Sumqayıt şəhərində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə ümumşəhər bayram tədbiri təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək sakinləri və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, milli həmrəyliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilib. Bu gün uzun illər həsrətində olduğumuz milli birliyin möhkəmlənməsinə, azərbaycançılıq ideyasının formalaşmasına mühüm töhfə verib, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin əsasını qoyub.
Şəhər rəhbəri vurğulayıb ki, Azərbaycan dövləti və xalqı hazırda şərəfli və zəngin tarixi hadisələrlə dolu inkişaf mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövlətinin güclü Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər tarixini yazıb. 44 günlük Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimizin qazandığı qələbə müasir hərb tarixinə nümunə kimi daxil olub. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu tam şəkildə bərpa edilib. Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində, o cümlədən Ağdərə, Xocavənd, Xocalı və Xankəndidə qürurla dalğalanır.
Zakir Fərəcov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə davamlı inkişafın təmin edildiyini qeyd edərək, ötən ilin Sumqayıt şəhəri üçün də uğurlu olduğunu bildirib. Şəhər rəhbəri qarşıdakı dövrdə Sumqayıtda həyata keçiriləcək layihələr, görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verərək, sakinlərə firavan həyat arzulayıb.
Tədbir çərçivəsində şəhərin ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.
Bayram tədbiri respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.



Müzakirə qapadılmışdır.