Son illər ərzində Sumqayıt şəhəri sürətli inkişaf yolu keçərək müasir və abad yaşayış məkanına çevrilib. Xüsusilə son 10 ildə həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma işləri nəticəsində şəhərin infrastrukturu yenilənib, park və xiyabanlar salınıb, küçə və prospektlər əsaslı şəkildə abadlaşdırılıb. Bu gün Sumqayıt həm təmizliyi, həm də müasir görünüşü ilə ölkənin diqqət çəkən şəhərlərindən biri kimi seçilir.
Qeyd edək ki, şəhərin bu cür inkişafında təmizlik və abadlıq işlərinin düzgün təşkili də mühüm rol oynayır.
Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları günə erkən saatlardan başlayaraq şəhərin küçə və prospektlərində genişmiqyaslı təmizlik işləri həyata keçirirlər. Onlar yolların süpürülməsi, məişət tullantılarının vaxtında yığılaraq daşınması, konteynerlərin təmiz saxlanılması və ümumi abadlıq işlərinin görülməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər. Eyni zamanda parklar, xiyabanlar, yaşıllıq zolaqları və istirahət məkanlarında da mütəmadi olaraq təmizlik və səliqə-sahman işləri aparılır.
Şəhərin əsas yollarında və intensiv istifadə olunan ərazilərdə xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla ətraf mühitin təmizliyi daim nəzarətdə saxlanılır. Görülən işlərin səmərəliliyini artırmaq məqsədilə bütün proseslər əvvəlcədən müəyyən edilmiş plan üzrə təşkil olunur. Əməkdaşlar konkret ərazilər üzrə bölgü əsasında fəaliyyət göstərir, nəzarətçilər isə gün ərzində mütəmadi yoxlamalar apararaq işin keyfiyyətinə nəzarət edirlər.
Bu gün Sumqayıtda müşahidə olunan səliqə-sahman, küçə və prospektlərin təmizliyi, parkların baxımlı vəziyyəti məhz bu zəhmətkeş kollektivin gündəlik əməyinin nəticəsidir. Günün istənilən vaxtında şəhərin müxtəlif nöqtələrində çalışan təmizlik işçiləri səssiz, lakin böyük fədakarlıqla fəaliyyət göstərərək Sumqayıtın nümunəvi şəhər kimi formalaşmasına öz töhfələrini verirlər.


Müzakirə qapadılmışdır.