Sumqayıtda “heyvansevərlər”in təşkil etdiyi şounun PƏRDƏARXASI

1239

Ötən gün sosial şəbəkələrdə paylaşılan video geniş müzakirəyə səbəb olub. Videogörüntüdən aydın olur ki, haradasa ölmüş iki itin leşini bir neçə “heyvansevər qadın” çiyinlərinə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına gətirir. Sonra da itin leşini kisələrdən çıxararaq onların qəddarlıqla öldürüldüyünü sübut etməyə çalışırlar.

Amma videoya baxarkən bir neçə məqam diqqət çəkir. Birincisi, qadınların geyimi və davranışı təəccüb doğurur.

Məişət paltarında olan iki qadın it leşləri ilə davranışda heç bir sanitar-gigiyenik qaydaları gözləmirlər. Leşləri yalın əlləri ilə o yana-bu yana çevirirlər. Bu zamansa yaxınlıqdan qadın və uşaqlar keçir.

“Heyvansevərlər” leşləri əlləşdirərkən itin quduzluqdan və yaxud digər qorxulu xəstəliyə görə zərərsizləşdirildiyini sanki unudurlar. Bununla da onlar həm özlərinin, həm də ətrafdakı insanların həyatına ciddi təhlükə yaratmış olurlar.

Videoda diqqət çəkən ikinci vacib məqamsa odur ki, hadisəni lentə alan qadın əcnəbi dildə danışır. Əcnəbi dildə danışan qadının hansı ölkənin vətəndaşı olmasını aydınlaşdırmaq çətin olsa da, bir məsələ aydındır ki, bu “tədbir” qabaqcadan hazırlanıb və xüsusi məqsəd daşıyır.

Çünki, videonu çəkən qadın “heyvansevərlər”dən daha əvvəl hadisənin baş verəcəyi yerə gəlib.

Üstəlik, leş daşıyan qadınlar da həmin qadının göstərişlərini icra edirlər. Bu da onu göstərir ki, lentə alınan hadisənin hədəfi heyvanlara qarşı törədilmiş qəddarlığı pisləmək yox, bu mənzərəni xarici ölkələrə çıxarıb, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyır.

Bu isə təəccüb və təəssüf doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşviq Məmmədli bildirdi ki, Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı qələbə və Prezident İlham Əliyevin həyata keçirdiyi geopolitik siyasət bir sıra dövlətləri ciddi narahat edir:

“Həmin dövlətlər də Azərbaycanın uğurlarına kölgə salmaq üçün bütün vasitələrdən istifadə edir. O cümlədən də vətəndaş cəmiyyətində problemlərin olmasını, bəzi hüquq və azadlıqların pozulmasını  gündəmə gətirmək istəyirlər. Sumqayıt icra hakimiyyətinin qarşısında lentə alınanları mən də təəssüf hissi ilə izlədim. Bu sırf təxribatdır, dövlət strukturuna atılan çamurdur”.

Millət vəkili ölkəmizdə heyvanların qorunması istiqamətində zəruri qanunvericilik bazasının yaradıldığını qeyd edib:

“Dövlət və QHT-lər tərəfindən də heyvanların müdafiəsi üçün davamlı layihələr həyata keçirilir. Sahibsiz itlərin qorunması və insanlara zərər verməməsi üçün də profilaktik işlər görülür. Mərkəzi şəhərlərdə heyvan sığınacaqları inşa olunub. Eləcə də sahibsiz itlərin qısırlaşdırılması istiqamətində işlər gedir, quduzluğa və digər xəstəliklərə qarşı davamlı vaksinasiya aparılır. Bununla belə çox təəssüf ki, bəzi insanlar özlərini “Papadan da qatı katolik” kimi göstərmək istəyirlər. Həmin adamlar hardasa bir heyvanın ölümünü siyasi şouya çevirməyə çalışırlar. Belə addımlar, təbii ki, məqsədlidir. Və bu da təəssüf doğurur”.

Mənbə: https://bizim.media/az/cemiyyet/142901/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər