda “COP29 və iqtisadi, siyasi, ekoloji inkişafda gənclərin rolu” mövzusunda LevelUp Karyera Forumu keçirildi.

Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Gənclərin İnkişafı Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “COP29 və iqtisadi, siyasi, ekoloji inkişafda gənclərin rolu” mövzusunda karyera forumu keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra SDU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayaraq forumun əhəmiyyətindən danışdı. O, SDU-da dayanıqlı inkişafla bağlı reallaşdırılan layihələrə və universitetin iqlim dəyişikliyi siyasətinə toxundu. Həmçinin, Oxford Saïd Biznes Məktəbi ilə birgə COP29 ərəfəsində təşkil olunacaq “İqlim İdarəetmə Məktəbi” layihəsi haqqında məlumat verdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və dini qurumlarla iş üzrə təşkilatçısı Fərman Kazımov da çıxış edərək forumun əhəmiyyətini qeyd etdi. O, Sumqayıt şəhərində iqlim dəyişikliyi ilə mübarizə, salınan yaşıllıq zolaqları və ekoloji mühitin sağlamlaşdırılması üzrə görülən işlər barədə danışdı.
Daha sonra çıxış edən GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova Azərbaycan Gənclər Fondunun və GİKM-in fəaliyyəti barədə qısa, bu il ekoloji sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. O, gənclərin könüllü qismində cəmiyyətə necə fayda verə biləcəklərini və öz ideyalarını reallaşdıra biləcəklərini izah etdi.

Forumun “Gənclərin İnkişafı” adlı panelində GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova moderatorluq etdi. Paneldə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, SDU İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Rövşən Nəcəfquliyev spiker qismində çıxış etdilər. Çıxışlarda iqtisadi, siyasi və ekoloji məsələlərə dair aktual mövzular müzakirə olundu və gənclərin bu sahələrdəki potensialı vurğulandı.
Tədbirin sonunda fəal iştirakçılara təşəkkürnamələr təqdim edildi. Tədbirdə 400 nəfərdən çox gənc iştirak etdi.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər