Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu ilə bağlı təqdimat oldu

927

Sumqayıt şəhərində “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu” layihəsi üzrə Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) mövzusunda geniş təqdimat və müzakirə keçirilib.

Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətində baş tutub. Giriş nitqi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, ölkədə xüsusilə Bakı və Abşeron yarımadasında artan su tələbatı fonunda yeni duzsuzlaşdırma zavodunun strateji əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, layihə çərçivəsində gündəlik təxminən 300 min kubmetr istehsal gücünə malik olacaq müəssisə müasir texnologiyalar vasitəsilə Xəzər dəniz suyunu təmiz içməli suya çevirməkdə mühüm rol oynayacaq.

Daha sonra ACWA Power şirkətinin direktor müavini Süleyman Babayev çıxış edərək layihənin texniki tərəfləri və region üçün faydaları barədə məlumat verib. O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında inşa ediləcək zavod həm dövlətin su təhlükəsizliyi strategiyasına uyğunluq təşkil edir, həm də regionda artan əhali və sənaye tələbatını qarşılamağa imkan verəcək.

Süleyman Babayev layihənin beynəlxalq tələblərə əsasən ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi prosesindən keçdiyini vurğulayıb. Layihənin həyata keçiriləcəyi ərazi — Sumqayıt sənaye zonasında, Xəzər dənizinin sahilinə yaxın 20 hektar sahə — müvafiq texniki və ekoloji meyarlar əsasında seçilib. Burada həm suyun alınması, həm də duzlu tullantının yenidən dənizə buraxılması üçün uyğun şərait mövcuddur.

Tədbirdə bildirilib ki, tikinti və istismar mərhələlərində yaranacaq təsirlər tam şəkildə nəzarətdə saxlanılacaq və bütün proses beynəlxalq ekoloji və sosial standartlara uyğun icra olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər