Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib.
Layihənin budəfəki konserti Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Heydər Əliyev fondunun yaranmasının 20 illiyinə həsr olunub.
Layihə rəhbərləri Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artistlər xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovun iştirakı ilə Sumqayıt Muğam Mərkəzində keçirilən tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
İncəsənət ustaları öz möhtəşəm çıxışları ilə izləyicilərdə xoş ovqat yaradıblar.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, xalqımız xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müasir, müstəqil, qalib Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir.
Vurğulanıb ki, “Gəncləşən muğam” layihəsi Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Müzakirə qapadılmışdır.