Son günlər ölkə ərazisində, eləcə də Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hallarının artması fonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt Regional Qaz İstismar İdarəsində geniş tərkibli fövqəladə iclas keçirilib. İclasda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov, Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov, Fövqəladə Hallar Nazirliyinin, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Sumqayıt Bələdiyyəsinin, şəhər icra hakimiyyətinin struktur bölmələrinin, ərazi nümayəndəliklərinin və digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri iştirak ediblər.
Toplantının əsas mövzusu şəhər ərazisində son vaxtlar qeydə alınan dəm qazı ilə zəhərlənmə halları, bu hadisələrin səbəbləri və onların qarşısının alınması üçün görüləcək təxirəsalınmaz tədbirlər olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında bildirib ki, dəm qazı ilə bağlı hadisələr birbaşa insan həyatı üçün ciddi təhlükə yaratıdığından bu məsələ şəhər rəhbərliyi tərəfindən xüsusi nəzarətdə saxlanılır. O qeyd edib ki, problemlərin əsas səbəblərindən biri bəzi sakinlərin standartlara cavab verməyən məişət avadanlıqlarından istifadə etmələri, qaz istismar idarəsinin əməkdaşlarını müvafiq texniki baxış və müayinələr aparmaq üçün mənzillərə buraxmamalarıdır. Bu isə təhlükəli vəziyyətlərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına mane olur. Fərid Ələkbərov vurğulayıb ki, yaranmış problemlərin aradan qaldırılması məqsədilə əhali arasında genişmiqyaslı təbliğat-maarifləndirmə işləri aparılacaq. Onun sözlərinə görə, bundan sonra qaz istismar idarəsinin əməkdaşları yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birgə reydlər keçirəcək, sakinlərlə birbaşa təmas qurulacaq və təhlükəsizlik qaydalarına əməl olunması ciddi şəkildə nəzarətdə saxlanılacaq.
Daha sonra çıxış edən Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov bildirib ki, dəm qazı ilə bağlı baş verən hadisələrin böyük əksəriyyəti məhz mənzillərdə standartlara cavab verməyən avadanlıqların istifadəsi və qaz xəttinin düzgün çəkilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı bəzi ünvanlarda havalandırma sistemlərinin tələblərə uyğun olmadığı, tüstü bacalarının işləmədiyi və qaz qurğularının təhlükəli vəziyyətdə olduğu aşkarlanır. Sübhi Bayramov xüsusi olaraq diqqətə çatdırıb ki, texniki baxış zamanı aşkarlanan nöqsanlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı təqdirdə həmin ünvanların qaz təchizatı dayandırılacaq. O bildirib ki, bu addım cəza məqsədi daşımır, məqsəd insanların həyatını və sağlamlığını qorumaqdır.
İclasda çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri dəm qazının xüsusilə qapalı məkanlarda son dərəcə təhlükəli olduğunu, onun qoxusuz və rəngsiz olması səbəbindən insan tərəfindən hiss edilmədən ağır nəticələrə, hətta ölümlə nəticələnə bildiyini vurğulayıblar. Nazirlik əməkdaşları sakinləri qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıblar.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Sumqayıt Bələdiyyəsinin nümayəndələri isə yaşayış binalarında ümumi tüstü və ventilyasiya kanallarının vəziyyətinin yoxlanılacağını, problemli sahələrdə təmir və bərpa işlərinin aparılacağını bildiriblər.
İclas iştirakçıları Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək, qurumlar arasında birgə əməkdaşlığın gücləndirilməsinin dəm qazı ilə bağlı faciələrin qarşısının alınmasında mühüm rol oynayacağını qeyd ediblər.
Sonda qərara alınıb ki, şəhər ərazisində riskli ünvanların siyahısı hazırlanacaq, qeyri-standart qaz avadanlıqlarının istifadəsinə qarşı nəzarət sərtləşdiriləcək, sakinlərlə maarifləndirici görüşlər keçiriləcək və təhlükəsizlik tələblərinə əməl olunmayan mənzillərin qaz təchizatı müvəqqəti dayandırılacaq. Görülən tədbirlərin icrası isə mütəmadi olaraq nəzarətdə saxlanılacaq.




v



Müzakirə qapadılmışdır.