Sumqayıtda “Erkən Nikahlara Son” mövzusunda maarifləndirici tədbir keçirilib

190

29 aprel 2025-ci il tarixində Sumqayıt şəhər General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə “Erkən Nikahlara Son” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini, Gender Bərabərliyi Komissiyasının sədri Nərmin Mehdiyeva, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Aynur Eyvazova, Gimnaziyanın direktoru Qönçə Hüseynova, Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının üzvü, bələdiyyə üzvü, 31 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Reyhanə Rüstəmova, Komissiyanın digər üzvü və Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə komitəsinin sədri Solmaz Zeynəddinova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədr müavini, Komissiya sədri Nərmin Mehdiyeva qeyd edib ki, erkən nikah məsələsi sadəcə fərdi deyil, cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi sosial problemdir. O bildirib ki, erkən nikah uşaqlığın yarımçıq qalması, təhsilin yarıda saxlanılması, sosial hüquqların məhdudlaşdırılması və gələcək həyat imkanlarının əngəllənməsi deməkdir. Komissiya sədri çıxışında bu problemin qarşısının alınmasında hüquqi mexanizmlərin gücləndirilməsi, maarifləndirici tədbirlərin intensivləşdirilməsi və ailə institutunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nərmin Mehdiyeva əlavə edib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18-dir və bu yaşa çatmamış nikaha daxil olmaq qanunsuz hesab olunur. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericilik normativləri onların erkən yaşda məcburi nikaha cəlb olunmasının qarşısını almağa xidmət edir.

Tədbir çərçivəsində çıxış edən digər natiqlər erkən nikahın yaratdığı sosial, psixoloji və hüquqi fəsadlara toxunublar. Müzakirələr zamanı “Erkən nikahın təhlükələri nələrdir?”, “Uşaqların hüquqları necə müdafiə olunur?”, “Maarifləndirmə hansı istiqamətlərdə aparılmalıdır?”, “İnternet və sosial şəbəkələrin təsirindən övladlarımızı necə qoruya bilərik?”, “Təhsilə çıxış imkanları necə artırılmalıdır?” kimi suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçılar bir daha qeyd ediblər ki, bu kimi maarifləndirici tədbirlər cəmiyyətin maariflənməsinə, erkən nikah hallarının azalmasına və sağlam, təhsilli gəncliyin formalaşmasına mühüm töhfə verir.

Qeyd: Tədbirdə səsləndirilən “Bir uşaq həyatına qoyulan vaxtsız yük – gələcəyə xəyanətdir” fikri tədbirin əsas mesajı kimi iştirakçıların diqqətinə çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər