Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin həbs müddəti 4 ay uzadılıb.
“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində şəhər prokurorluğunun təqdimatı əsasında bununla bağlı qərar qəbul olunub.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.
Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
Müzakirə qapadılmışdır.