Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbdə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, məktəbin direktoru Qönçə Səftərova, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin sədri Əsli Qasımova, pedaqoji kollektivin üzvləri, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın cəmiyyət və fərd üçün doğurduğu sosial, psixoloji və hüquqi problemlərdən bəhs ediblər. Ülviyyə Müzəffərova bildirib ki, erkən nikah həm gənc qızların təhsil imkanlarını məhdudlaşdırır, həm də onların cəmiyyətə fəal inteqrasiyasını əngəlləyir. O, bu cür halların qarşısının alınması üçün məktəb, valideyn və dövlət qurumlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıb.
Məktəbin direktoru Qönçə Səftərova isə qeyd edib ki, erkən nikah həmçinin ailə daxilində zorakılıq hallarının artmasına, analıq məsuliyyətinə hazır olmayan yeniyetmələrin fiziki və mənəvi çətinliklərlə üzləşməsinə səbəb olur.
Tədbirdə çıxış edən digər iştirakçılar gənclərin maarifləndirilməsinin, xüsusilə məktəb yaşlı uşaqlara ailə dəyərləri, hüquqlar və məsuliyyətlər barədə biliklərin çatdırılmasının vacibliyini diqqətə çatdırıblar.
Tədbir müzakirə formatında davam edib və iştirakçılar suallarını səsləndiriblər.
Müzakirə qapadılmışdır.