Sumqayıtda gənc həkimlərlə görüş keçirildi – FOTOLAR

679

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilən silsilə görüşlər davam edir.

Növbəti görüş Sumqayıtın Tarix Muzeyinin akt zalında gənc həkimlərlə keçirilib. Görüşdə millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının şöbə müdiri Cəbrayıl Əlinağıyev, Sumqayıt şəhər səhiyyə şöbəsi müdirinin müavinləri Bərxudar Məmmədov, Səkinə Sadıxova, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş pediatrı Xalidə Quliyeva və şəhərin tibb müəssisələrinin rəhbərləri, aparıcı həkimləri iştirak edib.

Görüşdə çıxış edənlər qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, səhiyyə müəssisələrinin təmiri və bərpası, müasir avadanlıqla təchiz edilməsi, xüsusilə regionlarda yeni tibb müəssisələrin yaradılması əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Gənc həkimlərlər keçirilən görüşdə son aylarda neftin qiymətinin aşağı düşməsi fonunda dünya iqtisadiyyatında baş verən proseslərə toxunulub. Baş verən hadisələrin ölkə iqtisadiyyatına təsir etdiyini vurğulayan natiqlər qeyd edib ki, hökumət yaranmış vəziyyətə çevik reaksiya verib, böhranın təsirini azaltmaq üçün geniş proqramın hazırlanmasına başlanılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasına, mövcud problemlərin həllinə yönəlib.

Millət vəkili Muxtar Babayev çıxışında qeyd etdi ki, artıq yanıvar ayında dördüncü görüşdür ki, təşkil olunur: “İlk görüşümüz “Azərikimya” İstehsalat Birliyində çalışan gənclərlə oldu. Gəncləri, bizi narahat edən mövzulara toxunuldu, gənclər onları narahat edən bir çox suallara cavab tapdı. İkinci görüş sahibkarlarla keçirildi. Sahibkarları narahat edən məsələlər ətrafında müzakirələr apardıq. Üçüncü görüşümüz şəhərin idman ictimaiyyətinin nümayəndələri ilə keçirildi. Bu görüşdə də şəhər idmançılarını maraqlandıran, onları narahat edən məsələlər ətrafında müzakirələr apardıq. Bütün bu görüşlər, müzakirələr geniş və səmərəli şəkildə aparılmışdır. Bu gün də biz sizlərin, gənc həkimlərin qonağıyıq. Bizim görüşlərin məqsədi odur ki, səmimi və açıq şəkildə sizləri narahat edən məsələlər ətrafında müzakirələr aparaq. Biz istəyirik ki, bu görüşlərin faydası olsun. Bunun üçün də biz birgə çalışmalı, müzakirələr aparmalıyıq ki, sizləri narahat edən məsələlərin həllinə öz töhvəmizi verə bilək.”

Millət vəkili Tahir Mirkişili qeyd etdi ki, biz millət vəkili olduğumuz üçün hər kəsi dinləyib, o fikirləri parlamentə daşımaq, ölkə rəhbərliyinə çatdırmaq bizim vəzifə borcumuzdur: “Ona görə də problemləri bilmək, onları axtarmaq, bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, bir-birimizi anlamaq bizim üçün də çox vacib və əhəmiyyətlidir. Mən iqtisadi siyasət komissiyanın üzvü olaraq bu gün baş verən proseslərdən, bunun səbəblərindən, çətinliklərindən, həm də həll yolları ilə bağlı bəzi fikir mübadiləsi aparmaq istərdim. Öncə qeyd edim ki, səhiyyə sahəsi, xüsusilə həkimlik ən qədim peşələrdən biridir. Səhiyyə ilə iqtisadiyyatın arasında çox böyük əlaqələr var. İqtisadiyyat təxminən bundan ibarətdir ki, dünyada bəlli sayda insan var, məhdud sayda resurs var, hər bir insane bu resurslar lazımdır.İqtisadiyyatın vəzifəsi bu resursları insanların arasında paylaşdırmaqdır. Kobud desək iqtisadiyyatın vəzifəsi budur. Amma bu paylaşma prosesi o qədər ədalətli, ədalətsiz və yaxud, sağlam, qeyri sağlam ola bilir ki, burda səhiyyənin rolu kifayət qədər böyükdür. Bu gün müasir dünyada səhiyyəyə iqtisadiyyatın bir qolu kimi yanaşılır. İqtisadiyyata səhiyyənin böyük təsiri vardır. Bu gün insana fiziki və mənəvi cəhtdən təsir edən amillərin içərisinə baxsanız bunun təxminən 50-55 faizi işlə bağlıdır. Yəni əgər insan xəstələnirsə və ya səhətində müəyyən problemlər yaranırsa bunun 50-55 faizi işdən qaynaqlanır. Bunun 20-25 faizi ətraf mühitlə bağlıdır. Bu ekologiyadır, yaşayış tərzidir, bu havadır, sudur və digər məsələlərdir. Yalnız 10-15 faizi səhiyyənin səviyyəsindən asılıdır. Bu o deməkdir ki, səhiyyə nə qədər inkişaf edir etsin, səhiyyəyə nə qədər çox investisiya qoyulur qoyulsun, həkimlər nə qədər bilir bundan dad aha çox bilsin, bunların insan səhhətinə təsiri 10-15 faizi keçmir. Deməli insanın sağlamlığına ən azı 50-55 faiz iqtisadiyyatın təsiri var. İqtisadi tərəfdən baxsaq ümumilikdə götürsək işlər inkişaf istiqamətində getmişdir. Təbii ki, burada problemlər də var. Təbii ki, Azərbaycan insanlarının Azərbaycan Səhiyyəsinə inamsızlığı da var. İnsanların bir qisminin Azərbaycan həkimlərinə inamsızlığı var. O insanlar bəzən xaricə üz tuturlar, bəzən qonşu ölkələrə gedirlər. Burda psixoloji durum da var. Amma ümumilikdə götürsək bu insanların az bir hissəsini təşkil etdiyini görərik. O da ondan ibarətdir ki, insane psixologiyasında belə bir yanaşma var ki, bəzən kənarda bizdən daha ağıllıdırlar, bizdən daha çox bilirlər.

Məsələn 2005-ci illə 2015-ci ili müqayisə etsək əmək qabliyyətli insanların 2005-ci ildə ümumi əhalidə çəkisi 65 faiz olub. Amma 2015-ci ildə bu rəqəm 70 faiz olub. Və yaxud iqtisadiyyatda ən önəmli məsələlərdən biri uzun ömürlülüklə bağlıdır. İnsan nə qədər uzunömürlü olursa o qədər əmək ehtiyyatı artır. Əgər 2005-ci ildə 70 və 70 yaşdan yuxarı insanların ümumi əhalidə çəkisi 3, 6 faiz idisə 2015-ci ildə bu rəqəmartıq 4 faiz olub. Əgər 1 yaşına qədər olan uşaqların ölüm halları 2005-ci ildə ümumi əhalinin 0,02 faizi idisə, 2012-ci ildə bu rəqəm 0, 01 faiz olub. Bu dediyim göstəricilər sırf iqtisadi baxımdan, Azərbaycan iqtisadiyyatını dəstəkləmək üçün çox böyük əhəmiyyət kəsb edir. Əhali nə qədər sağlam olursa, əhali sağlamlığına nə qədər fikir verirsə o qədər də iqtisadiyyat artır. Çünki bugünkü müasir iqtisadiyyat insan kapitalı üzərində qurulub. Əhali nə qədər artırsa iqtisadiyyat o qədər inkişaf edir. Azərbaycan əhalisi bildiyimiz kimi artır, artıq 9,7 milyon nəfərə çatmışıq. Bu özü iqtisadiyyatın böyüməsi üçün çox böyük bir səbəbdir. Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, Azərbaycan iqtisadiyyatı çox sürətli bir keçid mərhələsinə daxil olmuşdur. Bildiyimiz kimi Azərbaycan manatı ötən il 2 dəfəyə yaxın devalivasiya olmuşdur. Bu hadisələr insanların sağlamlığına, psixi durumuna, eyni zamanda dözümlülüyünə çox böyüktəsir göstərir. Əvvəlki dövlətlərin təcrübəsi göstərir ki, bu hadisələr insanlara mənəvi-psixoloji cəhətdən təsir etdiyi üçün insanlar alış qərarları verməyə tələsmirlər. Bu isə iqtisadiyyata çox böyük təsir edir.

Son bir ay ərzində qəbul olunmuş qərar və qanun layihələri ölkəmizdə iqtisadi və social həyatın dəyişməsi üçün çox böyük bir addımlardır.

Amma bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, bu məsələrin insanlara çatdırılmasında çox böyük ehtiyac var. Məhz bu məqsədlə də biz bu gün burdayıq. Problemlər, çətinliklərin nədən ibarət bunları bilək.

Manatın iki dəfə düşməsi problemler yaratdı ki, qiymətlərdə süni artımlar olsun. Bəzən təbii artımlar oldu, çünki elə məhsullar var ki, idxaldan gəlir.

Mən bir məsələni də qeyd etmək istəyirəm ki, devalivasiya olan heç bir ölkədə ölkə rəhbərliyinin sərancamı ilə məvaciblərdə artım edilmir. Bundan başqa bildiyiniz kimi çörəyin qiymətini tənzimləmək üçün çörək və buğda məhsulları əlavə dəyər vergisindən azad olundu. Bizim hesablamalarımıza görə tək bu fərman hər il 200 milyon vəsaitin insanlarda qalmasına kömək edir. Tək bu deyil. Əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edildi. Əhali tərəfindən banklara qoyulmuş əmanətlər tam sığortalanır. Ümumi hesablamalara görə ölkə prezidentinin son 1 ayda verdiyi fərmanlar ölkədə əhalinin xeyrinə hər il 500-550 milyon manatdan imtina etmək dəyərindədir.

Bizim keçirdiyimiz bütün görüşlərin, bir-birimizi anlamağın yeganə məqsədi ondan ibarətdir ki, biz birləşərək bu proseslərdən keçərək daha böyük bir xoşbəxt gələcək qurmalıyıq.”

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. (sumqayitxeber.com)








www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər