Sumqayıt Şəhər Polis İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Polis İdarəsinin inzibati binasında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Polis rəisi qeyd edib ki, Ulu Öndərimizin Azərbaycan xalqının zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
O bildirib ki, müstəqilliyin möhkəmlənməsində daxili işlər orqanlarının fəaliyyəti daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub.
Daha sonra qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini uğurla inkişaf etdirən dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni zəfərlərə doğru inamla irəliləyir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov isə qeyd edib ki, azadlıq, müstəqillik yollarında bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifələrini yazmağa indi də davam edir.
H.Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı: “Qürur hissi ilə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar”.
Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis mayoru Asəm Eyvazov ulu öndərin ölkə gənclərinə göstərdiyi diqqət və qayğından danışdı. Polis mayoru qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və bu daxili işlər orqanlarında da prioritet istiqamətlərdən biridir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdən sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Sumqayıtda Dənizkənarı bulvar ərazisində ağacəkmə aksiyasına qoşulublar. İdarənin şəxsi heyəti tərəfindən 100 ədəd Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Müzakirə qapadılmışdır.