Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi, Narkoloji Dispanser və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə noyabrın 30-da Sumqayıt Musiqi Kollecində “Gəncləri Dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı maarifləndirici görüş keçirilib.
Trend xəbər verir ki, görüşün keçirilməsində məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı maarifləndirmək, cəmiyyət üçün narahatlıq doğuran dövlət – vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi dəyərlərinə, milli düşüncə sisteminə zərbə vurmağa istiqamətlənmiş hərəkətlərdən qorumaqdır.
Tədbirdə kollecin direktoru Səbinə Mehdiyeva mövzunun əhəmiyyətindən, narkomaniyanın yeniyetmə və gənclərin şəxsiyyətinin, sağlamlığının inkişafına mənfi təsirindən danışaraq bu bəladan qorunmanın vacibliyini qeyd edib.
Daha sonra Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə çıxış edərək respublikamızda narkomaniya və narkobizneslə mübarizənin yüksək səviyyədə aparıldığını bildirib, şəhərimizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizədən, dini radikalizm və ekstremizmin qarşısının alınmasından irəli gələn vəzifələrdən danışıb, qabaqlayıcı əməli-profilaktik tədbirlərin mütəmadi həyata keçirildiyini qeyd edib.
Şəhər polis idarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin əməkdaşı Ülvi Məmmədov və Narkoloji Dispanserin həkimi Vüsal Bəşirzadə bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniyanın gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlanın vurduğu zərərlərdən, törətdiyi fəsadlardan geniş bəhs edərək zərərli vərdişlərdən uzaq olmağı gənclərə tövsiyə ediblər.
Müzakirə qapadılmışdır.